KƏPƏZDƏN SEYR OLUNAN YALANLAR
VƏ AUTİZMİN BUXOVLADIĞI SƏRBƏST DÜŞÜNCƏ
Bugünkü Azərbaycanda zərif xeyirxahlıq pərdəsinə bürünən bir para insanlar öz əməllərinin başdan-başa yurdsevərlik, insanpərvərlik notları üzərində qurulması iddiasındadırlar. Ancaq mahiyyət etibarilə belə bürünmələr insanlığı əbədi olaraq alçaldacaq sarsaqlığın nümayişindən başqa bir şey deyil. Qul vəziyyətindəykən özlərini daha azad hiss edənlər onların qəlblərində yatan zadların mahiyyətindən doğur. Doğulan yalanları seyr edənlərsə sözün zərifliyinə deyil, QOŞQARIN, KƏPƏZİN ECAZKARLIĞInda özünü unudaraq onu deyən dodaqların qalınlığına baxır...
Hələ zamanında vurğulamışdım ki, mətbuatın qəlsəmələri arasında özünə yer tapan infuzorlar bizi nəinki “dördüncü hakimiyyət”dən məhrum edəcək, hətta sərbəst düçüncənin özünü əsarət bağlarıyla buxovlayaraq həqiqətlə mərifətə gedən yolu üzümüzə bağlayacaqlar. Və bu hal təkcə mətbuatı deyil, bütövlükdə sosial sferanın bütün sahələrini bürüyüb. Kim bilir, bəlkə də elə ol səbəbdəndir ki, son zamanlarda doğulan uşaqlar autizm simptomunun girdabına düşürlər. Yenə də zamanında vurğulamışdım ki, cəmiyyətimizin özü Daun sindromlu, autizm simptomlu olduğu üçün İlahi Qüdrətin Möcüzəsidir ki, uşaq saflığı bunu qəbul edə bilmir və cocuqlar bir növ öz canlarını oda yaxmaqla bizlərə mesay yollayırlar - yetər millət olaraq bir-birinizə, dərdlərinizə, tarixinizə biganəliyiniz!!!
YERİ GƏLMİŞKƏN, bunu rəhmətlik XUDU MƏMMƏDOV da deyib ki, “Azərbaycan xalqının özü-özünə laqeydliyi dünyanın cəkkizinci möcüzəsidir”...
Yəqin elə həmin “möcüzə”dəndir ki, biz hələ də tamlaşa, bütövləşə bilmirik. Hər bir kəsin öz dünyası var – kimi axın istiqamətində üzür, kimi də axının əksinə. Məmur-vətəndaş münasibətlərində olan biganəlik bütövlükdə toplumun sağlam cəmiyyətə adaptasiya olunmasına imkan vermir. Hansı ki, autizmə yoluxanların belə cəmiyyətlərə adaptasiya olunmaları üçün onları əhatə edən ətraf mühitin bütövlükdə səfərbər olunması gərəkir. Ancaq görünən budur ki, biz hələ də ümummilli problemlərin həlli yollarında tam səfərbər ola bilmirik. Gələcəyimiz olan uşaqlara qarşı bunca biganəlik, onların dərd-sərlərinə qarşı bunca laqeydlik mənəvi cəhətdən bir cinayətdir. Gör nə biabırçılıqdır ki, BULVAR İDARƏSİ bir az da qabağa gedərək uşaqları da AZADLIĞIMIZın millətə bəxş etdiyi ələbaxımlılığa öyrədir. Kasıb uşağı artıq beyinlərə yeridilmiş basabaslı 1 iyun tarixini gözləyirdi ki, bulvarda hansısa yelləncəyə minəcək. Axı uşaqları çörəklə bərabər fərəh də böyüdür. UŞAQLARI MÜDAFİƏ GÜNÜndə onları bu fərəhdən məhrum etməyin adı leksikonumuzda yoxdur. İndi uşaqları böyüdən fərəhi də onlara çox gördülər – hansısa avropalı dılğıra görə. Hələ buna haqq qazandıranlar da var.
Öz vətəndaşını, öz uşağını başqalarından ucuz tutmaq, ürəyi istəyən nəsnələrdən məhrum etmək nə vaxtdan “inkişaf”ın göstəricisi sayılır, ay KİF ATMIŞ KİV? Heç şübhəsiz ki, burada “dördüncü hakimiyyət”in hədəfə tuş gəlməsi heç də bütün günahların onlarda olması görüntüsünü yarada bilməz. SADƏCƏ OLARAQ, Avropada “nəzarətçi” funksiyasını daşıyan mətbuat bizdə müəyyən şəbəkələrə xidmət etdiyindən, belə şeyləri “bilməz, görməz” kimi davrandığından bəzi KİV-lərə də onların yazmalı, deməli və göstərməli kimi məsuliyyətlərini anlatmaq gərəkir – dövlətçiliyimiz və millətçiliyimiz naminə!!!
Sual oluna bilər ki, niyə KİV-in rolu üzərində israrla dayanmalı? Çünki əgər vətəndaş 50 qəpiyindən keçib özünün və ailəsinin maraqlarını təmin edəcək informasiya axtarışı ilə qəzet alırsa, yaxud KİV özünə “vicdanlı” epitetini yarlıq edirsə ən azından axtarıb tapdığı “sponsor”un onlara xərclədiyi pulun kimlərin qan pulusu, can pulusu olmasından da bir az utanc hissi keçirməlidir. Ya da həmin reklamlar üçün başqa bir format tapılmalıdır. Autizmə yoluxmuş uşaqların valideynlərindən yığılan pulları hansısa şou proqramların, sosial yönümlü (guya ki – müəllif) hay-küyçü verilişlərin “sponsor”luğuna qoymaq adamda insanlığın xislətinə qarşı nifrət hissi oyadır. Deməli, sən balasının dərdinə çarə bulmaq üçün bütün məşəqqətlərə boyun əyən ananın, atanın boğazına təpiyi ona görə dirəyirsən ki, televiziyaların bütün “evlərə getmək” imkanından maksimum yararlanıb daha çox gəlir əldə edəsən!!!....
İNSANLIQ ÖLÜR, BİZ NƏYƏ ÇEVRİLMƏNİN PEŞİNDƏYİK. Bütün bunları “sponsor” edir, cəmiyyət üçün güzgü rolunda çıxış etməli olan mətbuatsa əba altından xeyirxahlıq nümayiş etdirməyə çalışır və xəmiri tez gələn arvadlar tək “bax e, ərim məni necə də çox istəyir” deyir.
Elə bu yerdə başqa bir məqama toxunmaq lazım gəlir. Azərbaycan Respublikası MİLLİ MƏCLİSİnin SOSİAL SİYASƏT KOMİSSİYASI, SƏHİYYƏ NAZİRLİYİ, TƏHSİL NAZİRLİYİ və digər qurumlar elə haqqında danışdığımız autizmlə bağlı vurğulayırlar ki, bu kateqoriyadan olan simptomlu uşaqlar bizdə azdır. Kökündən yanlışdır, sadəcə olaraq, cəmiyyətin özündə bununla bağlı bir informasiya qıtlığı var ki, onun da yerini KİV-də seksual azadlıqlarla bağlı günün ən vacib mövzusu tutur. Dilimizin zənginliyindən istifadə edə bilməyən aparıcılar, teleulduzlar da cılızlıqlarını pərdələyərək “tamaşaçını loru dillə başa salmağa” üstünlük verirlər. Bu zamana kimi öz xəlqiliyi ilə seçilən ozan dilimiz mədrəsə dili ilə üz-üzə dayanmışdısa, indi də leksikonumuza küçə, tin söhbətlərinin işləmləri, çılpaqlaşdırılmış rus, ingilis, fransız burcutmaları hakim kəsilib. Və bundan da KİV nümayəndələri yerli-yersiz istifadə etməklə guya ki, “savadlıymış” kimi davranır, cəmiyyətə lazım olacaq mövzuları başqa bir tərəfə tullayıb, reytinq xatirinə məhrəm, intim mövzulara üstünlük verirlər...
Yenə də elə bu yerdə Milli Məclis deputatlarından olan MUSA QULİYEVə sual vermək lazımdır. Musa müəllim bir verilişdə deyirdi ki, belə uşaqların sayı azdır. Tutaq ki, belədir. Onda mənə DEYİN GÖRƏK, əgər elədirsə, bəs həmin sindromlu uşaqlarla məşğul olan mərkəzlərdə o qədər pul haradandır ki, həm özlərini dolandırırlar, həm super səviyyəli şərait yaradırlar, həm də gündəlik verilişlərə “sponsor”luq edirlər? Nəzərə alsaq ki, sizlərin yaratdığınız gülünc məlumat bazasına istinad edən dövlət nə həmin uşaqlara, nə onların valideynlərinə, nə də bütün ağırlığı öz üzərinə götürərək, psixi sarsıntılar hesabına maliyyə resursları əldə edərək sadə vətəndaşın hayına səs verən aidiyyatı QHT-lərə “heç bir yardım etmir”, bax onda dövlətin öz vətəndaşına sahib çıxmamasına görə adamı dəhşət bürüyür. DEMƏLİ, həmin mərkəzlərə sizlərin dediyinizdən də qat-qat artıq uşaq gəlir ki, qeyri-hökumət təşkilatları da onlardan zəhmətlərinə görə halal xoşları olsun kifayət dərəcədə pul götürə bilirlər. “Xəbərsizlik”(!!!)dən dövlətin etmədiklərini QHT-lər edir və sizlər də seçici maraqlarının təminatçısı ola-ola bundan xəbərsizsiniz. Və niyə xəbərsizsiniz, hansı ki, birbaşa bu sahə ilə maraqlanaraq yuxarı instansiyalara məlumat verməyə sorumlusunuz? NƏDƏN sizlər vətəndaşa sayğısızlıq göstərirsiniz? Axı bütün bunlar sosioloqların fikrincə, ictimai nifrətin formalaşmasında bir katalizator rolu oynayır, Musa müəllim!!! Dövlətimizin başçısı tam haqlı olaraq və gələcəyi düşünərək neft kapitalını insan kapitalına çevirməyin strategiyasını təqdim edir. Təəssüflər olsun ki, çoxları cəmiyyətimizin sağlamlaşması kontekstində daha çox xəstə təmayüllərə üstünlük verirlər...
Böyük Azərbaycan adlı xoşbəxt gələcəyimizi qurmaq istəyiriksə, millət olaraq görüntü naminə xeyirxahlıq pərdəsinə bürünməməliyik, özümüzü olduğumuzdan qat-qat artıq göstərməyə də son qoymalıyıq. Əks halda belə gedişlər bir atalar misalının batini mənasını unudaraq ölkəni xarabalığa çevirməklə xəzinə axtarmağa bənzər ki, həmin zad da sarsaqlığın nümayişidir. Tanrı cəmi millətimizi belə mənəvi eybəcərlikdən hifz eləsin! Çalışaq ki, zərif xeyirxahlıq yer üzərindən silinərsə, onu bizim qəlbimizdə tapmaq mümkün olsun. Qoşqarı, KƏPƏZİ özünə söykənc yeri edib BAZAR DÜZLƏRİndə siyasətin sosial yöntəmlərilə bağlı yalanları Sözün zərifliyi işığında seyr etməkdənsə hər bir kəsin özünü tanımasının tam zamanı...
İGİD TEYMURLU