Kiberdələduzluğun “sirri” -Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir?
Mərhum Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.
Yenixeber.org: Mediada bu barədə yayılan məlumatlara görə, H.Əliyevanın atası Cəlil Əliyev bildirib ki, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməkdaşı olduğunu deyərək aldadıb: "Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".
Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.
Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, saxlanılıb, 80 min 507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda kiberdələduzluq yolu ilə vətəndaşların bank kartlarından saysız-hesabsız oğurluq halları baş verib. Hüquq mühafizə orqanları cinayət törədənlərin bir qismini yaxalaya bilsə də, bir çox faktlar üzrə tədbirlər görmək mümkünsüz olub. Çünki cinayətkar şəbəkələr bu cür əməliyyatları xarici ölkələrdən, habelə kriptovalyutalar vasitəsi ilə həyata keçirir, nəticədə cinayətin üstü açılmamış qalır.
Bəs burada bankların, vətəndaşların, hüquq mühafizə orqanlarının məsuliyyəti nədir?
Bunu bank sahəsi üzrə tanınmış ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib
kiberdələduzluq barədə məsələni ötən ilin 26 dekabr tarixində Mərkəzi Bankın sədri ilə görüşdə də qaldırıb: “Demişəm ki, bu problem əsasən iri - sistem əhəmiyyətli banklardadır. O da məsələnin nəzarətdə olduğunu bildirərək qeyd etdi ki, iri bankların əməliyyatları çox olduğu üçün belə problemlərin də sayı çoxdur”.
Ə.Həsənov bildirir ki, məsələ yalnız bunda deyil. Bir sıra orta və kiçik banklar var ki, onlarda belə problemlər olmur. İri bankların əsas problemi odur ki, acgözdürlər, inhisara meyllidirilər, o qədər müştəri cəlb edirlər ki, nəticədə həcmi həzm edə bilmirlər, normal təhlükəsizlik sistemi qura bilmirlər, kadr potensialları olduqca zəifdir və s. Maraqlıdır, niyə?
“Ona görə ki, bu bankların rəhbərləri maaşdan əlavə yüksək mükafatlar (bonuslar) alırlar. Buna görə də xərcləri azaltmaq üçün əllərindən gələni edirlər: sıravi işçilərə az maaş verirlər, İT, təhlükəsizlik və digər sahələrə xərcləri kəsirlər. İlin sonunda bankın gəlirinin xərcindən xeyli çox olması üçün hər şey edirlər ki, mükafatlarının məbləği də yüz minlərlə ölçülən rəqəmlər olsun. Çünki mükafatlar mənfəətə bağlıdır. Nəticədə bu banklarda xidmətin keyfiyyəti və təhlükəsizlik səviyyəsi aşağı düşür”.
Multimedia sahəsi üzrə tanınmış ekspert Osman Gündüz isə ötən il DİN-in Kibercinayətkarlıqla Baş İdarəsi və ölkənin bütün bankları arasında imzalanmış anlaşmanı xatırladır. Həmin anlaşmaya görə Baş İdarə və banklar arasında real vaxtda informasiya mübadiləsi baş verir və bunun əsasında zəruri məlumatları dərhal əldə edən polis üçün cinayətkarı yaxalamaq elə də problem olmur. Lakin kartdakı pulun köçürülməsi xarici hesablara, yaxud da kriptovalyuta hesablarına olubsa, bəli, burada araşdırmalar uzun çəkə bilər.
“Bank tez bunun üzərinə düşübsə, ən yaxşı halda "chargeback" yoli ilə vəsaiti geri çağırmaq mümkün ola bilər. Ən pis variantda isə bizim də qoşulduğumuz mövcud konvensiyanın şərtləri əsasında xarici ölkənin bankları, kriptovalyuta birjaları, ölkələrin polis qurumaları, İnterpol, Europol və s. qurumlar prosesə qoşulmalıdır ki, bu da zaman alan bir prosesdir” – Gündüz bildirib.
Ekspertin fikrincə, cinayətkar anonim kripto cüzdanlardan istifadə edibsə və ya kriptovalyuta platformasında yüksək səviyyədə anonimlik təmin edilirsə, araşdrımalar daha da çətinləşir: “Son zamanlarda Baş İdarə qonşu ölkələrin müvafiq qurumları ilə əlaqələri gücləndirib, bu istiqamətdə bir neçə uğurlu əməliyyatlar keçiriblər. Açıqlanan məlumatlardan görünür ki, kiberpolis ötən müddət ərzində həm profilaktika, həm də kibercinayətkarlığa qarşı mübarizədə xeyli irəliyə gedə bilib”.
Osman Gündüz bildirir ki, fərdi məlumatları, bank məlumatlarını qorumaq həm də vətəndaşın borcudur. Onun sözlərinə görə, indiki halda birbaşa bankı günahlandırmaq da doğru olmazdı. “Çünki cinayət hansısa bir kiber hücum, fişinq, ziyanlı proqramla bank hesabının dağıdılması ilə reallaşmayıb”, - o, qeyd edib.
Ekspert vurğulayır ki, vətəndaş özü könüllü olaraq icazə verib ki, vəsait köçürülsün: “Əlbəttə, banklar bank fırıldaqçılıqları ilə bağlı maarifçilik işlərini təşviq etməlidir, müştərilərini tez-tez məlumatlandırmalıdır. Banklar bu prosesə resurslar ayırmalıdır.
Bir daha vurğulamaq istərdik ki, hansısa bank müştərisinə zəng edib hansıa bir əməliyyat aparmır. Daxil olan SMS kodlarla bağlı bank heç zaman vətəndaşdan nəsə sorğulamır. Belə formada zənglər olanda vətəndaş dərhal polisə, 102-yə məlumat verməlidir”.
Osman Gündüz təklif edir ki, ümumiyyətlə, bu tip hallarla bağlı Mərkəzi Bankın, Banklar Assosiasiyasının müştəriləri qorumaq üçün hansısa bir sığorta fondu formalaşdırması da faydalı ola bilərdi.
“Vətəndaşları bu istiqamətdə daha anlaşıqlı formada maarifləndirmək üçün çatbotlar hazırlamaq da faydalı olar.
İndi qonşu ölkələrdə QR-kod vasitəsilə həyata keçirilən kibercinayətlər hədsiz çoxalıb. Adətən qonşu ölkələrdə olanlar müəyyən müddətdən sonra bizə də gəlib çatır. QR-kod ların oxunması təklif olunarkən, hansısa yerlərdə bu tip kodların şirnikləndirici reklamlarına rast gəldikdə ehtiyatlı olmaq lazımdır. Onların yönləndirildiyi saytlar vasitəsilə fərdi məlumatlar ələ keçirilə bilir”, - ekspert yekunlaşdırıb.(pressklub)