Qarabağda bələdiyyə seçkilərinə səsvermə -yüksək əhval-ruhiyyə ilə başlayıb
Qarabağ bölgəsində bələdiyyə seçkiləri seçicilərin ruh yüksəkliyi və fəallığı ilə başlayıb.
Yenixeber.org: Dairə seçki komissiyalarından verilən məlumata görə, səsvermə hüququ olan sakinlər səhər saat 8-dən seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə səs verir, öz vətəndaşlıq borclarını yerinə yetirirlər.
119 saylı Ağdam kənd seçki dairəsi üzrə 14 bələdiyyəyə 134 nəfər bələdiyyə üzvü seçiləcəkdir. Seçkidə 377 nəfər namizəd mübarizə aparır. Dairənin tərkibinə daxil olan 39 seçki məntəqəsi üzrə 31 min 063 seçici qeydə alınıb. Seçicilərdən 637 nəfəri ilk dəfə səs verən gənclərdir. Seçicilərin 1294 nəfəri 80-100 yaş arasında, 2 seçicinin yaşı isə 100-dən artıqdır. Seçki məntəqələrinin 4-də veb-kamera quraşdırılıb. Səsvermənin gedişini 405 nəfər müşahidəçi izləyir.
Ağcabədi rayonunda bələdiyyə seçkiləri ilə bağlı səsvermə seçicilərin fəallığı ilə başlayıb. 82 saylı Ağcabədi seçki dairəsindən verilən məlumata görə dairədə 46 məntəqə fəaliyyət göstərir. Dairə üzrə seçicilərin ümumi sayı 47 min 375 nəfərdir. 24 bələdiyyə üzrə 212 bələdiyyə üzvlüyünə 695 namizəd müabarizə aparır. Seçkiləri izləmək üçün 485 müşahidəçi qeydiyyatdan keçib.
83 saylı Ağcabədi - Füzuli seçki dairəsində 29 məntəqədə 25 min 324 nəfər seçici qeydə alınıb. 4 məntəqədə veb-kamera quraşdırılıb. Seçkilərin gedişini 282 nəfər yerli müşahidəçi izləyir. Səsvermə seçicilərin fəallığı şəraitində keçir.
84 saylı Füzuli seçki dairəsi üzrə 46 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 34 min 170 nəfərdir. Səsvermənin gedişini izləmək üçün 7 məntəqədə veb-kameralar quraşdırılıb. Seçkiləri 557 müşahidəçi izləyəyir.
93 saylı Bərdə şəhər seçki dairəsindən bildiriblər ki, 50 seçki məntəqəsi üzrə 44 min 215 seçici qeydə alınıb. Dairə üzrə 26 bələdiyyəyə 230 üzv seçiləcəkdir. Namizədlərin sayı 493 nəfərdir. Səsvermənin gedişini 538 nəfər müşahidəçi izləyir. Bərdəli seçicilər səsvermədə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.
94 saylı Bərdə kənd seçki dairəsindən verilən məlumata görə, bələdiyyə seçkiləri seçicilərin yüksək fəallığı ilə başlayıb. Dairə üzrə səsvermə 54 seçki məntəqəsində təşkil edilib. Səsvermənin gedişini 545 nəfər yerli müşahidəçi izləyir. Qeydə alınmış 45 min 473 seçicinin 647 nəfəri ilk dəfə səs verən gənclərdir. 1137 nəfər seçicinin yaşı 80-100 arasında, 11 seçicinin yaşı isə 100-dən artıqdır. 30 saylı seçki məntəqəsində qeydə alınmış 125 yaşlı Səmərqə Allahverdiyeva nəinki rayonun, eləcə də respublikanın ən yaşlı seçicisidir. Dairə üzrə 40 bələdiyyəyə 358 bələdiyyə üzvü uğrunda 730 nəfər namizəd mübarizə aparır.
Bələdiyyə seçkiləri 95 saylı Tərtər seçki dairəsinin 37 məntəqəsində keçirilir. Dairə seçki komissiyasından bildiriblər ki, məntəqələrdə seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairə üzrə 22 bələdiyyəyə 202 nəfər bələdiyyə üzvü seçiləcəkdir. Seçkidə 665 nəfər namizəd mübarizə aparır. Seçki dairəsində seçicilərin ümumi sayı 37 min 025 nəfərdir. Onlardan 822 nəfəri seçkidə ilk dəfə iştirak edəcəkdir. Seçicilərdən 1207 nəfərinin yaşı 80-100 arası, 11 nəfərin isə yaşı 100-dən yuxarıdır. Seçki prosesini 380 nəfər müşahidəçi izləyir.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.
Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.
Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.
Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.