“ALLAHI”NI YEYƏN MƏMLƏKƏTİN TƏSVİRİ
UNUTQANLIĞIMIZ ƏN BÖYÜK DÜŞMƏNİMİZDİR
Azərbaycan müharibə şəraitinda yaşasa da, kənardan baxanda bu əhval-ruhiyyə qətiyyən hiss olunmur – nə yaşam tərzlərimizdə, nə də davranışlarımızda. Demokratiyanı Türk Millətinin özündən mənimsəmiş (ta qədimlərdən türk xaqanları seçki yoluyla hakimiyyətə gəliblər) Avropa bu gün bizim bəşəriyətə verdiyimiz töhvələri yeni cilddə özümüzə şərtlər daxilində təqdim edir. Və bizlər də bir çox hallarda buna müticəsinə boyun əyirik – kimliyimiz, mənliyimiz, mənəviyyatımız, ədəbiyyatımız, tariximiz, mədəniyyətimiz unudulur...
Məmləkət Əhlinin BİRİSİ acından qarnını yerə sürtür, BAŞQA BİRİSİNİNSƏ toxundan qarnı partlamağa qalıb. BİRİSİ başını soxmaq üçün qamışdan düzəldilmiş koma axtarır, BAŞQA BİRİSİsə qiyməti milyonlarla dollar civarında ölçülən villasının sökülməsini heç vecinə də almır. BİRİSİ yemək çığırtısıyla dünyanı ata-anasının başına dar edən gələcəyin əsgəri və anasını qazanda yalxı su qaynatmaqla aldadaraq yuxuya verir, BAŞQA BİRİSİsə gülməşəkər balaları qalsın bir yana, itini, pişiyini, ayısını, delfinini yemləmək üçün BOİNQlərlə dünyanın o biri ucundan təamlar daşıtdırır. BİRİSİ bürünür, BİRİSİSƏ soyunur. BİRİSİ döyür, BİRİSİSƏ döyülür. BİRİSİ söyür, BİRİSİSƏ söyülür. BİRİSİ qovur, BİRİSİSƏ qovulur. BİRİSİ gülür, BİRİSİSƏ qan ağlayır. BİRİSİ alqış deyir, BİRİSİSƏ qarğış edir. BİRİSİ “can-can” deyir, BİRİSİSƏ “qan-qan” söyləyir...
Ziddyyətlər qovşağına çevrilən məmləkətimizdə ÖZÜMÜZÜ unudub, BAŞQASINI tapmışıq.Bir para insanın anası özgələşdiyindən bu “paralar” TAMLIĞIMIZı pozub, DİLİMİZƏ ATA DİLİ DEMƏK MƏCBURİYYƏTİLƏ ÜZ-ÜZƏ QALMIŞIQ. Ancaq elə həmin Azərbaycan Kişisi Azərbaycan Qadınını öz UCALIĞIndan endirib, uşaqlarını başqa döşlərdən süd əmməyə vadar edib, özümüzkülərsə bayram axşamı qonşunu pusub müydə gözləyirlər...
ANA DİLİmizə olan laqeyd münasibət şizofrenik hal alıb. DİLİMİZə xor baxdığımızdandır ki, başımız da belə qeylü-qallara düşüb. Demokratiyanı hər bir kəsə özünəuyğun tərzdə təqdim edən Avropanın, Amerikanın istəyincə qol götürüb oynayanlarımız ətdən olan dillərini hara gəldi sürtməkdə, hara gəldi döndərməkdir. Küçə və meydanlarda analarının diliylə reklam çarxı verənlər, kimliklərini, iş yerlərini analarının dilində təqdim edənlər özləri də bilmədən sevgili millətimizə mesay verirlər ki, biz sizdən deyilik. Di gəl ki, bizim gözlərimiz hələ də vəlfəcri oxuyur, yumulub açılınca fürsət əldən gedir. Elə hey boylanırıq ora-bura, gözümüzün qarşısına baxmadığımızdandır ki, ayağımıza da daşlar dəyir. DƏRDLƏRİMİZə sığınmırıq, SIĞINACAQLARI dağıdıb şadlıq saraylarının sayını artırırıq. “İnkişaf etmiş ölkə”nin məktəblisi oyuncaq silahdan “tak-tak” edərək atəş açmağı öyrənir. Ata-anasının kredit içində boğulduğunu görən övladın “Vətən sevgisi” saxtadır . Çünki həm də dövlət vətəndaşına sahib çıxmağı və onu yaşatmağı bacarmalıdır ki, böyüyən nəsil borcunu anlaya bilsin...
Qanunlarımız var, işlək mexanizm yoxdur. Hamının bildiyini heç kəsin bilmədiyi kimi davranırıq. Kisəsini şaqqıldadan Varlılarımızla dizinə döyən, torbası da özünə ağırlıq edən Dilənçilərimiz tay-xurcundur. Varlılarımızın əlləri kəsiləndə kasıblarımızın köynəklərini parçalayıb həmin qanı axmasın deyə sarıyırlar. Hər düşərgənin bir Bütü var. Səcdəni Allaha deyil, o Bütlərə edirik. Bir az çətinə düşən kimi də acından ölməmək üçün o zamankı bütpərəstlərsayaq yeməli məmulatdan hazırlanan Allahımızı yeyənlər tək davranırıq..
ÖZÜNÜ UNUTMAQ elə Allahını unutmaq deməkdir. Çünki Özünü tanımayan Allahını da tanımaz. Bizə dəyən zərbələri, faciələri unutduq, Keçmişimizə sahib çıxmaq bizə ar gəldi. Və elə ol səbəbdən də, heç qədim dövrü demirəm, yaxın tariximizdə törədilən UMUDLU SOYQIRIMI haqda bilgilər yoxa çıxarıldı, sonradan XOCALI SOYQIRIMInı başımıza gətirdilər. Allah balalarını saxlasın SABİR RÜSTƏMXANLInın, Allah onu Türk Milləti üçün qorusun, mən UMUDLU SOYQIRIMI haqqlnda həqiqətləri məhz onun romanından oxuyub xəbər tutmuşam. Amma Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, xalq şairi SABİR RÜSTƏMXANLInı “zəif şair” adlandıran hansısa Kəramət Böyükçölün ziyalı olan yazıçı dədəsindən bir kəlmə də olsun, bununla bağlı nəsə eşitməmişəm. Məqsədim Rüstəmxanlıdan Büt yaratmaq deyil. Sadəcə olaraq, Rüstəmxanlını hədəf götürənlər nəinki özünün, ənkə-böyüklərinin çəkilərinə baxaraq müqayisələr aparıb sonra danışsınlar...
OĞUZ XAQANIMIZ öz Öygüsündə bizlərə “dədə-babalardan qalma adə-ənənələrə mən toxunmadım, siz də toxunmayın” dedi, ancaq biz toxunduq. Və elə o zamandan da bizlərə toxuna-toxuna yerimizdən, yurdumuzdan, elimizdən, obamızdan didərgin saldılar. Biz insanımıza qara durnaların taleyini – yumurtadan çıxar-çıxmaz bir-birinin başına döyəcləmək – yaşatdıq. Yaşantılarımız bizi yaşamaqdan məhrum etdi. Düşmənə yaxamızda yer verdiyimizdən İtlər də ətəyimizdən yapışdı. Dostun şilləsindən qəzəblənib, düşmənin bəlisinə sevinə-sevinə ÖZÜMÜZü xar etdik. Buzovlarımızı Öküz zənn edib qürrələndik.Əlimizlə xəmir ovduq, Gözümüzlə dana qovduq və beləcə Əli aşından da olduq, Vəli aşından da. Şərq ədəbiyyatının incilərindən olan “QABUSNAMƏ”nin ötən əsrin 60-cı illərində nəşr olunan nüsxəsində ermənilərin fərdi, mənəvi, psixoloyi keyfiyyətlərinin açıq mətnlə ortaya qoyulması bizimkiləri həddindən ziyadə məyus etdiyindən müstəqillik illərində nəşr olunan variantdan həmin hissəni dərhal çıxarıb həm də naşirlik əqidəsinə xələl gətiriblər. Bərəkallah belə qeyrətə!!!
Qarşılaşdığımız bütün olaylar özünü mələk donunda bizə göstərən Qərbin əl işləridir. Ərazilərimizin itirilməsi, millətin SEÇİLMİŞLƏRİni bu və ya digər şəkildə gözdən salmaq, onları hədəfə çevirmək, seçki oyunları, siyasi qüvvələr arasında nifaq salmaq, onları bir-birinə qarşı qoymaq, aralarındakı uçurumu daha da dərinləşdirmək, mətbu və siyasi çəkisi bir qəpiyə dəyməyənlərdən böyük bir ....düzəltmək də Qərb dünyasının əxlaqsızlığıdır. “”Bizim boğazımıza keçirilən bütün ilgəklər elə həmin Qərbin əliylə olub. Bütün alçaqlıqlar Qərbdən idxal olunub. Burada “kürü siyasəti”nin subyektlərindən danışanda nədən Qərbli alıcıların bişərəfliyindən yazılmır? Bəylər və xanımlar, siz Azərbaycanı kimin arzularının əsasında qurmaq, qorumaq istəyirsiniz – Uca Millətimizin, yoxsa bizi Ucalıqdan endirən Qərbin?!...
VƏ BÜTÜN BUNLAR OLUB KEÇİB...BÜTÜN BUNLAR OLMASAYDI, ən azından müstəqilliyimiz dövründə itirdiklərimiz torpaqlar bizdə qalacaqdı, təbii resurslarımızdan da öz insanımızın xeyrinə yetərincə istifadə edə biləcəkdik. İndisə zaman başqadır. Tapdalanan mənəviyyatımız, korşalan əxlaqımız, itirilən tariximiz, inləyən yurd yerlərimiz, göylərə bülənd olan ahımız, fəryadımız Bizi ÖZÜMÜZ olmağa çağırır. ÖZÜMÜZə gedən yolsa tarixin sadalanan səhvlərindən nəticə çıxarmaqdan keçir. İtimizlə, Qurdumuzla düşmən üstünə yeriməliyik. Tutduğu ictimai-siyasi mövqedən asılı olmayaraq hər bir kəs BÜTÖV AZƏRBAYCAN, cəmiyyətdaxili humoral fəaliyyətin tənzimlənməsi naminə zərbəni bir nöqtəyə vurmalıdır. Axı biz müharibə şəraitində yaşayırıq – bütün davranışlarımız bu tonda köklənməlidir...
İGİD TEYMURLU