Beyləqanın icra başçısının “əlil, qaçqın və şəhid ailələri” biznesi
Və ya Vaqif Abdullayev bu kateqoriyadan olanlar üçün ayrılan milyonları necə yuyur?
"Xeberinfo.com": Azərbaycan prezidentinin sərəncamına görə, 2014-2018-ci illərdə Azərbaycanda 6 minə yaxın əlil və şəhid ailəsinin mənzillə təmin olunması nəzərdə tutulub. Bu işlərə isə ölkə mətbuatında 10 milyon manatdan çox vəsaitin ayrıldığı deyilir. Bina tikintiləri əsasən İmişli, Beyləqan, Tərtər və Şamaxı rayonları ərazisində həyata keçiriləcək. Bu işlərin necə və nə qədər şəffaflıqla keçirildiyi, harda nə qədər vəsaitin xərcləndiyi (və ya xərclənmədiyi) barədə dəqiq məlumatımız yoxdur. Lakin redaksiyamıza Beyləqan İcra Hakimiyyətinə yaxın mənbələrdən daxil olan məlumata görə, rayonun rəhbəri Vaqif Abdullayevin son 3 ildə özünün “şərikləri” ilə birlikdə yuduğu məbləğin həcmi elə 10 milyona bərabərdir.
Mənbə V.Abdullayevin əlil, qaçqın və şəhid ailələri üçün nəzərdə tutulan dövlət proqramlarında, sosial təminatın yaxşılaşdırılması üçün nəzərdə tutulan layihələrdə öz əməllərini gerçəkləşdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədovla da sıx əməkdaşlıq etdiyini qeyd edir. Belə ki, bu ilin fevralında açılışı olmuş Beyləqan və Fizuli rayonları üzrə 37 saylı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) yeni inzibati binasının tikintisindən və kənardan alınmış köhnə avadanlıqların “təzə” adı ilə rəsmiləşdirilməsindən “şərik”lərin 1 milyon manatdan çox vəsaiti “yedikləri” iddia olunur. Həmçinin mənbə istər bu TSEK-in, istərsə də digər analoji idarələrin binaları üçün ayrılmış torpaq sahələrin yarıdan çoxunun satıldığını və başqa məqsədlər üçün istifadə edildiyini deyib.
2012-ci ildən bu yana qaçqın və şəhid ailələri üçün nəzərdə tutlan binaların, inşa olunan xüsusi qəsəbələrdəki mənzillərin icra başçısı tərəfindən “öz malı” kimi satıldığını, pulsuz verilməli olan mənzillərə görə şəhid ailələrindən yüksək məbləğin alındığını idida edir. “Kimsə yuxarı şikayət etmir, çünki rayonda hər kəs Vaqif Abdullayevin “toxunulmaz” olduğuna inanır. Əgər onun istədiyi məbləğ ödənilməzsə, o mənzillərə müştəri tapmaq icra başçısı üçün heç də çətin olmayacaq. Bundan başqa, onun və yaxın ətrafının nəzarət etdiyi bir sıra obyektlər rayonda ona loyal olan əlil, qaçqın və şəhid ailələrinin adına rəsmiləşdirilib. Məsələn, özü bir daxmada yaşayan əlilin adına bu rayonda iki və üç mərtəbəli villalar tapa bilərsiniz. Həmin villalarda isə Vaqif Abdullayevə yaxın olan sap-sağlam adamlar yaşaya bilər”, - deyə mənbə vurğulayıb.
Mənbə qeyd edib ki, əlil və şəhid ailələrinin 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub: “Hazırda bu təbəqələrdən olanlar üçün Beyləqan rayonunda 30-a yaxın 6 mərtəbəli, 54 mənzilli binaların inşaatı gedir. Artıq bir neçə bina tikilib, amma ordakı mənzillərdən yararlanan əlil və şəhid ailələri barmaqla sayılar. O mənzillər dövlət başçısının sərəncamı ilə, dövlət hesabına tikilsə də, icra başçısı həmin mənzilləri özəl şirkətin mənzilləri kimi qeyd olunan kateqoriyadan kənar insanlara, sadəcə pulu çox olan adamlara satır. Əldə etdiyi məbləğdən də nazirlikdə və başqa qurumlarda olan dostları ilə bölüşür”. Mənbə onu da əlavə edib ki, yaxınlarda Beyləqanda açılışı olmuş Veteranlar Parkının da inşasından icra başçısının “gizli hesabına” yüz minlərlə manat vəsait keçib.
TİA.AZ