Seçici fəallığı açıqlandı
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı saat 12.00-yə olan seçki fəallığının nəticələrini açıqlayıb.
"Xeberinfo.com": Məlumata görə,bu gün keçirilən bələdiyyə seçkilərində respublika üzrə saat 12:00-dək 481 93 82 seçicidən 10 33210 nəfəri səs verib. Onun sözlərinə görə, saat 12.00-dək olan seçici fəallığı 21,44 faiz təşkil edib: “Ən fəal seçki dairəsi 51 saylı Qusar seçki dairəsi dairəsidir ki, artıq 31,03 faiz seçici səs verib. Ən passiv ərazi isə 40 saylı Kəpəz ikinci (Gəncə seçki dairəsi) dairəsidir ki, bu da 10,34 faiz təşkil edir”.
R.Gülməmmədov bildirib ki, səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli “qaynar xətt”inə ümumi 50-yə yaxın müraciət daxil olub: "Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".
Xatırladaq ki, seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edir. 13 min 907 nəfər səkkiz siyasi partiya tərəfindən, 23 min 61 nəfər fərdi qaydada, 109 nəfər isə təşəbbüs qrupu tərəfindən namizəd irəli sürülüb. Seçkiyə qatılanlardan 18 min 284 nəfər namizəd bitərəfdir. Namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var. Ümumilikdə, 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verəcək. Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb ki, bu da məntəqələrin 20 faizini təşkil edir.
Builki bələdiyyə seçkisini 50 mindən çox müşahidəçi izləyir. Onlardan da 26 mindən çoxu siyasi partiya təmsilçisidir.
5015 məntəqə üzrə keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatacaq.
Seçkilərin “exit-poll” tədqiqatını “ELS” Müstəqil Araşdırmalar Mərkəzi həyata keçirir.
MSK gün ərzində daha 3 dəfə, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumat verəcək.