Komitə sədrinin «vurulması» prosesinə başlanılıb
Kərəm Həsənovun adı “qara siyahı”da
Xeberinfo.com: Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov karyerasının qürubuna yaxınlaşır. Redaksiyamıza daxil olan məlumata görə, ölkə başçısı Ilham Əliyevin mayın 19-da dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı fərman Kərəm Həsənovun vurulması prosesinin başlanğıcıdır.
Məlumat üçün deyək ki, bu fərmanla faktiki olaraq Kərəm Həsənovun səlahiyyətləri əlindən alınıb. Komitə sədri özəlləşdirmə prosesindən kənarda saxlanılıb. Bəzi iddialara görə, Kərəm Həsənova bu etimadsızlığın bir səbəbi özəlləşdirmə sahəsindəki maxinasiyalardırsa, digər səbəbi onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla işbirliyində olması barədə faktlardır.
Kərəm Həsənovun artıq hakimiyyətdə nüfuzunu itirdiyini sübut edən daha bir fakt kənd təsərrüfatı naziri Heydər Əsədovun bir neçə gün əvvəl keçirdiyi müşavirədə Cəlilabad rayon Kənd Təsərrüfatı Idarəsinin rəisi Rahib Kərimovu sərt şəkildə tənqid etməsidir. Redaksiyamıza daxil olan məlumata görə, Rahib Kərimov Kərəm Həsənovun kadrıdır. Heydər Əsədovun müşavirədə ən sərt tənqidə məruz qoyduğu şəxslərdən biri məhz Rahib Kərimov olub. Hətta bəzi iddialara görə, nazir onu tutduğu vəzifədən azad etməyə hazırlaşır.
Bu arada sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq Iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, maliyyə naziri Samir Şərifova yaxın olduğu bildirilən Fikrət Yusifov Kərəm Həsənovun fəaliyyətini tənqid edib. O, strateq.az-a yazdığı məqalədə bildirir ki, ölkə başçısının yuxarıda qeyd olunan fərmanı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin özəlləşdirmə sahəsində indiyə qədər olan fəaliyyətinə verilən qiymət idi. Fikrət Yusifov daha sonra yazır: “Fərmanla praktik olaraq Dövlət Əmlak Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi sahəsindəki fəaliyyəti dayandırıldı. Buna səbəb nədir? Nə üçün dövlət başçısı bundan sonra dövlət əmlakının özəlləşdirilməsi işini bu Komitəyə etibar etmək istəmədi?
Çünki hökumət dövlət əmlakının özəlləşdirilməsinin iqtisadiyyata ciddi töhvələr verəcəyini gözləyirdi – bu isə baş vermədi, Dövlət Əmlak Komitəsi bu gözləntiləri doğrulda bilmədi. Komitə tərəfindən illər öncə özəlləşdirilən əksər dövlət müəssisələrinin fəaliyyəti bu gün yox dərəcəsindədir. Çünki Əmlak Komitəsi bu obyektləri özəlləşdirərkən onların sonrakı taleyinin necə olacağının fərqində olmayıb. Elə bu səbəbdəndir ki, hazırda ölkənin müxtəlif bölgələrində özəlləşdirildikdən sonra qapılarına qıfıl vurulmuş onlarla müəssisələrə rast gəlmək mümkündür…
…Bir sözlə, Komitə və onun rəhbərliyi dövlət əmlakının özəlləşdirilməsində dövlətin maraqlarını lazımınca qorumağa borclu olduğu halda, bu borcu “tamamilə yaddan çıxarıb”, dövlətə məxsus müəssisələri “qalıq dəyəri” ilə onların real bazar dəyərindən dəfələrlə aşağı qiymətə reallaşdırmaqla həm də dövlət büdcəsinə ciddi zərbə vurdu. Təbii ki, belə davam edə bilməzdi. Komitə rəhbərliyi belə yarıtmaz fəaliyyətin cavabını bir gün prezidentin imzaladığı bu etimadsızlıq fərmanı ilə almalı idi”.
Azadliq.info