MTN polkovniki prokuror övladlarından danışdı:"Ciblərindən 300-350 tabletka çıxdı"
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edir.
Yenixeber.org: Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndidilən şəxslər son sözlə çıxış edib.
Son sözlə ilk olaraq polkovnik Səlim Məmmədov çıxış edib
O deyib ki, ona qarşı düşmənçilik 2008-ci ildən yaranıb. Polkovnik prokurorların övladlarına qarşı keçirilən əməliyyatdan danışıb.
"Həmin vaxt biz bir polis mayorunun oğlu ilə bağlı tədbir keçirdik. Onun ekstazi satması barədə bizdə məlumat var idi. Polis oğlunun danışdığı şəxslərin telefon nömrələrini dinləməyə qoyduq. Bu xətt zəncirvari olaraq Bakı şəhər prokurorunun oğluna və Əzizbəyov rayonunun keçmiş prokurorunun oğluna gedib çıxdı.
Hər şeyi səliqəli şəkildə, qanun çərçivəsində etdik. Axtarışların hamısında şəxsən özüm iştirak etdim. Gəlib gördüm prokurorluq aləmi qatıb bir-birinə ki, "sən prokurorluqların uşaqlarına sataşmısan". Az qalırdı məni xalq düşməni elan etsinlər. Ortada video var idi deyə işi “sındıra” bilmədilər. O uşaqların hərəsinin cobindən 300-350 tabletka çıxdı. Bizim düşmənçiliyimiz də o vaxtdan başladı"- deyə polkovnik qeyd edib.
General özünün Akif Çovdarovun və nazirin daima dövlətə xidmət etdiklərini söyləyib:
"Bizə qarşı verilən istənilən qərardan asılı olmayaraq dövlətçiliyə sadiq qalacağıq. Keçmiş “MTN-çi” olmur. Amma bizə qarşı qərəzli davranırlar.
Ermənilərlə işləyib dövlətə xəyanət etməkdə ittiham edilən Rauf Mirqədirovu atasının yasına buraxdılar, amma anam öləndə məni buraxmadılar. Biz sizin uşaqlar üçün çalışıb narkotiklə mübarizə aparırdıq, siz bizimlə nəyin mübarizəsini aparırsız? Biz işləyəndə il ərzində 1 tondan çox narkotik vasitə aşkar edib götürürdük, bizdən sonra isə ilə cəmi 30 kiloqram narkotik tapa biliblər.
Azərbaycan xalqına həqiqət, hakimlərə ədalət, özümə isə bəraət istəyirəm”.
Bildirək ki, prokuror Akif Çovdarova cəza istəyib. Dövlət ittihamçısı Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Səlim Məmmədov 12 il, Akif Əliyevlə Orxan Osmanovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.(musavat)
İlkin Muradov