NDU-nun idman sahəsində əldə etdiyi nailiyyətlər
Universitetdə son bir ildə idman sahəsində qazandığı uğurlara həsr olunmuş tədbir keçirilib
"Xeberinfo.com": Naxçıvan Dövlət Universitetində son bir il ərzində müxtəlif miqyaslı (futbol, badminton, cüdo, sərbəst güləş, atletika və digər idman növləri üzrə keçirilən) yarışlarda yer tutan idmançı tələbələrlə universitetin rektoru, professor Saleh Məhərrəmovun görüşü olub. Görüşdə çıxış edən rektor, professor Saleh Məhərrəmov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ilk illərdə özünü bütün sahələrdə göstərən böhran səbəbindən idman siyasəti də tamamilə diqqətdən kənarda qalmışdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra sosial sferanın bütün sahələrində olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Beləliklə də bu sahədə yüksəlişin əsası qoyuldu. Müasir dövrdə Azərbaycan gəncliyinin fiziki inkişafına, sağlamlığına, hərbi vətənpərvərlik ruhunda böyüməsinə və asudə vaxtlarının səmərəli təşkilinə göstərilən diqqət və qayğının təzahürüdür ki, Azərbaycan idmançıları beynəlxalq çempionat və olimpiadalarda parlaq qələbələr qazanırlar. İdman sahəsində ixtisaslı mütəxəssis hazırlığı da daim diqqət mərkəzində saxlanılır. Rektor, universitetdə Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, Bədən tərbiyəsi və idman ixtisasları üzrə ali təhsilli mütəxəssislər hazırlandığını bildirib. Saleh Məhərrəmov rəhbərlik etdiyi universitetdə digər sahələrdə olduğu kimi gənclərin fiziki tərbiyəsinə də xüsusi əhəmiyyət verildiyini, universitetdə tələbələrin fiziki tərbiyəsinin yüksək səviyyədə təşkili üçün yaxşı maddi-texniki baza yaradıldığını, lazım olan avadanlıqlar və ləvazimatlarla təchiz edildiyini vurğulayıb.“Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” kafedrasının müdiri Məmmədəli Rəhimov çıxışında Naxçıvan Dövlət Universitetinin son bir ildə idman sahəsində qazandığı uğurlara nəzər salaraq, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91 illiyinə və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş “Universiada - 2014” proqramı çərçivəsində keçirilən idman yarışlarının qələbələrlə yadda qalan olduğunu bildirib. Məmmədəli Rəhimov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol yarışlarında finala uğurla vəsiqə qazanan Naxçıvan Dövlət Universitetinin futbol komandası “Araz-2” komandasına qalib gələrək həm Naxçıvan Muxtar Respublika çempionatının, həm də Naxçıvan kubokunun sahibi olub. Qeyd olunub ki, bundan əlavə idmançı tələbələr futbol, badminton, cüdo, sərbəst güləş, şahmat, atletika və digər idman növləri üzrə keçirilənrespublika, muxtar respublika yarışlarında universiteti uğurla təmsil ediblər. Universitetdə 2 ədəd idman meydançası, 3 ədəd idman zalı, 4 ədəd şahmat otağı, trinajor zalı tələbələrin istifadəsindədir.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov respublika, muxtar respublika yarışlarında qalib gəlmiş idmançı tələbələrə diplom, medal, fəxri fərman və kubokları təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı