Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

QƏLƏMİNDƏN ASILAN ŞAİR

 

 Yenixeber.org:Onunla ilk tanışlığımız sosial şəbəkədən- feysbukdan başlayıb. Uzun müddət bu tanışlığımız qiyabi davam edib. Nəhayət ki, üç il bundan qabaq C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair N. Kəsəmənliyə həsr olunmuş bir tədbirin sonunda əyani tanış olmuşuq. Bir neçə yazar dostla kitabxananın qarşısında dayanıb söhbət edirdik. Bu vaxt uca boylu, sağlam cüsəli, yaraşıqlı bir nəfər yaxınlaşıb:- Məhərrəm müəllim, xoş gördük. Necəsiniz?- deyib əl uzatdı. Mən də əl uzadıb:- Təşəkkür edirəm. Yaxşıyam:- dedim.Səmimi olaraq etiraf etdim ki, - bağışla, tanımadım. Özü tanışlıq verdi. Feysbukdakı- dostunuz Təvəkkül Gorusluyam,- dedi. Əyani tanışlığımızdan məmnun oldum deyib, əlavə etdim ki, Sovet dönəmində siz tərəflərdə olmuşam. Görməli, yaşamalı yerlər idi. Təvəkkül Goruslunun yerini, yurdunu keçmiş zamanda deməyim ürəyimi ağrıtdı. Dostum da dərindən bir ah çəkib: - Müəllim, harda olmusunuz? Cavab verdim: - 1976- cı ildə Qafan rayonunun Ağbulaq kəndində, iki nəfər dostumla tələbə yoldaşımız İslah bəyin toyunda olmuşam. Aradan illər keçməsinə baxmayaraq o yerlərin bir qarışını belə unutmamışam. Görünür unutmadığımın səbəbi o yerlərin qədim Azərbaycan torpağı olmasıdır. Bu gün imkan olsa o yerləri gözü bağlı taparam,- deyib köks ötürdüm. Məlumat verim ki, Ağbulaq kəndi Qafandan gedəndə Gorus- Laçın yolunun sol tərəfində çökəkdədir. Təmiz havası, diş göynədən durna gözlü bulaqları var.

Dostum sevinc qarışıq bir kədərlə: - Məhərrəm Şəmkirli, mən elə o kənddənəm. Amma kəndimiz Qafanın kəndi yox, Gorusun kəndidir. Toyuna getdiyiniz İslah bəyi də, yaxşı tanıyıram. Özüylə yox, kiçik qardaşıyla çox yaxın dostluğumuz olub.

Beləcə Təvəkkül Goruslu ilə ilk əyani görüşümüz səmimi dostluğa çevrildi. Və bundan sonra kitab təqdimatlarında, ədəbi- bədii gecələrdə sıx- sıx görüşməyə başladıq. Qərbi Azərbaycanlıların böyük bir tədbirində Təvəkkül dostum "Məni misralarda qələm assa da"adlı iri həcmili şeir kitabını avtoqrafla mənə verdi. Mən də gözəl hədiyyəsinə görə ona minnətdarlığımı bildirdim.

Şairin şeirləri ilə ilk tanışlığım sosial şəbəkədən başlamışdır. Mütamadi olmasa da, ara-sıra oxuyurdum. Bəyənirdim, amma nədənsə fikirlərimi geniş formada yazmırdım. Bu da mənim vaxtımın azlığından irəli gəlirdi. Məndən fərqli olaraq bəzi dostlar həmi bəyənirdilər, həm də fikirlərini yazırdılar. Görünür mənim fikirlərimin vaxta, zamana ehtiyacı varmış. İndi dostum Təvəkkül Goruslu haqqında söz demək, yaradıcılığı haqqında fikir söyləmək sırası mənə düşür. Təvəkkül ixtisasca mühəndis- mexanikdir. Azərbaycan neft kimya institunu (o vaxtkı)bitirmişdir. Məncə yazarın hər hansı ixtisasa sahib olması əsas deyil. Əsas odur ki, istedad olsun. İstedadlı qələm sahibi olan Təvəkkül sözlə, poeziya ilə uzun illərdir ki, dostluq, sirdaşlıq edir. Özü də yaxşı yoldaşlıq, yaxşı sirdaşlıq. Bu dostluqdan,sirdaşlıqdan "Xaraba kəndim", "Bu sevgi bir əbədiyyət", "Gözlərinə qısılaydım", "Məni misralarda qələm assa da" kimi şeir kitabları yaranıb.

Yuxarıda qeyd etdiyim kimi bu kitablardan sonuncusu- "Məni misralarda qəıəm assa da" (Təvəkkül Goruslu məhsuldar şairdir. Əminəm ki, bunun davamını gətirəcək) qarşımdadır. Kitaba özünə və sözünə dəyər verdiyim, gözəl qələm sahibi, əziz dostum, şair- publisist Mehman Göytəpəli iki səhifəlik "Ön söz əvəzi" adlı gözəl bir yazı yazıb. Mehman Göytəpəli Təvəkkülü "özünə məxsus dəsti- xətti, poetik ifadə tərzi" olan bir şair kimi oxuculara təqdim edir. Yazısının sonunda isə şairə sözün, poeziyanın çətin, enişli- yoxuşlu yolunda uğurlar diləyir. Mən də Mehman müəllimə qoşulub bəri başdan dəyərli dostum Təvəkkül bəyi təbrik edir, ona yeni- yeni naliyətlər diləyirəm.

Yaşadığımız "olumlu", "ölümlü"dünyaya elə dünyanın özü boyda (bəlkədə daha böyük) şeirlər həsr olunmuşdur. Bu şeir nümunələrini bir yerə yığıb çəksək yəqin ki, çəkiyə gəlməz. Dünya böyükdür, dünya fanidir, biz gedərgiyik, dünya əbədidir və s. kimi sözlərlə dünyanı təsvir edən, günahlandıran, qınayan,

ondan haqq- hesab tələb edən şairlər saya gəlməzdir. Kim dünyanı necə görürsə, elə də nəzmə çəkir. Təvəkkül Goruslunun haqqında söz açdığımız kitabı da "A dünya"adlı şeirlə başlayır. Şair haqlı olaraq göstərir ki, dünyanın bir üzü tənə, bir üzü də qınaqdır. Dünya insanların bu tənəsindən, bu qınağından artıq bezib, təngə gəlib. Buna baxmayaraq dünya dözür. Hər şeyi dünyanın üstünə yıxıb onu gözdən salmaq, ona "vəfasız", "haqsız", "zalım" demək ədalətsizlikdir, nankorluqdur. Dünya nə vəfasızdır, nə zalımdır, nə də haqsızdır. Haqsız da, vəfasız da, zalım da dünyada yaşayan insanlardır.

Biri yeyir, biri qapır sərvətin,

Dünya yenə günahkardı önündə.

Biri yeyib arın, mürvətin,

Gəzir, balam, dərviş, səfil günündə.

Şair bu misralarda çox doğru olaraq bütün naqisliyi dünyada yox, insanlarda görür. Və həətta dünyaya yazığı gəlir. O, "A dünya"şeirini bu misralarla bitirir:

İnanmıram yenə sənə, a dünya,

Yaranasan TANRI bir də "ol"desə!

Düşünürəm, vallah,sənə,a dünya,

Sevinərsən, TANRI birdən "öl"desə!

Vətən, yurd, ocaq sevgisi şairlərin ən uca, ən müqəddəs sevgisidir desəm yəqin ki, yanılmaram. Təvəkkül Goruslu da vətəninə, elinə- obasına, ulusuna bağlı adamdır. Bildiyimiz kimi şair erməni daşnaqları tərəfindən doğma ata- baba yurdundan vəhşicəsinə qovulub. İçində bir yurd niskili, bir yurd ağrısı gəzdirir. Bu ağrı daima onunladır. Tərk etməyi də qalıb doğma yerinə qayıtmağına. Şair doğulub boya- başa çatdığı kəndi üçün darıxır, axşamlarına həsrətdir, ürəyindən gülünü, çiçəyini, mamırlı daşını, çağlayan bulağının axan göz yaşını öpmək keçir. Bu arzunun, istəyin reallaşması Azərbaycan ordusunun zəfərindən, qələbəsindən asılıdır.

Şair "Ağbulaq kəndim"şeirini aşağıdakı niskilli misralarla tamamlayır:

"Gəlin Qayası"tək gəlin qızının,

Olmadı qismətim, çəkəm nazını.

Gəlsə mart, bağrıma basıb yazını,

Qışını öpəydim, Ağbulaq kəndim!!

Şeirdə yurd həsrəti, yurd yanğısı var. Bu həsrəti də, yanğını da şair ürək ağrısı ilə, göynüyə- göynüyə çəkir.

Təvəkkül Goruslunun şeirlərində fikir- hiss, qəlb və ağıl vəhdəti özünü qabarıq şəkildə göstərir. O, dünyaya,təbiətə,sevgiyə, Vətənə,gözəlliyə, elinə, ulusuna həsr etdiyi hər bir şerində səmimidir. Və bu səmimiyyətdə yeni fikir, yeni söz var. Şeirə, sözə böyük sevgi var Təvəkkül Gorusluda. Ona görə də ustadların sözünə ehtiramla yanaşır, onları təkrar etmir.

Şairin şeirlərini oxuyanda həyacan, filan yaşamırsan, amma təəssüratını cəmləşdirəndə məna yükünü tapırsan.

Yer üzərində də elə bir insan tapılmaz ki, onun ana itkisindən ağır itkisi olsun. Nəyinki cavan vaxtı, heç ahıl vaxtımızda belə ana itkisinə dözə bilməmişik. Elə anamızın əbədi yaşarlığını istəmişik. Bu münkünmü? Yox və yenə də yox! Amma hər yaşda içimizdən başımızı anamızın dizinin üstünə qoymaq, onun əllərinin saçımızı tumarlayıb oxşaması keçib. Təvəkkülün "Ay ana"şerini oxudum , anamın yoxluğuna qəhərləndim. Və şairin kövrək misralarını içimdə öz anama ünvanladım...

Şəkilinə söykəyim indi başımı,

Gülər gözlərini öpüm, AY ANA!

Mənə irad tutma əlli yaşımı,

Göz yaşım sinənə səpim, AY ANA!

Nə vaxtsa belə bir hekayə oxumuşam. Hekayədə göstərilir ki, müəllim dərs dediyi şagirdlərdən soruşur ki, kimin müharibədə (söhbət ikinci dünya müharibəsindən gedir) yaxını, doğması ölüb əlini qaldırsın. Bütün sinif bir nəfər kimi əlini qaldırır. Məlum olur ki, hamının müharidədə itkisi var. Bu acı faktı bilirsiniz niyə çəkdim? Ona görə ki, bu gün Azərbaycanda tək-tək ailə var ki, onun kimisə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ müharibəsində şəhid verməsin. Elə ailələr var ki, onun iki, üç şəhidi var. Təvəkkül "Ana şəhid anasıdı!"şeirini bu mövzuya həsr etmişdir.

Şair yazır:

Baharına payız gəlib,

Qırovuna donasıdı!

Gözlərini ayaz silib,

Ana şəhid anasıdı!

 

Təvəkkülün "Ana dili"şeirini oxuyanda yadıma "Xural"qəzetində çıxan bir səhifəlik "Ana dilim- ölən dilim" yazım düşdü. Yazıda son illər özümüzün dilimizin başına gətirdiyimiz oyunlardan narahatlıq ifadə olunmuşdu. Çox təəssüf ki, bu gün də o oyunlar davam etməkdədir. İstər yazılı, istərsədə elektron mediyada dilimizin gözəlliyini, şirinliyini pozan, ona yad sözləri pərçimləyən nə qədər desən üzdəniraq "ziyalılar", "yazarlar"var. Bunların qarşısı vaxtında alınmasa sonra gec olacaq. Bu bir yana, son vaxtlar Bakıda baldan şirin olan öz dilini bəyənməyib rus, ingilis dillərində danışan minlərlə ailələr var. Deyəsən70 il ruslaşan bizlər indi də ingilisləşməyə üz tutmuşuq. Belələrini qəzəblə, nifrətlə qamçılayan Təvəkkül Goruslu deyir:

Sizə lənətlər olsun dilini danışmayan,

Millətinin dərdinə, oduna alışmayan,

Müstəqil dövlətimin diliylə barışmayan,

Soy- kökündən, elindən, dilindən xəbərsizlər!

Hər bir şeirin içində məna gözəlliyi, fikir təzəliyi olmalıdır. Mənasız, qayəsiz, məqsədsiz, keçəri hislə yazılmış şeirlər oxucunun zövqünü oxşamır, onu ruhən qidalandırmır. Və belələri şair yox, cızma-qaraçı adlandırılır. Şeir səmimilikdən və təbilikdən yaranmalıdır. Ürəkdən qopan həyacanla, sevgiylə, sevinclə yazılan şeir həqiqi poeziya adlanır. Təvəkkül Goruslu belə nümunələri yaradan şairdi.

Şeir şəxsiyyət bütövlüyündən, uca hisslərdən və ən əsası istedaddan, bacarıqdan yaranırsa bu əsil şeirdir. Təvəkkül Goruslunun xeyirxah hissilərindən,istedadından və bacarığından yaranan şeirlərini oxudum. Ruhum qidalandı. Buna görə şair dostuma təşəkkür edir və ona yeni- yeni yaradıcılıq uğurları diləyirəm.

Məhərrəm Şəmkirli

AYB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam