BU, BİZİK!!!
Bizim BAŞIMIZ var. Ancaq başımıza qoymağa papağımız yoxdur. Olmayan papaq altında cürbəcür statuslu, ordenli, medallı qəhrəmanların yatmasından danışmaq da pəhrizliykən alça turşusu sifariş verməni xatırladır. Bizim papaqlarımız rus-fars-erməni triosunun gülləsi ilə Dərbənddə, Təbrizdə, Qarabağda yerə kömüldü, aşsüzənə döndü. Cılızlarımız ələnib göyə sovruldu, yeməlimiz yeyildi, qalanlarımızın başı da aşıq-aşıq oyununa qatışdı. Cahandar ağa ləyaqətindən uzaq olan qara-quralarımızsa qisas naminə düşmən gözünü nəinki ova bilməyib, əksinə qismətimizin yavaş-yavaş homoseksuallaşan Avropadan zənbillə düşəcəyini təlqin etməklə şortikli conlara ediləcək beyəti çıxış yolu kimi göstərirlər. Başımızı qaşıya da bilmirik, çünki, bizim dırnağımızı əmələ gələn kimi mayadan kəsməyə “hamilə” olan qüvvələr var...
Bütün bu biabırçılıqları görən GÖZLƏRİMİZin “başı” qatışdığından ayağımıza dəyən daşları, yan-yörəmizə hörülən dünyanın hörümçək torunu da görmürük. Yola-kola həsrət, kanalizasiya iyini içinə çəkməmək üçün daim bir əliylə burnunu sıxan Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsinin biçarə sakinləri tək əsas problemi bir qana qoyub, “gözün aydın, ay qonşu, o veyillənən küçə itləri day oğlan doğub” demələrində həm də bugünümüzün acı həqiqətləri gizlənməkdədir. Adı çəkilən əraziyə məsul icra strukturunun, bələdiyyənin verdiyi vədlərsə qaranlıqda halva yeyənlərin davranışlarından başqa bir şey deyil. Sirlərini də bir Allah bilir.
Quru-quru olsa da, özümüzü guya ki, gözümüzün üstündə bəsləyirik. Qurularımızın oduna yaşımız da yanır. Yerə-göyə sığışmayan bizlərə mədə niyyəti güc gələndə lap elə bir hücrə də bəs eləyir – qaranlıq bir hücrə. Və bu qaranlıq hücrələrdə səlahiyyət sahibləri öz ”salimlikləri” ilə kifayətlənir, özəl yaşayış tərzlərini toplumun halı kimi yuxarı çinlilər qarşısında təqdim edirlər...
Qara Bağımızı ƏLİMİZdə saxlaya bilmədik. Çünki daim milli deyil. Şəxsi işimiz aşan başqalarını ovucumuzun içində bəslədiyimizdən əllərimiz də yapalaqlaşıb. Ciblərimizin ölçüsü ehtiyaclarımızı ödəyəcək dərəcədə böyük olsa da, ancaq ələ gələcək bir şeyimiz qalmayıb. Dövlət başçımız tərəfindən “xalqın xidmətçiləri” kimi dəyər verilən məmur tayfası hamısını talayıb, milləti kreditor qismində bir loxma çörəyə möhtac ediblər. Ətrafımızda Küçə İtləri hürüşür. Bu İtlərə atmağa daşımız olmadığından qartımışlarımız “deyəsən gələn elçilərdir” deyə özlərinə sığal-tumar verirlər...
Eşidən, dinləyən QULAQLARIMIZ karlaşıb. Çox şeyləri bıçaq sümüyə dirənəndə başa düşürük. Minillərin o tayından südümüzlə, genimizlə adlayıb gələn ənənələri “Avropaya inteqrasiya” naminə sümüyümüzdən çıxarırlar. Qulaq seyvanlarımızın “xəyanəti”dir ki, vaxtında ötürülən dalğaları zamanında düzgün başa düşmürük. Və elə ol səbəbdəndir ki, qulaqda sırğa gəzdirmək bir çox kişilərimizdə qadınyana keyfiyyətləri formalaşdırıb. Torpağın azadlığı uğrunda qol çırmayıb döyüşə atılan Oğlanlar qalıb bir yanda, “AVMVB” adlı qurum atəşkəs dövründə “veteran” istehsalı ilə məşğuldur. Hurəddin Xoca düz deyir ki, o zaman indi təqdim olunan sayda döyüşçü olsaydı, birbaşa İrəvanı da götürmək olardı, nəinki Qarabağı...
Kəsik QOLLARIMIZ Dərbəndin, Təbrizin, Göycənin, Zəngəzurun, Qarabağın səmasında qıy vurur. Bizlərsə hələ də bu “qıyıltı”nın mahiyyətinə ya varmır, ya da qorxaq təbəssümlə hətta bir-birimizi ittiham obyektinə çeviririk. Qıy vuran Qolları Ciling, əlimizdəki səlahiyyətisə Köklü Ağac zənn edirik. Böyük Füzulinin əsrlər öncə söylədiyi “...göstərən saətdə dövrani-fələk bir inqilab; həm özü fani olar, həm ləşkəri, həm kişvəri” xitabındakı gerçəkliyi eşitməz oluruq. Elə ona görə də Ağacı bizdən alıb çilingimizi də göydə fırladırlar. Özümüzü tox göstərib avropalıların qarnını doyuzdurmağa çalışırıq. Yemirik ki, doyuzdurduqlarımız yükümüzü çəkəcəklər. Ancaq unuduruq ki, Bizi Bizdən uzaqlaşdırmağa çalışanlar adamın malını yeyib, hələ bir qırılmışlarının dalınca danışanlardandılar....
VƏ BELƏCƏ əlli milyonluq bir millət olaraq səpələnmişik Yer kürəsinə. Soyuqqanlı Canlarımızı doğmalarımızın isti hənirtiləri qızındıra bilmir. Qızındırmaq bəhanəsilə bizi qaynar Kürəyə yaxınlaşdıranlarsa cızdağımızı çıxarıblar. Yaxındakılarımız öz çərənçi hərəkətləriylə anbaan bizdən uzaqlaşmaqdaykən uzaqdakılarımız yaman yaxın görsənir bizə. Uzaqla Yaxın arasında vurnuxan Bizlər deyəsən Bizi Özümüzdən uzaqlaşdıran zamanın fərqində deyilik...
Ölənəcən Çəkəcəyimiz Yükün altında inləyirik. Bu Dərdi nəzmə çəkənlərimiz, yambızları yumşaq kreslodan pırtdayıb çıxan “boynu yoğun şiş qağalar”ımız çoxdur. O qağalar ki, özündən yüksək səlahiyyətlilər qarşısında Zülümovsayaq qatlanmaqla, məsul oduqları işə yarıtmaz münasibət göstərməklə dolayısı yolla ölkəiçi sosial narazılıqlar formalaşdırırlar.Əsas odur ki, homoseksuallığı yaşam tərzinə çevirən Qərb mədəniyyətinin ölkəmizə transferinin qanunverici orqanımızda ratifikasiyasını haqq olaraq əngəlləyirik. İndi nə olsun ki, bəzi təzə əmələ gələnlərin sayəsində belə halın ölkəmizdə oturuşması üçün yavaş-yavaş münbit şərait yaranmaqdadır!!! Qulaqlarımızı dəng eləyən “dədə-baba yurdlarımızı rus-fars-erməni triosunun çəngindən qurtaracaq gələcək nəsil”in nümayəndələrinə bir şeyi aşılamaq lazımdır: qardaş, ətəyinizə qoz töküləcək deyə Qərbin çomağıyla başınızın yarılmasına razı olmayın. Başıaçıqsınızsa, öz papaqçı dükanlarımıza təşrif buyurun. Darıxmayın, nəyinsə hesabına “başbilən” olanlarımız Bilən Baş kimi fəaliyyət göstərəndə millət Özünə qayıdacaq. Pəhrizimizi gözləyək ki, azarımız uzanmasın. Hələlik isə gerçəyi qəbul edin: Bu, Bizik!...
İGİD TEYMURLU