Son günlər kosmetoloq Elnarə Rzayevanın həyata keçirdiyi prosedurlar nəticəsində "parçalanan dodaqlar" mövzusu gündəmdən düşmür. Hər gün bir pasienti kosmetoloqun ona etdiyi müdaxilədən sonra yaralar əmələ gələn dodaqlarının şəklini yayaraq, polisə şikayət edir. Hamını dodaqları bu hala gətirən maddənin nə olduğu maraqlandırır. İlk əvvəl dodaqların böyüməsinə səbəb olan bu maddələrin nə olduğunu öyrənməyə çalışdıq.

Yenixeber.org: odaqların həcmini böyütmək üçün iki vasitədən istifadə olunur: geoleron turşusu – təbii dolğu və biopolimerlər. El arasında sintetik dolğu kimi tanınan biopolimerlərin bədənin hansısa bir hissəsinə vurulması qadağandır. Bu dolğular ümumiyyətlə, icazəsiz istehsal edilir. Qalıcı olduğundan bir çox kosmetoloq müştəriyə bunu məsləhət görür. Amma dünyada qalıcı dolğu anlayışı yoxdur və heç bir peşəkar-kosmetoloq müştərisinə bunu məsləhət görmür.

"İstanbul NS" Klinikasının rekonstruktiv və estetik cərrahı Dilqəm Məmmədov əməkdaşımızla söhbətində bildirib ki, biopolimerlər orqanizmdə bir çox problemlərin yaranmasına səbəb ola bilər:

“Təbii dolğular vurulan dodaqlar heç vaxt bu hala gələ bilməz. Çünki onları parçalayan maddələr var. Eyni zamanda da özü 6 ay ərzində əriyib gedir. Biopolimerin bu gün ABŞ-da belə istehsalı yoxdur. Peşəkar plastik-cərrah və kosmetoloqlar onu tanımırlar. İlk növbədə deyim ki, istifadə edilən dolğular bölgələrə görə dəyişir. Göz altına geoleron turşusu vura bilməzsiniz, ancaq işıq dolğusu vura bilərsiniz. Dolğunun tərkibi önəmlidir. Bundan daha çox önəmli olanlardan biri də dolğunu edənin biliyidir. Plastik cərrahiyədə bir zonlar var, ona təhlükəli bölgələr deyirik. Buralara hansısa bir müdaxilə ediləndə uzaq durmağa çalışırıq. Məsələn, alt və üst dodağı qidalandıran damarın onun haradan keçdiyini bilmirsinizsə, dodaq haqqında anatomik biliyə sahib deyilsinizsə, müdaxilə düzgün deyil. Düzgün vurulmayan bir dolğu mexaniki olaraq damarı tıxamış olar. Bu zaman dodağı qidalandıran damar pozulduğu üçün hüceyrələr ölür və yaralar əmələ gəlir”.



Kosmetoloqun dodaqları parçalamaq üçün istifadə etdiyi parçalayıcı geolerondiaz maddəsi var. Əgər təbii dolğu etdirdiyiniz zaman, xoşunuza gəlmirsə, bu maddədən bir damcı vurulması onu parçalayacaq və dodağınız əvvəlki halına gələcək. Bunun da miqdarı var. Ondan 0,2 ml istifadə etmək böyük bir parçalama yerinə yetirir. Yəni istifadə edilərkən dodaqdakı elastik bağlantı qoparılmamalıdır. Bəzən sintetik dolğu olan dodağa bu maddəni vururlar ki, bu da yaraların yaranmasına, son günlər gördüyümüz dodaq mənzərələrinin ortaya çıxmasına gətirir.

D.Məmmədov bildirir ki, sintetik dolğudan xilas olmağın tək əlacı plastik müdaxilədir:

“Əgər kosmetoloq deyirsə ki, biz bir iynə vurmaqla sintetik dolğudan xilas olacaqsınız, yalandır. Bu maddə sintetik dolğuya vurulduqda qidalandırıcı mikozası – selikli gişası və dərisi pozulur. Bəslənmə pozulur, hüceyrələr ölür. Kimyəvi olaraq problemlər ortaya çıxır. Damar ölməyə başlayır. Yaralar açılır, qan gəlir. Ölmüş hüceyrəyə qan gəlirsə, o yaşamır, daha da parçalanır. Dodaq cürüməyə doğru gedir. Dodaq dəyişə bilən, hissiyata sahib olan bir orqandır. Hərəkət edə bilir və damarları var. Selikli gişa olduğu üçün dodaqlar bir-birinə yapışmır. Amma hüceyrələr öləndə, selikli gişa yox olur, yaralar başlayır və alt dodaqla üst dodaq bir-birinə yapışır. Ciddi şəkildə problemlər yaradır. Dolğu minimal bir işləmdir, qısa vaxtda edilə biləcək bir proses deyil. Dodaq anatomiyasını bilmək lazımdır. Kosmetoloqa gedəndə də istifadə edilən maddəyə, qutuya baxın. İcazəsi yoxdursa, istifadə edilməsinə imkan verməyin. Xanımlara məsləhət görürəm ki, qalıcı müdaxilələr etməsinlər”.



Biopolimeri cərrahi yolla çıxartdıqda belə problemlər aradan qalxmır. Plastik-cərrah deyir ki, bunun da bir çox fəsadı ortaya çıxa bilər:

“Həkim-kosmetoloqlar var, bir də olmayanlar… Peşəkar kosmetoloq heç vaxt sintetik dolğunu maddə ilə parçalamağa çalışmaz.

Cərrahi müdaxilə çox da çətin deyil, amma asan prosedur da olmur. Əvvəl dodağın anatomiyasını bilmədən girib dolğunu çıxarsanız, dodağın bir hissəsin kəsmiş olursunuz. Bu zaman sinirin bir hissəsi getdiyi üçün qalıcı keyimələr əmələ gəlir. Əməliyyat sahəsində keçici keyimə olursa, normaldır. Dodaq əzələlərini qorumaq məcburiyyətindəyik. Biz dolğu olan bantları çıxarmalıyıq. Əzələlərin 30 faizini çıxarırsınızsa, bu zaman problemlər yaranacaq. 30 faizdən aşağı düşməməlidir. Bu əməliyyatı biz lupa ilə edirik. Dolğu çıxarılandan sonra isə şəkilləndirmə lazımdır. Düzgün şəkilləndirmirsinizsə, deformasiya yaranır. Qalıcı deformasiyalar cərrahi problemdir. Dolğuları çıxardıqda daş qıvamında olur. Dodaq əzələsi qırmızıdır, amma ortasındakı bant bəyazdır. Bu bəyaz lent sintetik dolğudur. Buna görə də kənardan asan seçilir”.



Bu yaxınlarda biopolimeri alına vurduran bir şikayətçini də gördük. Hətta onun çıxarılması üçün məşhur parçalayıcı maddədən də istifadə edilmişdi.

D.Məmmədov deyir ki, sintetik dolğuları nəinki alına, gözaltına vuran kosmetoloqlar da var:

“Alında ciddi reaksiya verir. Onu əməliyyat zamanı qaşıyıb çıxarsanız da, allergik reaksiyası qalıcıdır. İstifadə edilən dolğu əzələ altına, üstü və sümük üstünə qədər edilirsə çıxara bilirik. Dərinin içinə ediləni isə çıxarmaq olmur. Onu dəri ilə birlikdə çıxarmalıyıq. Bu zaman da iz qalır, qaşlar bir-birinə yaxınlaşır”.

BƏS GÖRƏSƏN, BU SİNTETİK DOLĞULAR DODAQDA VƏ YA BAŞQA BÖLGƏLƏRDƏ DAİMİ QALA BİLMƏZ?

Plastik-cərrah bununla bağlı sualları da cavablandırıb. O bildirib ki, cərrahi müdaxilə yalnız bəzi hallarda edilməlidir:

“Plastik müdaxilənin birinci səbəbi xərçəng xəstəliyi yaratmasıdır. Bu dolğularda xərçəng riski böyükdür. Onsuz da hamısını çıxara bilmirik. Səksən faizini təmizləyirik. Bir miqdar qaldığında reaksiya vermirsə, problem yoxdur. Dodaqda quruma, çatlama varsa, dərisi soyulursa, qaşınırsa, sərtləşmə varsa, mütləq çıxarılmalıdır. Amma heç bir problem olmadığı halda, qalması mümkündür”.



Elnarə Rzayevanın bir pasienti isə dodaqlarının yapışıb, bitişdiyini demişdi. Bildiyimiz kimi, dodaqda onların yapışmasına əngəl olan selikli gişa var. Bu da heç bir halda alt və üst dodağı bir-birinə yapşdırmaz. Kosmetoloq bir açıqlamasında isə dodaqların bu hala gəlməsinin normal olduğunu deyib. O söyləyib ki, dodaqlar bu hala gəlir, müəyyən vaxtdan sonra isə zamanla sağalır.

Həkim deyir ki, dodağın yapışması selikli gişanın məhv olması deməkdir:

“Əgər dodaq bu şəkillərdəki kimi hala gəlibsə, bunu ancaq plastik cərrahiyə ilə sağaltmaq lazımdır. Bunu ancaq peşəkar cərrah etməlidir. Çünki biz ora başqa yerlərdən selikli gişa götürüb qoyuruq. Bunlar hətta plastik cərrahın da işi deyil. Ciddi bir problemdir ki, aradan qaldırılması üçün protokol təqdim edilməlidir. Bu cür dodaqların öz-özünə sağalması mümkün deyil. Medikal və cərrahi müdaxilə olmadan geriləmə olmayacaq. Əgər müdaxilə olunmasa, o maddə vücudu əridəcək. Dodaq qalmaz... Üst-üstə dodağını bağlaya bilməyən, hissiyatını itirən biri olacaqsınız. Bu cür insanlar var, müalicəsini aparırıq. Amma ciddi bir işdir, diqqətli olsunlar. Geoleron turşusu orqanizmimizdə həzm olunur. Orqanizmdə onu parçalayan maddələr var. Hər gün bir az parşalayır və suya dönər böyrəklərdən süzülüb, bədəndən çıxar”.

"KİMYATERAPİYADAN İSTİFADƏ ETMƏK TİBB ELMİNƏ ZİDDİR"

Bu yaxınlarda isə belə bir söz eşitdik ki, guya dodaqlara kimyaterapiya zamanı istifadə edilən maddə vurulub. Onlar dodaqdakı hüceyrələri parçalayır, əridir, nəticədə dodaqda ancaq sintetik dolğu qalır. Pasient də elə düşünür ki, dodağı balacalaşdı, dolğudan xilas oldu. Düzdür, kimyaterapiya çox ciddi bir prosedurdur, onun adı kosmetoloqlar tərəfindən əldə edilməsi mümkünsüzdür.

Dilqəm Məmmədov bunun doğru olmadığını söyləyib:

“Kimyaterapiyanı hər mərkəz edə bilməz, ancan onkoloji mərkəz edə bilər. Dərmanlar ora gəlir, onları gedib asan ala bilməzsiniz. Bunların damar xaricinə çıxması fəlakətdir. Bir xərçəng xəstəsinə ediləndə belə həkimlər ekstravazasiyadan - damar xaricinə çıxmasından qorxur. Bu zaman maddə hər şeyi əridir. Kimyaterapik bir maddəni alıb, özəl mərkəzdə istifadə etmək olmaz. Səhiyyə Nazirliyi buna icazə verməz.

Belə bir şey edilibsə, ciddi və təhlükəli bir işdir. Bütün hüceyrələrin ölümü deməkdir. Xərçəng olan xəstə kimyaterapiya alanda ancaq dərmanın damara getməsi lazımdır. Kimyaterapiyanın xərçəngdən əlavə üç halda istifadə edilməsi mümkündür. Bu zaman damar cihaza bağlanır, ayrılır və ora yeridilir. belə bir müdaxilə tibbə ziddir. Dünyada baş verən bütün tibbi yenilikləri izləyən bir adamam, belə bir şey eşitmədim. Buruna dolğu edəndə belə damarın harda olduğuna ciddi diqqət etməlisiniz".

Həkim deyir ki, sintetik dolğunu parçalayan maddə hələ dünyada icad edilməyib:

"Çünki onların istifadəsinə icazə yoxdur. Bunun parçalayan maddə niyə icad edilməlidir?”.(axşam.az)