“İctimai dəstək olmadan girovlarımızı geri qaytarmaq çətindir”
"Xeberinfo.com": Ermənilərin işğal etdiyi Kəlbəcər rayonu ərazisində girov götürülən Azərbaycan vətəndaşları Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun hüquqlarını müdafiə komitəsinin iyulun 17-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi tədbirdə gözlənilməz hadisə baş verdi. Tədbir başlanandan az sonra toplantının keçirildiyi zalda əvvəl mikrofonlar kəsildi, bir qədər sonra isə işıqlar söndü. Nəticədə tədbir yarımçıq dayandırıldı.
İyulun 18-də müdafiə komitəsinin sədri, araşdırmaçı jurnalist Elxan Salahov “Media forum” saytına açıqlamasında bu hadisədən danışıb.
Elxan Salahov konfrans zalında əvvəl mikrofonların, ardınca isə işığın söndürülməsini kimlərinsə bu tədbirin keçirilməsinə mane olmaq cəhdi kimi dəyərləndirib: “Öz torpağımız olan və 21 ildir ermənilərin işğal altında saxladığı Kəlbəcər rayonunda ev-eşiyini, doğmalarının məzarını ziyarət edərkən girov götürülən həmyerililərimizin müdafiəsinə həsr olunmuş tədbirdə mikrofonların və işığın kəsilməsini sadəcə olaraq anlamadım. Bu, kimin işidir, kimin sifarişidir, bunu edənlərin məqsəd və məramı nədir – bütün bunlar mənə qaranlıqdır. Ya kimlərsə Ermənistanda girov saxlanan soydaşlarımızın hüquqlarının aktiv şəkildə müdafiə olunmasında maraqlı deyil, ya da bu müdafiə işində ictimaiyyətin, sadə insanların qabağa düşməsini istəmirlər. Lakin hesab edirəm ki, ictimai dəstək olmadan, işğal altındakı rayonlardan, öz doğma yurd-yuvasından zorla çıxarılmış məcburi köçkünlərin dəstəyi və iştirakı olmadan girov götürülən soydaşlarımızın mümkün qədər tez və sağ-salamat geri qaytarılması çox çətindir”.
Elxan Salahov müdafiə komitəsinin aktiv fəaliyyətinin hökumətin girovlarımızın azad edilməsi istiqamətində atdığı addımlara ziyan verə biləcəyi ehtimalı, 17 iyul tədbirini də elə bu ehtimalla hökumət nümayəndələrinin əngəllədiyi barədə sualları da cavablandırıb. O, rəhbəri olduğu müdafiə komitəsinin girovların azad edilməsi istiqamətində hökumətin atdığı addımlara mənfi təsir göstərə biləcəyi iddialarını əsassız saydığını vurğulayıb: “Əksinə, bizim əsas vəzifəmiz və məqsədimiz bu işdə dövlətə dəstək verməkdir. Çünki burada elə məqamlar ola bilər ki, o məsələləri Ermənistan hökumətinə, yerli və beynəlxalq ictimaiyyətə, dünyanın böyük güclərinə məhz torpağımızın işğalının ağırlığını hər an qəlbində, çiynində daşıyan, məcburi köçkünlüyün bütün məhrumiyyətlərini yaşayan sadə vətəndaşların çatdırması daha effektiv olar. Bəli, Azərbaycan dövləti Kəlbəcərdə əsir götürülmüş hər 3 şəxsin tezliklə azad edilməsi, onların öz ailələrinə qovuşması üçün mümkün olanları edir. Ancaq biz də vətəndaş olaraq torpağını, ata-babasının qəbrini ziyarətə gedən həmyerlilərimizin ermənilər tərəfindən girov götürülməsinə biganə qalmamalıyıq, bütün beynəlxalq hüquq normalarını tapdayan Ermənistana qarşı etiraz səsimizi dünyaya çatdırmalıyıq. İndi elə bir məqamdır ki, vaxt itirmək olmaz. Çünki itirdiyimiz hər saat, hər gün ermənilərin bizim torpağımızda girov götürdüyü soydaşlarımızın həyatına təhlükəni artırır”.
Müdafiə komitəsinin növbəti addımlarının nədən ibarət olacağına gəlincə, Elxan Salahov deyib ki, bu tədbirlər vəziyyətdən asılı olaraq dəyişir. Ancaq onun sözlərinə görə, komitə əsas gücünü beynəlxalq ictimaiyyəti bu məsələyə ciddi müdaxiləyə vadar etməyə yönəldib: “Hər gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyi ilə əlaqə saxlayırıq və onları girovlarımızın taleyinə biganə qalmamağa çağırırıq. Biz artıq müdafiə komitəsi adından beynəlxalq qurumlara müraciət də hazırlamışıq və həmin müraciət mətbuatda yayılıb. Müraciətin mətni rus və ingilis dillərinə tərcümə olunur və qısa vaxtda onu məktub şəklində Beynəlxalq Qızıl Xaç Komitəsinə, digər beynəlxalq təşkilatlara təqdim edəcəyik”.