Hikmət Hacıyevdən girovların qanunsuz mühakiməsinə münasibət
Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ermənilərin girov götürdüyü azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində qanunsuz mühakiməsinə münasibət bildirib.
"Xeberinfo.com": Məlumata görə, Hikmət Hacıyev deyib: “Ermənistanın kütləvi informasiya vasitələrində Dilgəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulmuş qondarma məhkəmə işinin başa çatması haqda məlumat yayılıb. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində təşkil olunan bu qurama məhkəmə işinin heç bir hüquqi əsası yoxdur və onun iddia olunan nəticəsi hər hansı hüquqi mahiyyət kəsb edə bilməz”.
Hikmət Hacıyev qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan Respublikasının ərazisində ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər, Həsən Həsənov isə qəddarcasına öldürülüb.
Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Ermənistan beynəlxalq hüquqi öhdəliklərini kobud şəkildə pozduğuna, mülki şəxsləri girov götürdüyünə, işgəncələr əsasında onlardan ifadələr alındığına və onların saxta məhkəmə qarşısına çıxarılmasına görə məsuliyyət daşıyır.
Hikmət Hacıyev bildirib ki, beynəlxalq təsisatlar insan hüquqları məsələsində ayrı-seçkilik qoymamalı, insan hüquqlarını kobud, sistematik və kütləvi şəkildə pozan Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad olunmasını və itkin düşmüş 4 mindən artıq azərbaycanlının taleyi barəsində izahat verilməsini tələb etməlidir: “Eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən ümdə hüquqlarından məhrum olmuş 1 milyon nəfərdən artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının müdafiəsinə də lazımi diqqət ayrılmalıdır”.
Hikmət Hacıyevin sözlərinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar ilə təmaslar davam etdiriləcək.
Şahbaz Quliyev və Dilqəm Əsgərov bu ilin iyul ayında Kəlbəcərdə girov götürülüb. Onlarla birgə Kəlbəcərə gedən Həsən Həsənov isə öldürülüb, meyiti oktyabrda alınaraq Bakıda dəfn edilib.
Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində qurulan qanunsuz mühakimə prosesi dekabrın 29-da başa çatıb. Qondarma məhkəmə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il azadlıqdan məhrumetmə cəzası verildiyini elan edib.