"Azərbaycanda 29 min işsiz var"
Bu il fevralın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfər olub.
"Xeberinfo.com": Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, onların 39,4%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 266,9 manat olub.
Bu il fevralın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4844,3 min nəfər olub, onlardan 4606,7 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Bu il yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1516,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 884,4 min nəfər, qeyri-dövlət bölməsində isə 631,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 35,9 min nəfər, qeyri-neft sektorunda isə 1480,2 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1471,4 min nəfər təşkil edib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8%-i məhsul istehsalı sahələrində, onlardan 7,1%-i tikintidə, 6,7%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4%-i mədənçıxarma sənayesində, 2,0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.
Xidmət sahəsində çalışanların 22,2%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,0%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.
2014-cü ilin yanvar-dekabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 154,4 saat təşkil edib.