Kərəm Həsənova qarşı ağır ittihamlar
Komitə sədri dövlət korporasiyasını talan etməkdə suçlanır
"Xeberinfo.com": “Azkontrakt” Dövlət Korporasiyasının tabeliyində olan “Azərmetal” Topdansatış Ticarət Birliyinin kollektivi “Azadlıq”a müraciət edib. Onlar tabe olduqları “Azkontrakt” Dövlət Korporasiyasının fəaliyyətsizliyindən və qurumda baş verən maxinasiyalardan şikayətlənir. Məsələyə aydınlıq gətirmək üçün “Azadlıq” “Azərmetal” Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasovla əlaqə saxlayıb. Onunla söhbətimizi təqdim edirik:
- Işçiləriniz redaksiyamıza müraciət edərək “Azkontrakt” Dövlət Korporasiyasının fəaliyətsizliyindən və maxinasiyalardan şikayətlənib. Bu iddialar nə qədər doğrudur?
- Biz hamımız “Azkontarkt”dan şikayətçiyik. Nəzərinizə çatdırım ki, “Azkontarkt” mərhum prezident Heydər Əliyevin fərmanı ilə 1997-ci ilin 17 dekabrında Ticarət və Material Ehtiyatları nazirliklərinin bazasında yaradılıb. “Azkonkrakt” dövlətimizin ehtiyaclarını və strateji əhəmiyyətli istehsal və texniki material proqramlarının maddi texniki təminatı, bu sahədə dövlətlarərası təsərrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təşkilatlarına lazımi materialların verilməsinə köməklik edilməsi tövsiyyə edilir. Lakin 1996-cı ildən indiyə qədər bir dəfə də olsun “Azkontrakt” tərəfindən prezidentin həmin fərmanında göstərilən fəaliyyət olmayıb. Qurumun prezidenti Miri Qəmbərov tərəfindən ötən müddətdə Nazirlər Kabinetinə, dövlətin digər qurumlarına müraciət olunmayıb ki, filan mal və materialları ölkəyə gətirmək istəyirik, bizə lazımi işləri görməyə, müqavilələri bağlamağa kömək edin. Belə çıxır ki, Miri Qəmbərov bu cür acınacaqlı vəziyyətlə razıdır, ona sərf edir.
Təsəvvür edin, 18 ildir işləməyən bir qurumun xidməti maşınlarına hər ay 1200 manatlıq benzin alınıb-silinir. Mən dəfələrlə Miri Qəmbərova demişəm ki, bu boyda prezident fərmanı var, əvvəllər olduğu kimi ölkənin bütün xammal və digər (əsasən, metal və taxta) ehtiyaclarını ödəyə bilərik, gəlin bu mürgülü vəziyyətdən çıxaq. Amma onun saxta daxili əmrlə təyin edilmiş (prezident sərəncamı ilə təyin edilməli olduğu halda) müavini Güləddin Dadaşovun fəaliyyətsizliyi Miri Qəmbərovu da yoldan çıxarıb. Çünki özləri dolanırlar, baş girləyirlər, amma dövlətə bir manat belə xeyir gətirən fəaliyyət yoxdur, minlərlə işçi 18 ildir Miri Qəmbərovun hərəkətə gəlməsini gözləyir? Təsəvvür edin, fərman veriləndən bəri 18 il ötür. “Azkontrakt” bu illər ərzində xarici ölkələrlə heç 18 manatlıq iş də görməyib. Prezident fərmanı ilə sənə bu qədər səlahiyyət verib, tabeliyinə iki nazirlikdən yüzlərlə müəssisə verib. Bu müəssisələrdə minlərlə insan çalışırdı. Indi həmin idarə və müəssisələrdə işçilərin heç bir faizi qalmayıb. Bir çoxunun fəaliyyətsizlikdən ürəyi partladı və dünyasını dəyişdi, bir çoxu tanınmış mütəxəssislər idi, dözməyib baş götürüb getdi. “Azkontrakt” rəhbərliyi isə bu idarə və müəssisələrin torpaq sahələrini, əksəriyyəti şəhərin mərkəzindədir, kollektivə də yox, kənar adamlara satmaqla məşğuldur. Təsəvvür edin, bizim birlik Heydər Əliyev prospektində, 1 saylı Şərab zavodunun qonşuluğunda yerləşir. Vaxtilə 13 hektara yaxın sahəmiz var idi, indi 85 sot torpaq sahəsi qalıb. Hamısı satılıb. Şikayətimizin də məzmunu və mahiyyəti ondan ibarətdir ki, bu torpaq sahələri bizə aidiyyəti olmayan adamlara satılıb, bunu da bağışlamaq olar, amma bizə qalan 85 sot torpağı isə özümüzə, öz kollektivimizə özəlləşdirməyə hələ də imkan vermirlər. Miri Qəmbərov deyir ki, Kərəm Həsənov qoymur. Bəs niyə 12 hektar sahə başqalarına sənin məktubunla özəlləşməyə veriləndə və satılanda Kərəm Həsənov qoyub? Artıq bıçaq sümüyə dirənib, istəyirik ki, səsimizi ölkə prezidenti, ölkənin baş naziri, digər dövlət qurumlarının rəhbərləri eşitsinlər. Bu qədər ədalətsizlikmi olar? Təsəvvür edin, əvvəllər Azərbaycanda metal sahəsində yeganə baza olmuşuq.
- Siz özünüz də bir təchizat müəssisəsiniz, yəni xaricdən müqavilə əsasında mal gətirən qurumsunuz. Bəs sizin əl-qolunuz niyə bağlanıb?
- Bizdə struktur belədir: Tutaq ki, dövlətə 500 ton boru, 300 kubmetr taxta lazımdı, onda deyirlər ki, Miri Qəmbərov, gedib filan yerli şirkətlə müqavilə bağla. O da dövlət ehtiyaclarına uyğun taxta, şüşə və s. haqda müqavilə bağlayır, bizə tapşırıq-sifariş gəlir. Amma həqiqətdə belə deyil. Indi təchizat təşkilatlarının bizdən başqa heç birinin dövri vəsaiti olmadığına görə hamısı ləğv olunub, əraziləri Miri Qəmbərov və onun qanunsuz əsasla təyin olunmuş müavini Güləddin Dadaşov tərəfindən satılıb, vəssalam! “Azkontrakt” təşkil olunanda bəzi müəssisələri veriblər Nazirlər Kabinetinin sərəncamı ilə Əmlak Komitəsinin tabeliyinə, özəlləşdirmək üçün.
- Bəli bizim qurumun dövrü vəsaiti vardı, 10 milyarddan artıq mal qalığımız olduğundan, indiyədək onları satıb yalnız qalan işçilərə əmək haqqı vermişik.
18 ildir gözləyirik ki, nəhayət, Miri Qəmbərov hərəkətə gələcək, Nazirlər Kabineti bizə yiyə duracaq. Miri Qəmbərovun Nazirlər Kabinetinə bir məktub - müraciəti belə yoxdur ki, bizə iş verin, şərait yaradın. Belə vəziyyətə nə qədər dözmək olar? Bir də anbarları icarəyə verib qəpik-quruşla vergiləri vermişik. Onu da deyim ki, Ramiz Həsənov (hazırda Dövlət Standartlaşmanın sədri) prezident sərəncamı ilə “Azkontrakt”a sədr müavini təyin olunandan sonra onun səyi ilə Ukrayna ilə bir müddət birgə işləmişik, müəyyən işlər gedirdi. Ramiz Həsənov komitə sədri gedəndən sonra keçdik tam mürgü mərhələsinə.
- 1996-cı ildə işçilərinizin sayı nə qədər idi, bu gün nə qədərdir?
- 1996-cı ildə 123 nəfər idik, indi 3 nəfərik!
- Bazanın özünün ərazisi və yaxud əmlakın özəlləşməsi barədə məsələ qaldırmısınızmı?
- Bazanın özəlləşməsi haqqında dəfələrlə məsələ qaldırmışıq. Buna baxmayaraq ərazilərimiz heç vaxt “Azərmetal”da, bizim sistemdə, bizim strukturda işləməyən adamlara satıblar. Məsələn, Mirzə Ramazanov adlı şəxsə 1 hektar 20 sot torpaq veriblər, bizim ərazidə, hətta darvazadan girib-çıxmaq yerimiz də qalmayıb, uzun mübarizədən sonra icazə almışıq ki, icazə verin qapımızdan idarəmizə keçək.
- Mirzə Ramazanov kimdir?
- Mirzə Ramazanov məşhur Yusif Hümbətovun qaynıdır. Başqa bir nazirin qohumuna da - adını çəkmək istəmirəm - 1 hektar 20 sot veriləndə böyük etiraz oldu. Mən təklif elədim və təkid etdim ki, Miri Qəmbərov, gəl idarəyə, camaata cavab ver. O ərəfədə mənə şirnikləndirici təkliflər oldu, dedim ki, mən iş yoldaşlarımı sata bilmərəm. Dedim ki, cavab verməlisən ki, bu yeri niyə öz kollektivimizə deyil, başqalarına satırsan?
Bunu birbaşa Miri Qəmbərova dedim. Güləddin Dadaşov da eşitdi bu konkret söhbəti. O, korporasiyada müavindir. Bu adama Miri Qəmbərov tərəfindən təyin olunub. Halbuki onun təyinatı ilə bağlı prezident sərəncamı olmalıdır. Miri Qəmbərovun keçmiş müavini Ramiz Həsənov başqa işə gedəndən Güləddin Dadaşovu təyin ediblər, bu günə qədər də prezident sərəncamı yoxdur, özü də hər yerdə yazır ki, sədr müavinidir, məktublara da imza atır. Bütün mühasibatlıq da, hər şey də bunun əlindədir.
Təsəvvür edin, Miri Qəmbərov mənə deyirdi ki, sizə 90 sot ərazi veririk, kollektivin razılığı ilə. Əmlak Komitəsinə yazıldı ki, bu 90 sotu işçimiz Elçin Nuriyevin adına özəlləşdirilməsinə razıyıq. Məqsəd bu idi ki, bu sahədə kollektivin hamısının payı olsun. Uzun müddət müqavilə bağlandı, icarəyə götürdük, 60 min manatdan artıq icarə haqqı verdik, sonra müqaviləni pozdular, bizə özəlləşdirməyə qoymadılar. Bu haqda dəfələrlə Kərəm Həsənova, Miri Qəmbərova müraciətlər yazmışam, ərazənin surəti və onların göndərdiyi cavab məktubunu verəcəm sizə. Heç bir şey alınmadı, üstəlik Miri Qəmbərov həmin ərazini ötən il satdı Miqrasiya Xidmətinə. Bizimlə bərabər bir gün fərqi ilə, iki müqavilə bağlanıb. Nömrələri 3804 və 3805. Bizimki kənarda qalıb, amma 3805 özəlləşib.
O 90 sotu da dediyim kimi, özəlləşdirmədilər Əmlak Komitəsindən, sədr müavini Rauf Cəlilovun, Rüstəm Şahbazovun imzası ilə müxtəlif cavablar aldıq. Günlərin birində isə Abşeron topdansatış müəssisəsi bizə məxsus 1 hektar 40 sot sahəni özəlləşdirdi.
- Hansı addımları atmaq niyyətindəsiz?
- Hələlik mətbuat vasitəsilə ölkə prezidentin diqqətinə çatdırırıq ki, bu qədər qanunsuzluqlar var, “Azkontrakt” ölüb, işləmir, 18 ildi camaat hamısı müflis olub, iş yoxdur, iş yerini itiriblər, üstəlik də işi bilən adamlar Miri Qəmbərovun vaxtında baş götürüb getdi. Istəyirik ki, ölkə rəhbəri bütün bunları nəzarətinə götürsün və tədbir görsün!
Şahin Abbasovun ittihamları ilə bağlı Miri Qəmbərovla da əlaqə saxladıq. Miri Qəmbərov bildirdi ki, ünvanına səslənən ittihamların heç bir əsası yoxdur. “Mən torpaq satmıram, bütün bu işlər dövlətin nəzarətindədir. Şahin Abbasovun ittihamları əsassızdır. O ailə təsərrüfatı yaradıb, qohumları üçün torpaq sahəsi istəyir. Ona görə belə danışır”, - deyə Miri Qəmbərov bildirib.