Fəlakətli məğlubiyyət, Azərbaycanın işğalına səbəb olan sülh... –III YAZI
Yenixeber.org: Bolşeviklərin Rusiyada hakimiyyəti ələ keçirmələrindən az sonra baş verən önəmli hadisələrdən biri Rusiya-Polşa müharibəsidir. Rusiyanın bolşevik rəhbərliyi üçün bu sadəcə polyaklarla müharibə deyildi. Onlar Avropaya inqilab ixracı barədə düşünürdülər və Polşa üzərində qələbə bunun birinci mərhələsi olacaqdı. Amma hər şey başqa cür alındı. “Radio Svoboda”nın bu haqda məqaləsini təqdim edirik.
Əvvəli: Burada
Gözlənilməz əks-zərbə
Avqustun əvvəllərində Yuzef Pilsudski və köməkçiləri əks-hücum planı hazırladılar. Plan Vepş çayında iri qüvvələrin cəmlənməsini, sovet Qərb cəbhəsi qoşunlarının arxasına iki zərbə qrupu ilə gözlənilməz zərbə endirməyi nəzərdə tuturdu. Qrupun biri üç diviziyadan, digəri iki diviziya və bir süvari briqadasından ibarət idi. Polşa Baş qərargahı düşmənin Mozır qrupunun zəifliyindən istifadə edərək cəbhəni yarmağı və Varşavaya hücum edən qırmızıları mühasirəyə almağı qərara aldı.
Bu zaman Varşavanın bilavasitə yaxınlığında, paytaxtdan 23 km məsafədə yerləşən Radimin şəhəri uğrunda rusların 16-cı ordusu ilə Sikorski və Rozvadovskinin qüvvələri arasında ağır döyüşlər gedirdi. Polyaklar müdafiənin ikinci xəttində dayandılar. 16-cı orduya avqustun 14-dən Varşavaya hücum əmri verən radioməlumat ələ keçirildi. Amma hücum başlamadı, çünki Modlini müdafiə edən Vladislav Sikorskinin qüvvələri 3-cü və 15-ci ordunun qovuşuğunda qırmızıların uzanmış səflərinə zərbə endirdi və onu yardı.
15 avqusta keçən gecə iki tam komplektləşmiş polyak alayı Radimin ətrafındakı sovet qoşunlarına arxadan hücum etdilər və şəhəri azad etdilər. Aleksandr Şuvayevin 4-cü ordusunun arxasına endirdiyi zərbə qərargahın tutulması təhlükəsi yaratdığından, qərargah yerini dəyişdi. Bu zaman düşmən əlinə keçməsin deyə radiostansiyasını məhv etdilər, bu da ordu qərargahının Qərb cəbhəsi qərargahı ilə əlaqəsini kəsdi və hissələrinin idarəsini çətinləşdirdi. İkinci radiostansiya həmin tezlikdəki polyak verilişləri ilə bloklandı. Nəticədə 4-cü ordu Sikorskinin ordusuna müqavimət göstərmək haqda Minskdən əmri almadı. Müharibədən sonra Tuxaçevski onun “fərasətsiz hərəkətləri”ndən yazırdı.
Faktiki mühasirədə olan Şuvayev qüvvələri Şərqi Prussiya sərhədlərinə çəkildi. 4-cü ordunun dörd diviziyası, eləcə də 15-ci ordudan Qayın süvari korpusu və iki diviziya 24-26 avqustda alman sərhədini keçdi və internə olundular. Avqustov rayonunda 12-ci atıcı diviziyanın yalnız altı alayı və 4-cü ordunun qərargahının qalıqları şərqə keçə bildi.
Radimin ətrafındakı taktiki nailiyyət stratejiyə çevrildi, çünki avqustun 16-da Pilsudskinin özünün rəhbərlik etdiyi böyük əks-hücumla üst-üstə düşdü. Qırmızı ordunun cinahındakı Mozır qruplaşmasına qarşı iki dəfə çox qüvvələr cəmləyən polyakların 120 min nəfərlik birinci zərbə qrupu cəbhəni yardı və rusların 16-cı ordusunun cənub qanadını darmadağın etdi. Eyni vaxtda Vlodavaya hücum başladı, tankların köməyi ilə isə Minsk-Mazovetski istiqaməti yarıldı. Bu, Varşava ətrafındakı bütün sovet ordusunun mühasirəyə düşməsi təhlükəsini doğurdu, Qərb cəbhəsinin infrastrukturunun məhvi perspektivi yarandı. Qırmızılar artıq avqustun 17-də geri çəkilməyə başladılar, ertəsi gün Tuxaçevski geri çəkilməyi və “düşməndən aralanmağı” əmr etdi. Polşa qüvvələri düşməni fasiləsiz təqib edirdilər.
Qırmızılar gedirlər
Həmin dövrdə Cənub-Qərb cəbhəsi Lvov ətrafında nəticəsiz döyüşləri davam etdirirdi. Baş komandan Kamenev Yeqorov və Stalinə 12-ci və 1-ci süvari ordunu Qərb cəbhəsini gücləndirmək üçün onun tərkibinə verməyi əmr etdi. Lvovun mühasirəsinə aludə olan cəbhə komandanlığı əmri yerinə yetirmədi. Süvari ordu şəhərin 5-7 kilometrliyində idi və onu üç tərəfdən əhatəyə alırdı. Sanki qələbə yaxın idi. Moskva ilə yazışmalara baxsaq, Süvari ordunun Qərb istiqamətinə göndərilməsinin ən qəti əleyhdarı Cənub-Qərb cəbhəsi hərbi şurasının üzvü Stalin idi. Avqustun 17-də onu Moskvaya çağırdılar, yalnız bundan sonra, avqustun 21-də Budyonnının ordusu Qərb cəbhəsinə yollandı. 12-ci ordu Lvov yaxınlığında qaldı.
Süvari ordu döyüşlərin həlledici məntəqəsinə yalnız avqustun 30-da çatdı, yəni Qərb cəbhəsinin əsas qüvvələrinin darmadağın edilməsindən sonra. Zamostye yaxınlığında iri süvari döyüşü baş verdi.
Budyonnı Polşa müdafiəsini dolanmağa və hücumla şəhəri almağa cəhd göstərdi. Amma Polşa ulanları və piyadaları ilə avqustun 30-31-də baş verən döyüşdə Süvari ordu özü mühasirəyə düşdü. Döyüşə-döyüşə mühasirədən çıxan qırmızılar 4 minə qədər itki verdilər. Ordunun ən yaxşı hissələrindən olan Taraşan alayı, demək olar, məhv edildi. Tuxaçevskinin Budyonnı ordusunun zərbəsi ilə Polşa hücumunu və cəbhənin fəlakətli geriçəkilməsini dayandırmaq planı alınmadı. Hücum gecikmişdi. Taqətdən düşmüş Birinci Süvari ordusu da geri çəkildi və yalnız sentyabrın sonlarında Sluç çayında dayana bildi.
Budyonovçuların hərəkət zamanı yenə də yəhudi poqromları ilə fərqləndilər. VÇK nümayəndəsi Robert Zvederis Moskvaya xəbər verirdi: “Rayon üzərindən yeni poqrom dalğası keçdi... Öldürülənlərin dəqiq sayını bilmək mümkün deyil... Geri çəkilən Birinci Süvari ordusu yolboyu yəhudi əhalini talayır və öldürürdü. Bu, Ukraynada yəhudi poqromlarının yeni səhifəsidir. Göstərilən bütün yerlər tamamilə talanıb”.
Poqromçuları sakitləşdirməyə çalışan 6-cı diviziyanın komissarı Georgi Şepelev öldürüldü. İnqilab tribunalının hökmü ilə 1920-ci il oktyabrın 21-23-də Yelisavetqradda (indi Kropivnitski, Ukrayna) bir məlumata görə 40, digərinə görə 153 qırmızı süvari güllələndi. Ordunun komandiri Semyon Budyonnı və komissarı Kliment Voroşilov cəzalandırılmadılar, amma bəzi komandirlər, məsələn, diviziya komandiri İosif Apanasenko vəzifəsindən kənarlaşdırıldı.
Krım və Şimali Tavriyadakı ağ qüvvələrin komandanı general Pyotr Vrangel 1920-ci ildə Polşa ilə birgə fəaliyyət barədə razılığa gəlmişdi. Ağların cənubdakı hücumu qırmızıların xeyli qüvvəsini özünə cəlb edirdi. Polşa ərazisində general Peremıkinin 3-cü ordusu formalaşmışdı. O, Petlyuranın UXR qüvvələri ilə yanbayan əməliyyat aparırdılar.
Qırmızıların Qərb cəbhəsinin qüvvələri geri çəkilirdilər. Varşava ətrafında və sonrakı döyüşlərdə ağır itkilər verdilər. Ən minimum qiymətləndirmələrə görə, Varşava döyüşü zamanı 25 min sovet əsgəri öldü, 60 min əsir düşdü.
45-50 min Almaniyada internə olundu, amma onlardan 30 mini tezliklə silahsız buraxıldı və yenidən Qərb cəbhəsinə qoşuldu. Bir neçə min nəfər itkin düşdü. Polyaklar qənimət olaraq 231 top, 1023 pulemyot, bir neçə min at, 200 səhra mətbəxi, yüzlərlə avtomobil və zirehli maşın ələ keçirdilər. Onların itkiləri 15 min ölən və itkin düşən, 22 min yaralı olaraq qiymətləndirilir.
Sönən müharibə
Müharibəyə 1920-ci ilin sentyabrında Belarusdakı döyüşlər yekun vurdu. Avqustun 26-da Qırmızı ordu Neman-Svisloç çayları xəttində möhkəmləndi. Müdafiənin ikinci xəttini Birinci dünya müharibəsinin alman istehkamları təşkil edirdi. Qərb cəbhəsinə yeni qüvvələr və silah göndərildi. Sentyabrın 1-də cəbhənin 73 min canlı qüvvəsi və 220 topu vardı.
Tuxaçevski payız hücumuna başlamaq niyyətində idi, amma Pilsudski sentyabrın 12-də hücum əmri verməklə onu qabaqladı. Marşalın planı qırmızıları mərkəzdə döyüşlərə cəlb etmək və bu zaman onları şimaldan, Litva ərazisindən dolanmaq idi. Belə də edildi, Litvanın suverenliyinə baxmayaraq.
Tuxaçevski polyakların sentyabrın 20-də Qrodnoya hücumunu əvvəlcə durdura bildi. Sonra cənub cinahında Volkovıska hücumu dəf etməli oldu. Şəhər uğrunda sentyabrın 23-24-də gedən döyüşlərdə Qrodno ətrafından göndərilən ehtiyat qüvvələrdən istifadə olundu. Hücumu burada da dayandırmaq oldu. Nəhayət, sentyabrın 25-də qırmızılar duruş gətirmədilər və Qrodnıdan Lidaya çəkildilər, polyakların zərbə qüvvəsi də onları müşayiət etdi.
Sentyabrın 26-a keçən gecə Krovavıy Bor meşəsində iki polyak və iki rus diviziyası arasında əfsanəvi döyüş oldu. Tam qaranlıqda əlbəyaxa döyüş gedirdi. Geri çəkilən qırmızıların təzyiqi nəticəsində polşalıların müdafiəsi yarıldı və sovet diviziyaları mühasirədən çıxdılar. Hər iki tərəf böyük itkilər verdi. Ümumən isə həmin gün polyaklar üçün uğurlu oldu: mindən çox qırmızı əsgər əsir aldılar və 3-cü ordunun artilleriyasının bir hissəsini ələ keçirdilər. 3-cü ordu üzərində operativ nəzarət itirildi. Qərargah komandan Lazareviçlə birlikdə Lidaya gedərək, diviziyaları başsız qoydu.
Qonşu 4-cü ordunun da idarəçiliyinin itirilməsi vəziyyəti ağırlaşdırdı. Stanislav Bulak-Balaxoviçin min nəfərlik süvari dəstəsi sentyabrın 26-da qəfil zərbə ilə Pinski tutdu və 4-cü ordunun bütün qərargahını, komandan istisna olmaqla, əsir aldı. Elə həmin gün Polşa könüllü diviziyası Qrodnoya daxil oldu. Sentyabrın 27-28-də Lida uğrunda qanlı döyüşlər davam etdi. Vladimir Lazareviçin 3-cü ordusu tam darmadağın edildi, 10 min qırmızı əsgər əsir düşdü. Polyaklar 40 top və xeyli azuqə ələ keçirdilər.
20 illik fasilə
Qrodno və Lidanı alandan sonra Pilsudski Qərb cəbhəsini tam darmadağın etmək istəyirdi, amma öz ordusunun yorğunluğunu nəzərə almırdı. Hər halda, Qırmızı ordu hissələrinin çoxu Novoqrudok ətrafında mühasirədən çıxmağı və sürətlə şərqə çəkilməyi bacarmışdı. Neman döyüşü zamanı polyaklar 40 min əsir, 140 top, böyük sayda at, sursat və amunisiya götürdülər. Qərb cəbhəsinin qalıqlarını məhv etmək üzrə döyüşlər Riqa müqaviləsi çərçivəsində hərbi əməliyyatlar dayandırılana qədər davam etdi. Sonuncu hücum oktyabrın əvvəllərində başladı, yeni lokal hücum nəticəsində Polşa qüvvələri oktyabrın 12-də yenidən Minsk və Molodeçnoya daxil oldular.
Bu zaman Riqada sülh danışıqları aparılırdı. Polşa “Visla üzərində möcüzə”dən sonra bir müddət də döyüşə bilərdi, Minskin və Ukraynanın bir hissəsinin alınmasını “bufer dövlətlər” haqqında siyasi qərarla möhkəmlətmək olardı, Pilsudski istəyən kimi. Savaşın davamı zamanı Cənub cəbhəsində bolşevikləri xeyli qorxudan Vrangelə qarşı hərbi əməliyyatlar sürəcəkdi. Onun üzərində qələbə naminə Kreml Ukrayna və Belarusiya xalq respublikalarının müstəqilliyini tanımalı olacaqdı, onlar da Polşanı sovet imperiyasından ayıracaqdılar. Lakin nümayəndələri danışıqlarda dominantlıq edən nüfuzlu milli demokratlar partiyası Pilsudskinin federativlik ideyalarından imtinaya üstünlük verdi. Belarus və Ukrayna torpaqlarının Polşa və Sovet Rusiyası arasında bölünməsi Pilsudskinin Polşa-Litva-Belarus-Ukrayna federasiyasının yaranmasını nəzərdə tutan siyasi konsepsiyasının sonu demək idi.
1920-ci il sentyabrın 20-də IX partiya konfransının qapalı iclasında Vladimir Lenin bir neçə dəfə “məğlubiyyət” sözünü işlətdi: “Bu, məhz dərin məğlubiyyətdir, əməliyyatın davam etdirilməsi nəticəsində uğradığımız fəlakətli məğlubiyyətdir”.
Sovet Rusiyası Litva və Polşanın müstəqilliyini tanıdı, Qərbi Belarusu və Qərbi Ukraynanı Polşaya verdi. Moskva hərbi qənimətləri, 1772-ci il yanvarın 1-dən (Polşanın birinci bölünməsi - Press klub) Polşa çarlığı ərazisindən çıxarılan elmi və mədəni sərvətləri qaytarmağa razılaşdı. Bolşeviklər hətta üstüörtülü şəkildə təzminat ödəməyə də getdilər. Polşa çarlığının Rusiya imperiyasının təsərrüfat həyatına verdiyi töhfənin kompensasiyası olaraq, bir il ərzində 30 milyon qızıl rubl ödəniləcəkdi. Polşaya həm də əsasən dəmiryoluna aid 18 milyon qızıl rubl dəyərində avadanlıq veriləcəkdi.
Bu şərtlərlə 1920-ci oktyabrın 12-də Riqada atəşkəs müqaviləsi və sülhün ilkin şərtləri haqqında razılaşma imzalandı. Bu, Vrangel ordusunu məğlubiyyətə məhkum edirdi. Müqavilənin yekun mətni 1921-ci il martın 18-də Riqada imzalandı və həmin ilin aprelində RSFSR, USSR, Polşa tərəfindən ratifikasiya olundu.
Riqa müqaviləsi inqilabı Mərkəzi və Qərbi Avropaya silahlı ixrac planlarına son qoydu. Bolşeviklər sovetləşmə layihələri ilə Cənubi Qafqaza üz tutdular, Azərbaycanı, Ermənistanı, 1921-ci ildə isə Gürcüstanı işğal etdilər. Rusiya sonuncunun müstəqilliyini tanımışdı, amma bu, təcavüzə mane olmadı.
Təxminən iki onillik Sovet Rusiyası və Polşa qanlı-bıçaq oldular. Kommunistlər revanş variantlarını hesablayırdılar, polyak liderlər isə həm Almaniyadan, həm SSRİ-dən müdafiə olunmağı planlaşdırırdılar. Nəticə məlumdur. Visla üzərində möcüzə təxminən 20 il, İkinci dünya müharibəsinin başlanğıcına qədər davam gətirə bildi...
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada