“Azərikimya” İB-də işə qəbul olunmuş gənclərlə görüş keçirilmişdir
“Azərikimya” İB-də işə yeni qəbul olunmuş 180 nəfər gənclə görüş keçirilmişdir
"Xeberinfo.com": Fevralın 19-da “Azərikimya” İstehsalat Birliyinin akt zalında ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzini müxtəlif peşələr - elektrik qaz qaynaqçısı, kompressor qurğusu maşinisti, aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər, tornaçı, təmirçi-çilingər peşələri üzrə bitirərək Birliyin Etilen-polietilen zavodunda və Təmir-tikinti İdarəsində neftçilər ailəsinin bərabərhüquqlu üzvü kimi sərbəst əmək fəaliyyətinə başlamış 180 nəfər gənclə növbəti görüş keçirilmişdir.
Görüşü “Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayev açaraq tədbirin mahiyyəti haqqında məlumat vermiş, bu qəbildən olan tədbirlərin gənclərin istək və arzularının simullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Etilen-polietlen zavodunun baş mühəndisi Adil Cəfərov və Təmir-tikinti İdarəsinin rəisi Zahir Abdullayev rəhbərlik etdikləri müəssisələrdə ixtisaslı gənc fəhlə kadrların fəaliyyət istiqamətləri haqqında iştirakçıları məlumatlandırmışlar. Qeyd olunmuşdur ki, bu gün əməkçilərin iş və məişət şəraitinin yaxşılaşdırılması, istehsalatda onların əməyinin və sağlamlığının mühafizəsi, təhlükəsizliklərinin təmin edilməsi “Azərikimya” İB-nin prioritet məsələlərindəndir. İşə qəbul olunmuş bütün işçılərlə əmək müqaviləsi bağlanılmış, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılmışlar. ARDNŞ-in tibbi sığorta və Birliyin sosial proqramı çərçivəsində sığortalanan hər bir işçi həmin sığorta müqaviləsi və kartları üzrə respublikamızın müxtəlif şəhərlərindəki 40-a yaxın ixtisaslaşdırılmış klinikalarında, o cümlədən Sumqayıtın dörd sağlamlıq ocağında istənilən vaxt heç bir məhdudiyyət olmadan pulsuz müalicə olunmaq imkanı qazanmışdır.
Fikir mübadiləsi və diskusiya şəraitində keçən görüşdə gənclər çalışdıqları dövr ərzində onlara yaradılmış normal iş və əmək şəraitindən, göstərilən diqqət və qayğıdan danışmış, istək və arzularını ifadə etmişlər. Gənc kadrların qaldırdıqları məsələlərə, eyni zamanda mətbuat nümayəndələrinin ünvanladığı bir sıra suallara “Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayev, Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vuqar Kərimov, Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov, Etilen-polietlen zavodunun baş mühəndisi Adil Cəfərov, Təmir-tikinti İdarəsinin rəisi Zahir Abdullayev və digər məsul şəxslər aydınlıq gətirmişdir.