Sərhəd xidmətinin avqustun 22-də Bakı hava limanında hüquqşünas İradə Cavadovanı İstanbula gedərkən saxladığı bildirilir
Yenixeber.org: Bu barədə İ.Cavadovanın özü danışıb.
«Sərhəd xidmətinin əməkdaşı mənə ölkədən çıxışıma «stop» qoyulduğunu dedi. Amma bunun səbəbini izah etmədilər. Mən başa düşə bilmirəm ki, hansı səbəblərə görə mənim çıxışımı yasaq ediblər. Qızımla birgə gedirəm. Onu uçuşa buraxdılar, məni yox. Heç kəs mənə izah etmir baş verənləri», - deyə o, təəccübünü ifadə edib.
Bir qədər sonra İ.Cavadovanın sözlərinə görə, sərhədçilər öz rəhbərləri ilə danışıqlar apararaq onu təyyarəyə buraxıblar, amma bundan öncə şəxsi əşyalarına baxış keçirilib. Üstəlik, hüquqşünasın iddiasına görə, səfərin məqsədləri bərədə sorğu-sual edilib.
«Mən bunu belə qoymayacağam və qayıdandan sonra məni saxlayanların cəzalandırılmasını istəyəcəyəm. Onlar mənim hüquqlarımı pozublar, mənim və ağır stress keçirən övladımın səhhətinə zərər vurublar», - daha sonra o deyib.
İ.Cavadovanın bu açıqlamasına Dövlət Sərhəd Xidməti və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
İ.Cavadova hələ 2014-cü ildə 40-dan çox qeyri-hökumət təşkilatı (QHT) ilə bağlı cinayət işi üzrə sorğu-sual edilən vətəndaş cəmiyyəti fəallarındandır.
Xanım hüquqşünas Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olub. 2018-ci il iyunun 11-də bir şikayət əsasında onun Vəkillər Kollegiyasındakı fəaliyyəti dayandırılıb.
Verilən məlumata görə, şikayətçi kollegiyaya bildirib ki, İ.Cavadovaya etibarnamə vermədiyi və hüquqi yardım barədə müqavilə bağlamadığı halda özünün razılığı olmadan onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər edib, bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yayıb. Üstəlik, qeyd edildiyinə görə, şikayətçi Rəyasət Heyətindən xahiş edib ki, vəkil İ.Cavadova barəsində tədbir görülsün.
İ.Cavadova isə haqqındakı qərarı qərəzli və əsassız hesab edir. Onun sözlərinə görə, şikayətçi xanımla müqaviləsinin olmaması barədə deyilənlər də yalandır. (turan)