NATO Azərbaycana silah sata bilər
“Atlas” Araşdırmalar Mərkəzi Azərbaycanın hərbi potensialı ilə bağlı analitik material hazırlayıb. “Qafqazinfo” “NATO ölkələri Azərbaycana silah sata bilər” başlıqlı yazını təqdim edir:
Azərbaycanın hərbi inkişafı ilə bağlı bu ay iki mühüm hadisə baş verdi.
"Xeberinfo.com":Birinci hadisə Bakıda Beynəlxalq Hərbi Müdafiə Sənayesi Sərgisinin - ADEX-2014-nün keçirilməsiydi. İki günlük sərgidə, Azərbaycan öz hərbi məhsulları ilə təmsil olunmuşdu. Bundan başqa sərgidə Türkiyə, Fransa, İsrail və Fransa kimi ölkələrin hərbi texnikası yer almışdı. Azərbaycan məhz bu ölkələrlə hərbi əməkdaşlığını genişləndirməyə çalışır. Azərbaycanın müdafiə sənayesi 30-dan çox dövlətlə əməkdaşlıq qurub, müasir texnologiyalar əldə edir. İsrailin və Türkiyənin müdafiə nazirləri şəxsən Bakıya gələrək sərgidə iştirak edirlər.
Bu sərgiylə rəsmi Bakı Qərbə göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinə görə NATO ölkələrinin Azərbaycana tətbiq etdiyi silah embarqosu işləmir. Sərgidə ABŞ şirkətləri təmsil olunmasalar da, bəzi NATO ölkələrinin Azərbaycandakı sərgiyə maraq göstərməsi yaxın gələcəkdə Qərbin önəmli silah şirkətlərinin Azərbaycanla əməkdaşlığa başlayacağını işarəsidir. Bunlardan Fransa və Polşanı misal çəkmək olar. Hər iki ölkə Azərbaycanla hərbi əməkdaşlığa can atır. Ukraynada baş verənlər NATO-nun münaqişəli ölkələrə silah satmamaq konspesiyasını zəiflədir. Başda ABŞ olmaqla NATO ölkələrinin bir qismi Ukraynaya silah göndərməyə qərar veriblər. Halbuki, Ukraynada münaqişə var və daxili qaydalara görə əslində NATO bu ölkəyə müasir silahlar verməməlidir. Ancaq NATO ölkələri hazırki reallıqdan çıxış edərək, Ukraynanın Rusiyanın ekspansiyasına qarşı güclü ordusu olmasına dəstək qərarı veriblər.
Bu hesabla Ukraynaya silah verən NATO ölkələri yaxın gələcəkdə Azərbaycanla da hərbi əməkdaşlığı mümkün saya bilərlər. Çünki, Dağlıq Qarabağ problemi ilə yanaşı Azərbaycana digər təhlükələr də var ki, NATO Azərbaycanın bu təhlükələrə qarşı müasir hərbi qüvvələrinin olmasını istəyir.
NATO-nun qyeri-rəsmi embarqosu səbəbindən Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlıq etmək məcburiyyətindədir. Rusiya Azərbaycana 100 ədəd T-90S tank satıb, daha 100 satılması istiqamətində danışıqlar gedir. Bundan başqa Rusiya Azərbaycana T-72 tanklarını müasirləşdirməyi təklif edib. Beləliklə, boşluqdan istifadə edən Rusiyanın hərbi sənaye kompleksi Azərbaycanda möhkəmlənir. Çünki, Rusiyadan bu qədər silah alan Azərbaycan gələcəkdə həmin texnikanın ehtiyat avadanlıqlarını da Rusiyadan almaq məcburiyyətində qalacaq. Bu isə yeni kontraktlar deməkdir.
İkinci hadisə sentyabrın 13-dən 20-ə qədər Azərbaycan ərazisində Azərbaycanla Türkiyənin birgə hərbi təlimlərinin keçirilməsi idi. Təlimlərə 30 min canlı qüvvə, 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, 20-dək təyyarə, 15 helikopter qatılmışdı. Miqyasına görə, bu Azərbaycanla Türkiyə arasında ilk belə genişmiqyaslı hərbi təlimlər idi.
Bu təlimlərin bir neçə məqsədi olub:
Birinci məqsəd Rusiya və Ermənistana mesaj göndərmək olub. Rəsmi Bakı Kremllə normal münasibətlərə çalışsa da və bu ölkədən silah alsa da, Moskvanın əvvəlkitək Ermənistana dəstək verdiyini və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olmadığını anlayır. Avqustun əvvəllərində cəbhə bölgəsində atəşkəs pozulduqda Rusiya prezidenti Vladimir Putin hərbi təşəbbüsün Azərbaycanın tərəfinə keçəcəyindən ehtiyat edərək dərhal Soçidə görüş təşkil etdi. Putinin məqsədi münaqişənin həllnin sürətləndirmək deyil, Azərbaycan prezidenti İlham Əliyevi anlatmaq idi ki, müharibə başlasa bu Azərbaycanın zərərinə olacaq. Təsadüfi deyil ki, Soçidən sonra Rusiya Ermənistanla birgə iki hərbi təlim keçirdi. Bu Kremlin Bakıya xəbərdarlıq mesajı idi. Sentyabrın 3-7-si tarixlərində Ermənistandakı Alagöz təlim-məşq kompleksində Rusiya hərbi bazası və Ermənistan Müdafiə Nazirliyi hərbçilərinin iştirakı ilə batalyon-taktik təlimlər keçirildi. Təlimlərə 1500 hərbçinin, 300 zirehli tank, avtomobil və xüsusi hərbi texnikanın cəlb olunmuşdu. Deməli, rəsmi Bakı bu təlimlərə necəsə cavab verməli idi. Ən yaxşı variant kimi də Türkiyə ilə birgə daha böyük canlı qüvvə və hərbi texnika ilə birgə hərbi təlimlərə üstünlük verildi.
İkinci məqsəd Ukraynadakı hadisələrə reaksiyadır. Belə bir fikir geniş yayılıb ki, Ukraynadan sonra növbə Cənubi Qafqaza çatacaq. Yəni Rusiya Krımı işğal etdikdən və Ukraynanın şərqində separatçı bölgəni rəsmiləşdirdikdən sonra Gürcüstan və Azərbaycana təzyiqləri artıracaq ki, hər iki ölkə Kremlin siyasi və iqtisadi orbitində yer alsın. Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Rusiyaya Azərbaycanın Ukraynaya bənzəmədiyini, güclü ordusunun olduğunu və “X” vəziyyətində Türkiyənin Azərbaycana hərbi dəstək verəcəyini anlatmalı idi.
Üçüncü məqsəd hərbi təlim Avrasiya bölgəsindəki ağır duruma reaksiyadır. İŞİD terror qruplaşması Türkiyə və Azərbaycanı da hədəf götürüb. İŞİD Xilafət xəritəsinə Azərbaycanla Türkiyəni də daxil edib. Ona görə də Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri İŞİD qruplaşmasına da mesajdır ki, bu iki ölkədən uzaq dayansınlar.
Dördüncü məqsəd enerji və boru xətlərinin qorunmasıdır. Dağlıq Qarabağ münaqişəsi və İŞİD terror qruplaşması Azərbaycan və Türkiyə ilə yanaşı enerji resurslarının dünya bazarlarına çatdırılmasına da təhdid yaradır. 2015-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu da işə düşəcək. Ona görə də Arərbaycan-Türkiyə birgə hərbi təlimləri boru xətlərinin mühafizə altında olduğuna da işarədir. Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində boru xətlərin qorunması komponenti də olduğundan gələcəkdə bu hərbi təlimlərə Gürcüstanın qoşulması realdır.