Son zamanlar kosmetoloqlara müraciət edənlərin və bu cür xidmət təklif edən həkimlərim sayı çoxalıb.
Yenixeber.org: Plastik əməliyyatdan çəkinən ancaq özünə görünüşündə kompleks etdiyi, qüsur kimi gördüklərini düzəltmək üçün müxtəlif adda kosmetoloji xidmətlərdən istifadə edirlər.
Bu yolla dodaqları böyütmək, burnu kiçiltmək, qaşları qaldırmaq, qalınlaşdırmaq, üzdəki səpkiləri aradan qaldırmaq, dəriyə qulluq, ət xallarının götürülməsi hətta əyri ayaqların düzəldilməsi belə mümkündür.
Ancaq heç də hər kəs bu prosedurlardan razı qalmır. Nəzərə alsaq ki, sadəcə 2-3 aylıq kurs bitirməklə kosmetoloq kimi çalışanlar var, üstəlik məhəllə arası kiçik gözəllik salonlarında belə epilasiya aparatını idarə edə bilənlər özlərini kosmetoloq adlandırır, baş verəcək fəsadları öncədən müəyyən etmək mümkündür.
Son günlər isə məşhur kosmetoloqlardan biri Elnarə Rzayevanın adı uğursuz prosedurda hallanır. Şikayətçi Validə Firudinova kosmetoloqun ona yalan vədlər verdiyini, burnunu kiçiltmə üçün iynə vursa da, heç bir nəticənin olmadığını deyib. Hətta V.Firudinova həkim-kosmetoloqun onun burnunun şəklini fotoşop etdiyini iddia edib.
Gözəlləşmək arzusunda olan qadınların qaşını düzəldərkən gözünü çıxaran kosmetoloqlar özlərinə müştəriləri daha çox “İnstagram” sosial şəbəkəsi vasitəsilə cəlb edirlər.
Öz əl işlərini “öncə-sonra” şəklində paylaşan, tanışlarına şəkillərə rəy yazıb onu tərifləməyi xahiş edən, hətta saxta profillərdən özünə rəy yazan kosmetoloqlar müxtəlif kampaniyalar, endirimlər nəticəsində bir çox qadını həvəsləndirir.
“İnstagram”dakı reklamları görüb “Bella-2” gözəllik salonuna müraciət edən xanımlardan biri oradakı epilasiya prosedurunun yerinə yetirildiyi şəraiti gördükdən sonra dərhal mərkəzdən uzaqlaşıb.
Onun sözlərinə görə, salon şəhərin mərkəzində yerləşsə də, epilasya aparatı yarımzirzəmi, qaranlıq havasız bir otaqdadır. Üstəlik burada heç bir gigiyeniya qaydası gözlənmir, təmizlik gec-gec həyata keçirilir, eyni anda bir neçə xanımım bu otağa daxil olmasına icazə verilir.
Üz pilinqi üçün başqa bir mərkəzə müraciət edən xanım da özünü kosmetoloq kimi təqdim edən xanımın haradan məzun olduğunu öyrənmək istəyib. Sonda xanımın həkim olmadığı sadəcə bir neçə kurs bitirdiyini öyrənib və prosedurdan imtina edib.
Saç tükünün dırnaq qırığına qarışdığı bu yerdə həyata keçiriləcək hansısa prosedurun necə zərərli olacağını anlayan qadın, burada dodağını şişirdən, burnunu qaldıran qadınları heç cür anlaya bilmədiyini söyləyib.
“İnstagram” və “Facebook” sosial şəbəkələrində yüzlərlə kosmetoloq profilinə rast gəlmək mümkündür. Xüsusi təhsil tələb edən bu sahədə son bir neçə ildə bu qədər mütəxəssisin necə yetişdiyi maraqlıdır.
Məlumat üçün bildirək ki, dünya təcrübəsində kosmetoloq-həkim kimi təhsil aldıqdan sonra fəaliyyət göstərməyə icazə verilir. Rusiyada bu sahə kifayət qədər inkişaf edib. Həkim-kosmetoloq ixtisası rəsmi şəkildə ölkənin Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçir. Hazırda Türkiyənin ən tanınmış ali təhsil ocaqlarında kosmetoloq olmaq üçün azı 3 il təhsil almaq şərtləri qoyulub. Avropada isə kosmetoloq olmaq üçün mütləq müalicə işi üzrə ali tibbi təhsil almaq tələb olunur.
Azərbaycanda isə Tibb Universitetində fərqli ixtisas bitirmiş kosmetoloq-həkimlərlə yanaşı, onlarla kurs məzunu olub əlinə iynə alıb xanımların üzünə dolğu edən var. Ümumiyyətlə bu ixtisas üzrə heç bir ali təhsil müəssisəsində tədris yoxdur, ən yaxşı halda dermotologiya və gigiyena ixtisası üzrə təhsil almaq mümkündür. Hazırda tədris həftədə 2 dəfə olmaqla, 3-4 ay davam edən kosmetoloji kurslar var. Kursun aylıq qiyməti də sadəcə 150 manat təşkil edir.
Bu qədər kosmetoloqun fəaliyyət göstərdiyi və eyni zamanda bu qədər də şikayətin edildiyi bir zamanda niyə hələ də bu məsələyə nəzarət edilmir?
Mövzu ilə bağlı Minval.info-ya danışan tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, Səhiyyə Nazirliyi kosmetoloq kimi fəaliyyət göstərən şəxslərə sertifikatlar verməlidir: “Sistematik olaraq kosmetoloq kimi fəaliyyət göstərənlərin dairəsi müəyyənləşməlidir. Daha sonra onlar yoxlamalardan keçib, sertifikatlarla təmin edilməlidir. Səhiyyə Nazirliyi sertifikat verərkən yoxlamalıdır ki, həmin adamın tibdən baza təhsili var, ya yox. Bundan başqa, həmin sahə üzrə müvafiq kurs keçməsi ilə bağlı da sənədi yoxlanılmalıdır. Onun keçdiyi kursun keyfiyyəti araşdırılmalıdır. Bunların əsasında da həmin şəxsə kosmetoloq kimi işləməsi, prosedurları gerçəkləşdirməsi üçün lisenziya verməlidir”.
Dəniz Kərimzadə