Deputatdan hər kəsi düşündürəcək təklif
“İllər öncəsi İranda səfərdə olarkən müşahidə etdiyim bir epizodu xatırladım. Bir təbrizli dükan sahibindən soruşdum ki, vergi, polis, hansısa başqa məmur nəyisə bəhanə edib sənə narahatlıq yarada bilərmi? Cavab verdi ki, mənim qardaşım İran-İraq savaşında şəhid olub, kimsə mənə ilişə bilməz”.
"Xeberinfo.com": Məlumata görə, bu haqda milət vəkili Fazil Mustafa açıqlama verib.
O bildirib ki, şəhid olan insanların ailələri hələ də “Azərsığorta”nın verməkdən imtina etdiyi qanpulunu ala bilmirlər və məhkəmə qapılarında yesir olublar:
“O qazinin ayağının bir protezi qədər dəyəri olmayan bir neçə məmurun kaprizi, pul hərisliyi bu qədər insanı ağır vəziyyətə düçar edib. İranda bunu izah edə bilirlər, bizdə isə necə izah edəsən ki, bu adamlar sənin, mənim Bakıda normal yaşamamız üçün həyatlarından, sağlamlıqlarından məhrum olublar. Birdən-birə xatırladım ki, Milli Məclisdən, Nazirlər Kabinetindən tutmuş bütün dövlət orqanlarında əlil vətəndaşlarımızın dövlət qulluqçusu kimi çalışdıqlarının şahidi olmamışam. Bəlkə də belə hallar var, ancaq səmimi deyim ki, mən məlumatsızam. Sabah imkan olsa, Milli Məclisin iclasında bu məsələni qaldıracağam ki, hər bir dövlət qurumunda 10 faiz kvotanın əlləri ilə yazmaq, işləmək, telefona cavab vermək qabiliyyəti olan əlil vətəndaşlar üçün nəzərdə tutulması ilə bağlı qanunvericilikdə dəyişiklik olsun. Bu adamlara müavinət pulundan daha çox, işləyərək qazana biləcəkləri pul, sosiallaşma mühiti lazımdır. Yüzlərlə oturaq iş yeri var, 10-15 il müntəzəm olaraq orada sağlam adam işləyəndə bütün günü oturmaqdan tədricən əlilə çevrilir”.
Millət vəkili qeyd edib ki, Müdafiə Nazirliyində qazi hərbçilər, polis orqanlarında qazi polislər, vergi, gömrük, maliyyə və başqa orqanlarda, dövlət tədris müəssisələrində oturaq işdə işləmək qabiliyyəti olan və hətta diplomsuz olsa da, qaneedici savadı olan əlillər üçün iş yerini məcburi qayda olaraq müəyyənləşdirmək lazımdır:
“Hər rəhbər işçi fədakarlıq edib bir-iki qohumunu ixtisar etsə, kifayət qədər yer aça da bilər. Dövlət qulluğuna qəbulda da oturaq işlərdə işləmək imkanı olan əlil vətəndaşlar üçün ayrıca kvota düşünülməlidir. Həm bu Allah rizasını qazanmaq üçün faydalıdır, həm də özümüzə arzulamadığımız fiziki natamamlıqda olan insanların həyat eşqinin artmasına bir vəsilədir. Dünya azərbaycanlılarının həmrəyliyini bəlkə elə bu konkret insan kateqoriyası ilə həmrəylikdən başlamaqla gerçəkləşdirmək mümkündür?”