DÖRD NÜSXƏLİ AÇIQ MƏKTUB
AZƏRBAYCANI YAŞADANLARA VƏ MƏZARLIĞA QOVULANLARA İTHAF OLUNUR
Ehey, Musa Yaqub, ay Musa Yaqub, eşidirsənmi? CANALI DAĞI Səni səsləyir e, CANALI DAĞI! Itmisənmi, batmısanmı!? Di haydı yetiş o Bozqırların harayına. Bir əncam çək “hanı mənim Musa balam?” deyə, Dağa. Daşa sığal çəkən “Bənövşə tarlası”nın əhvalına. Öp həmin tarlanın o üzündən, bu üzündən. Min “yüyənsiz çaylar”ın belinə, bütün həqiqəti gətir dilinə, sıyrıl o məkandan çax ildırım tək, zəmiyə can verən yaz yağışı tək...
Musa Yaqub, Daş kimi yatmasam da, yaxınlarda bir Dağ gördüm Yuxumda. O Dağın başından bir papaq diyirlənirdi. Zirvədə qurulan DAR AĞACInın yanında bu qurğuya SALAM VERƏCƏK cəllAD dayanmışdı. Dağın Ətəkləri dumanlıydı, çənliydi. Ol səbəbdən də asılacaq, ya da ki, dilim-dilim doğranacaq varlığın kimliyi də görünməz olmuşdu. Dağın dörd tərəfi adamlarla doluydu. Və bu adamlar cəlladın davranışlarından heç nə anlamırlarmış kimi görünürdü. Adamların içində MƏMMƏD İSMAYILı, RAMİZ RÖVŞƏNi, RÜSTƏM BEHRUDİni, bir də bütün bu səhnələri CANALI DAĞIndan seyr edən SƏNi gördüm. Toplumdan kənarda olsanız da, ancaq üzünüz Topluma sarıydı. Hər bir kəsin əli çaqıl daşlarla doluydu. Kimsə bu dəmdə qışqırdı ki, “ay camaat, ÖMÜR KİTABImız bağlandı, GÜNƏŞ bizdən 95 km uzaqlaşacaq”. Xəbəri Sənə çatdırmaq istədim, danışa bilmədim. Əl atdım Qələmə, qaldırmağa gücüm çatmadı. Nərə çəkib ayılanda sınıq-salxaq divanın qıçından yapışdığımı gördüm. Və,.. və ayılandan sonra üzümü CANALI DAĞIna tutub yenə də Sənə məktub yazmağı qərara aldım – yaşamımızı təmin edən 4 ÜNSÜRün şərəfinə 4 nüsxəli bir məktub.
Yazdım ki, buludlar boşalsın, Sən (biz Tanrıya “Sən”lə, Onun yaratdıqlarınasa “Siz”lə müraciət edəndə əslində bəşər övladının içində başqa bir “mən”in, kim bilir, bəlkə də Şeytanın yaşadığını təsdiq edirik. Ol səbəbdən də özümə bir köynək yaxın bildiklərimə “sən”lə müraciət edirəm – müəllif ) yağasan. Qoy bu Yağışdan sonra səmamıza bir aydınlıq gəlsin. Mən Səni də adları hallanan şairlər tək “qara durna taleyi yaşayan millətimiz”in ən mərd Oğlanlarından biri kimi tanıyıram. Ancaq adaşlarının timsalında çalınan Çoban bayatısına münasibətdə susqunluğunuz Sən və Səninlə birgə yuxuda gördüyüm şairlərin Mərdliyini gerçək davranışdan aldadıcı bədii boya həddinə qədər endirə də bilir. Və bunun adı Rüstəm Behrudi yanaşması ilə təqdim etsəm, olur “NAMƏRDLİK”. BƏLİ, NA-MƏRD-LİK!!!
NİYƏSİNİ DEYİM. RÜSTƏM BEHRUDİ ƏYLİSİ erməni kəndi kimi təqdim edən Əkrəmi “tək” buraxmayıb, onunla birgə şəkil çəkdirib sosial şəbəkədə yayımlayaraq bunu “namərdliyə yox!” kimi dəyərləndirir. ƏYLİSDƏN OLAN ƏKRƏMsə tabutla vidalaşmağa həsrət qalaraq arzuladığı səmtdəki məzarlığa qovulanlardandır. Rüstəm Behrudinin daşımaq istədiyi tabutsa Əkrəmsizdir, bom-boşdur. Ancaq “M.Ə.Rəsulzadənin büstünün Gəncədə başına keçirilən çuval”ın sensasion çıxışıyla çıxardılmasına nail olan SABİR RÜSTƏMXANLInın Musaquliyevlər tərəfindən hədəfə götürülməsinə susmağınızdan apaydın görünən “ooo, yes, yes”lə cavab verir və elə Sizlər də. Kim bilir, bəlkə də başınız “çənə söhbətləri”nə qarışıb ki, Bizləri öz tarixi ənənələrimizə, milli kimliyimizə sahib çıxmaq uğrunda mücadiləyə səsləyən TƏK ƏLLƏRə doğru yön götürən naxələflərin yalan-palan dolu hücumlarını görməz olmusunuz! Ya da ki, RƏSULZADƏ ilə RÜSTƏMXANLI da millətimizin qaymaqlarından biri olan görkəmli alimimiz ƏDALƏT TAHİRZADƏ demişkən, Behrudinin “yerlisi” olmadığındandır ki, Rüstəm bəy “DAŞ YUXULAR”ında erməniyə sevgi bəsləyən Əylisdən olan Əkrəmə daha çox sayğıyla yanaşır...
MUSA YAQUB, Sən “Heyif, Millətim, heyif” –deyə ah-zar etməkdəykən ayaq altı qazanlardan xəbərin varmı? Axı bunu da Sən demisən: “...lap belə gül kimi siyasət ola; onda da bir hiylə, bir iftira var”. Bəs eləysə, nədən bu “iftira”ların faş olunmasını deyil, etibarlı limana çəkilməyə üstünlük vermisən? Sual təkcə Sənə deyil, həm də Məmməd İsmayıla, Ramiz Pövşənə, Rüstəm Behrudiyə aiddir. Bir zamanlar naxələflər əlində olan qəmbər daşlara az qala başınızı sadağa verməyə hazır idiniz. Konkret olaraq, onda könül sarayımda yer tapan Səni bağışladım. Fikirləşdim ki, YƏQİN “..eləmədiklərin yandırır Səni”. Rəsulzadəyə, Rüstəmxanlıya daş atılanda buna sinə gərəcək İLKLƏR sırasında mən bir Oxucunuz olaraq Sizləri görəcəyimi zənn etdim. Ancaq Sizlər bir millət vəkilinin, bir ictimai xadimin, başqalarından fərqli olaraq müxalifətçiliyi dövlətinə qarşı qoymayan bir siyasi partiya sədrinin, bir nasirin, bir publisistin, bir şairin, bir yazıçının bəzi mətbu infuzorların təqdimatıyla desək “darmadağın edilməsi”nə heyranlıqla baxdınız və susdunuz. Bunun adı nədir? Oxucunuza cavab verin, bəylər! Çünki Siz artıq Oxucununsunuz, onun içində, canındasınız. Özünü Oxucunun varlığına hopduran Musa Yaqubun təbirincə desəm, nə vaxta saxlamısınız “son qərarı”?...
İstər Məmməd İsmayılın, istər Musa Yaqubun, istər Ramiz Rövşənin, istərsə də Rüstəm Behrudinin yaradıcılığının əsasını ürəyi Vətən sevgisiylə döyünən Tanrı duası təşkil edir. O dualar Oxucuya Sizdən də bir köynək yaxındır. Oxucular Azərbaycan poeziyasındakı Məmməd İsmayıl, Musa Yaqub, Ramiz Rövşən, Rüstəm Behrudi Zirvəsini fəth etməklə həyat tərzlərində olan süni çətinlikləri, əngəlləri ruhən də olsa yüngülləşdirirlər. Laqeyd əməllərinizlə tapdalamayın o Kimsələrin haqlarını! Sizin bu yönünüz yandırır məni. Hər şey zamana bağlıdır. Zaman özü devirəcək AXSAQ QALANLARın özlərinə yuva tapdıqları Daşları. Bax onda “BU DAŞIN ALTINDAN NƏLƏR ÇIXACAQ” inşəAllah, hamımız görəcəyik.
Sözü və Qələmi uca tutan BÜTÖBLƏŞMİŞ VƏTƏN adlı nakam eşq yiyələri indi millətin “TƏK ƏL”inə çevriliblər. Millətin dirçəlişi, torpaqlaşmış duyğularımızın cücərməsi Musa Yaqubun da dediyi kimi məhz həmin “TƏK ƏLLƏR”in sayəsində olacaq. Əgər elədirsə, onda bəs Siz nədən və kiminlə cütləşmisiniz ki, millətin ÖMÜR KİTABInı yazmaqla, dərdimizi, sərimizi içində əritməklə ZAMAN MƏNDƏN KEÇİR deyə naxələflərə meydan sulayan OĞLANLARın ünvanlarına yağdırılan hədyanlara cavab vermirsiniz. Nə vaxta qədər “məndən ötdü” prinsiri bu millətin düşüncəsinə hakim kəsiləcək? Yetməzmi bu susqunluq? İllər öncəsi mən “BƏXTİYAR VAHABZADƏ VƏTƏNDAŞINA SAHİB ÇIXA BİLMƏYƏN VƏTƏNDİR” adlı yazımı dərc etdirəndə AYDIN CANIYEV az qalırdı ki, Onun uğrunda mənim gözümü çıxartsın. Və onda həm də sevinmişdim ki, artıq millət olaraq öz müdafiəmizi toplumsal halda təşkil etməni mənimsəyirik. Ancaq indi bunun əksini görürəm. Hanı MUSA YAQUB, hanı MƏMMƏD İSMAYIL, hanı RAMİZ RÖVŞƏN, hanı RÜSTƏM BEHRUDİ? Niyə bizləşən Sizlər dimdiyini sınamağa çalışan Quşlara öz yerlərini göstərmirsiniz?
Sizlər TƏK olanda möhtəşəm görünürsünüz, lap Canalı Dağı kimi. Susmağınız son nəfəsiniz olsa belə “QARAĞACLAR” kimi əyilməyin. Sizlər Oxucunun içində ərimisiniz, yazılarınızla Oxucu arzularının gerçəkliyisiniz. Oxucunu Özünüzə öyrətmisiniz. İndi də elə həmin Oxucuları əziyyətlə baş-başa qoyursunuz. Əslində Sizlər Özünüz də bir əziyyətin içindəsiniz. Birinizin ayağı torpaq, başqa birisininki də Vətən həsrəti çəkir. O birisi də etbarlı limalarda “çorta” getməyi çıxış yolu sanır...
Dünyada ən təmiz şey Göz Yaşıdır. Sizlər Oxucunun Göz Yaşısınız. Ona görə mən də bir oxucu olaraq sıxıb suyunuzu çıxarıram. Sizlərin kimlərinsə əlində bir vasitəyə çevrildiyini, ictimai-siyasi eybəcərlikləri görəndə mənim də ümidim sabahımdan ayrıldığına görə “...üzündə bir sağ yer varsa; dünyanın tfu üzünə” deyirəm.
Qayıdın Kəndinizə! Oxucunun gördüyü yuxular Sizi Daşa döndərməsin, Daşların sehrini, daşqəlblilərin də qorxunc yuxulara olan mehrinin mahiyyətini açın. Uzanıb qalın lap elə ac qarına şehli çəmənliklərin qoynunda. Onsuz da indi çox işləsək də, xeyri yoxdur, az yeyirik. Və özümüz də QƏLƏBƏ həsrətliyik. QƏLƏBƏyə gedən yolsa insanın mədəsindən keçir. Bu, nədir? Külli-ixtiyar sahiblərimiz QƏLƏBƏni istəmirlərmi? Sizsə o Qələbəni qazanmısınız, lazımi anlarda susmağınızsa Sizi məğlubiyyətə, ən azından bir Oxucunun gözündən düşməyə aparan yoldur. Qərar tutduğunuz O DAĞLAR, o ÇƏMƏNLƏR, o MEŞƏLƏR sizləri ac qoymaz. Gözdən, könüldən uzaq olmağınız Sizi Oxucunuza bir o qədər də yaxınlaşdırır.
Sizlər Oxucu üçün MUSA YAQUBun “NANƏ YARPAĞI”sınız. Əsən hər bir meh Sizdən ötrü Oxucunun narahatlığına səbəb olur. Mən də bir oxucu olaraq narahatam. Misal üçün, ay Musa Yaqub, biri elə Sən, çıx Canalı Dağının ətəklərinə. Gör o Dağlar, o Daşlar indiki halında Səni tanıyarmı? Bax onda Özün də “BƏNÖVŞƏ TARLASI”nın heyrətinə şahid olacaqsan. Və “ay Allah, mənim Musa balam, nə yaman dəyişib” deyən o tarlanın şehində Sən durulacaqsan. Di haydı, tərpən. Mənəm e, mən – Səni Canalı Dağına bənzədən Oxucun! Di haydı, Musa Yaqub, öz dostlarınla təzə möcüzələr göstər. Elə bu yuxu da mənim üçün bir möcüzə idi. Eşitmişdim ki, yuxular tərsinə yozulur. Ancaq mənim gördüyüm yuxu bu günümüzün güzgüdəki əksi idi. Sizsə güzgünü sındırmayın, Özünüzə baxın, bəylər! Yozun mənim yuxumu. Yox, yox, yozmayın. Yazın içinizdən gələnləri – oxucunun gördüklərini. Və bunu Sizdən xahiş yox, tələb edirəm. Yazın Mənim, Sənin, Onun bu gününü və günümüzün buqələmunlarının rənglərə olan sevgilərini. Verin bizim Oxucu Haqqımızı, daim arzuladığınız sosial sifarişin bətnindən doğulacaq Haqqımızı!!!!
R.S, Əylisdən olan Əkrəm tək məzarlığa qovulma həsrətini çəkən varmı???
İGİD TEYMURLU