Naxçıvan Muxtar Respublikasının flora və faunası
Ətraf mühitin mühafizəsi
"Xeberinfo.com":Naxçıvan Dövlət Universitetində keçirilən növbəti elmi konfrans “Naxçıvan Muxtar Respublikasının flora və faunası: ətraf mühitin mühafizəsi” mövzusuna həsr olunmuşdu.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, Əməkdar elm xadimi, professor Saleh Məhərrəmov çıxışına, ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə başlayıb: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Müstəqilliyin ilk illərində Azərbaycanda ekoloji problemlərin həllinin diqqətdən kənarda qaldığını vurğulayan rektor, ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində ardıcıl tədbirlər görüldüyünü, bu sahədə dövlət siyasətini tənzimləyən zəngin qanunvericilik bazası yaradıldığını qeyd edib. Bildirilib ki, dahi şəxsiyyətin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasında təbii ehtiyatlardan səmərəli istifadə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq və ətraf mühiti qorumaq hüquqları öz əksini tapıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Hafiz Yaqubovun “Naxçıvan Muxtar Respublikasında dövlət ekoloji siyasəti” mövzusunda məruzəsi dinlənilib. Nazir, ulu öndərin 2001-ci il 23 may tarixli Sərəncamına əsasən, ölkəmizdə ekoloji siyasəti həyata keçirən vahid dövlət idarəetmə strukturunun – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasını bu sahəyə göstərilən dövlət qayğısının daha bir ifadəsinə çevrildiyini konfrans iştirakçılarının nəzərinə çatdırıb. Nazir, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafına xüsusi diqqət göstərdiyini, Dövlət başçısının sərəncamı ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi, həmin ildən başlayaraq beynəlxalq ekologiya sərgilərinin keçirilməsi ekoloji problemlərin həllinə göstərilən diqqətin daha bir ifadəsi olduğunu bildirib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da əlverişli ekoloji mühitin yaradılması sahəsində ardıcıl tədbirlər görülür. “Əlverişli mühitin yaradılmasında ən mühüm amillərdən biri meşə ehtiyatlarının qorunması, bərpası və artırılmasıdır. Muxtar respublika təbiətinin zənginliyi həm də burada nadir bitki və heyvan növlərinin mövcudluğu ilə ölçülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” çap edilmişdir. Bu da sayı azalmaqda olan növlərin mühafizə edilməsi və artırılması baxımından mühüm əhəmiyyət daşıyır”, – deyən məruzəçi bildirib ki, ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur. Nazir Naxçıvan Muxtar Respublikasının daxili sularında, Araz çayı və dəryaçasının muxtar respublika hüdudlarına aid olan hissəsində suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması məsələsinə də toxunub.
AMEA-nın müxbir üzvi, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, professor Tariyel Talıbovun “Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin mühafizəsi problemləri”, NDU-nun Baytarlıq kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirovun “Naxçıvan Muxtar Respublikasında arıçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri”, “Botanika” kafedrasının dosentiHilal Qasımovun “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, Zoologiya kafedrasının baş müəllimi Hüseyn Novruzovun “Naxçıvan Muxtar Respublikasında qışlayan quşlar” mövzularında məruzələri dinlənilib. Məruzələrdə ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu olduğunu, buna görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılmasını, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasının diqqət mərkəzində saxlanıldığını, bu məqsədlə də ardıcıl tədbirlər görüldüyünü diqqətə çatdırıblar.
Konfransın gedişi zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı