Şirkətlər vergi və sosial sığortadan necə yayınır? –ARAŞDIRMA
Azərbaycanda həyat sığortasına yatıranlar pulların həcmi artıb.
Yenixeber.org: Bunu son statistika da təsdiq edir. Bu ilin yanvar-mart ayları üzrə həyatın yaşam sığortası üzrə yığımlar 56,7 % artaraq 28,950 milyon manat olub.
Yaşam sığortası yatırılan pullar 10,5 milyon manat artıb
Başqa sözlə, həyatın yaşayış sığortasına yatırılan pulların həcmi, 10,473 milyon manat artıb. Halbuki, ötən ilin birinci rübündə bu sığorta növü üzrə toplanan sığorta haqlarının ümumi həcmi 18,477 milyon manat təşkil etmişdi. Müqayisə üçün, Azərbaycan sığorta bazarında kütləviliyi ilə daha çox seçilən avtomobillərin icbari sığortası üzrə ilin birinci rübündə 17,461 milyon manat sığorta haqqı toplanılıb. Bəs həyatın yaşam sığortasında birdən-birə bu qədər böyük artım nə ilə bağlıdır?
Hətta bankirlər də pulunu bura yatırır
Qeyd edək ki, həyatın yaşam sığortası əlavə yatırım kimi də dəyərləndirilir. Sığorta ekspertləri bildirirdilər ki, ölkədə yaranan iqtisadi durğunluqdan sonra digər investisiya sahələrinə maraq azalması yaşam sığortasına yatırım sığortasını cəlbedici edib. Hətta, ölkədə bankirlər özləri də pullarını həyatın yaşam sığortasına etibar edirlər.
Şirkətlər yaşam sığortası ilə əlavə xərclərdən xilas olmağa çalışırlar
Bəzi ekspertlər isə bunu son dövrlərdə iqtisadi qanunvericilikdə edilən bir sıra dəyişikliklərlə izah edirlər. Belə ki, Vergi Məcəlləsinə, “Nağdsız hesablaşmalar haqqın”da və digər qanunlara dəyişikliklər edilməsi ölkədə fəaliyyət göstərən, sahibkarlar və şirkətlərin xərclərini xeyli artırıb. Əmək müqaviləsi ilə işçi saxlamaq isə şirkətlər üçün əlavə yükdür. Məsələn, şirkət bir işçiyə 1000 manat əmək haqqı verirsə, bununla yanaşı 390 manat vergi və sosial sığorta haqqı ödəyir. Vergi və sosial sığorta xərclərinin bir hissəsindən xilas olmağı yeganə yolu həyatın yaşam sığortasıdır. Nəticədə şirkətlər işçilərinin əmək haqlarının bir hissəsini həyatın yaşam sığortasına yönəldirlər. Bu isə həyatın yaşam sığortasına ayrılan vəsaitlərin kəskin artmasına səbəb olub.
İşçiləri üçün motivasiya: vergi, sosial sığorta və 5% depozit gəliri
Sığorta eksperti M. Abbasbəyli fins.az-a bildirir ki, qanuna əsasən əmək haqqından həyatın yaşam sığortasına ayrılan məbləğ vergi və sosial sığortadan azaddır. Yəni, yaşam sığortasına görə ayrılan məbləğə hesablanan vergi və sosial sığorta sonda işçiyə qayıdır. Bununla da şirkət dolayı yolla xərclərin bir hissəsindən azad olur. Hər ay əmək haqqının bir hissəsindən yaşam sığortasına yönəldilən məbləğ müqaviləyə əsasən 3-5 ildən sonra sosial sığorta haqqı, vergiyə ayrılan məbləğ və 5% depozit faizi ilə birgə işçinin özünə qayıdır. Bu isə şirkətləri xərclərin bir hissəsindən xilas etməklə yanaşı, işçilər üçün əlavə yatırım imkanı deməkdir. Ona görə də hər iki tərəf üçün sərfəlidir.
“Vergi və sosial sığortadan belə yayınma tam qanunidir”
M.Abbasbəyli əlavə edib ki, şirkətlər əmək haqlarının bir hissəsini həyatın yaşam sığortasına yönəltməklə vergi və sosial sığortadan nisbətən yayınmağa çalışırlar. Bununla belə, bu tam qanunidir və hökumət həyat sığortasına marağın artırılması üçün bu sığortaya yatırılan vəsaitləri sosial sığorta və vergi xərclərindən azad edib. (Fins.az)