“Pulun yoxsa, sənə kimyaterapiya lazım deyil”
«Pul vermədiyimə görə dedilər ki, ‘xəstəyə kimyaterapiya lazım deyil’»
«Bir az da tələb edən kimi mühafizəçiləri tökürlər xəstənin və ailə üzvlərinin üstünə, «ictimai asayişi pozur» deyib tutub atırlar çölə… Sonra da Milli Onkologiya Mərkəzində arzuolunmaz xəstə hesab olunursan. Növbəti dəfə qapısından içəri buraxmırlar».
Xeberinfo.com: 57 yaşlı Vahab Əliyevə bədxassəli xərçəng diaqnozu qoyulub. Ancaq həkim yardımı ala bilmir, ona vacib sayılan kimyaterapiyadan məhrum olub. Elə evdəcə yataqda gündən günə gül kimi solub gedir. Yemir, nəfəs alması çətinləşib. Biçarə ailə üzvlərinin isə pulsuzluqdan əli heç yerə çatmır.
«BİZLİK DEYİL, BAŞ HƏKİMİ GÖR»
Oğlu Qorxmaz Əliyev AzadlıqRadiosu-na danışır ki, bir neçə gün əvvəl atasını Milli Onkologiya Mərkəzinə aparıb. Orada müayinələrə və kimyəvi terapiya seansına tələb olunan pulu vermədiyindən xəstə xəstəxanadan əməlli-başlı qovulub. İndi kimyaterapiya qəbul etməyə başqa dövlət xəstəxanası yoxdur ki, xəstənin durumunu nəzarətdə saxlaya. Özəllərsə pulludur:
«Avqustun 24-də atamı Onkologiya Mərkəzinə aparanda həkimlərə vəziyyətimizi anlatdım ki, özüm hərbçiyəm, kasıb yaşayırıq, xəstəxanaya verməyə pulumuz yoxdur. Belə də ki, dövlətin xəstəxanasıdır, burada müayinələr, kimyaterapiya pulsuz olmalıdır. Dedilər, «bizlik deyil, baş həkimi gör». Mən də girdim baş həkimin otağına, vəziyyəti anlatdım. Heç olmasa, hərbçi olduğuma görə mənə güzəşt olunmasını xahiş etdim. O da sanki məni başa düşdü, həmin gün müayinələrə, kimyaterapiyaya pul vermədim. Amma atamı əsas müayinələrdən biri olan tomoqrafiya da etmədilər».
«DEDİLƏR, KİMYATERAPİYA LAZIM DEYİL»
Sentyabrın 5-də Qorxmaz Əliyev atasını növbəti dəfə Onkologiya Mərkəzinə gətirib. Bu dəfə xəstəyə elə «üz göstəriblər ki», ölməyi müalicədən üstün tutub. Oğlu davam edir:
«Dedilər, «atana kimyaterapiya lazım deyil». Dedim, «necə yəni, lazım deyil?» Təsəvvür edirsiz, öz cərrahları bundan 3 gün əvvəl qərar vermişdi ki, şişi kiçiltməkdən ötrü əvvəl xəstəyə kimyaterapiya verilməlidir, şiş kiçiləndən sonra əməliyyata götürülməlidir. İndisə deyirlər, «ehtiyac yoxdur». Başa düşdüm ki, 3 gün əvvəl bunlara pul vermədiyimə görə bəhanə edirlər. İnsan yıxılanda saman çöpündən yapışır, atamın vəziyyəti gündən günə ağırlaşır, həkimlərsə bu durumdan istifadə edirlər. Gördüm ki, atamın vəziyyəti ağırlaşır, məcbur qalıb həkimlərə pul təklif elədim. Eyhamla vurğuladılar ki, «daha səndən pul götürə bilmərik, mümkün deyil, vəssalam».
«400 MANATI VERMƏDİM DEYƏ…»
Qorxmaz Əliyev baş həkimə müraciət etdiyini söyləyir. Dediyinə görə, baş həkim də bildirib ki, «həkim deyirsə lazım deyil, deməli lazım deyil». O, atasını Mərkəzi Gömrük Hospitalına aparmalı olub, orada 350 manat ödəyərək xəstəni tomoqrafiya etdiriblər:
«Özləri xəstəyə 3 həftədən bir 4 kurs kimyaterapiya təyin etmişdilər. Divarında «səhiyyə pulsuzdur» yazılan Mərkəzdə kimyaterapiyanın bir kursu 400 manatdır. Mən sentyabrın 2-də atamın müayinələrinə görə ayrı-ayrılıqda 25, 33 və 30 manatı, üstəlik də kimyaterapiyaya görə 400 manatı vermədiyimdən atamı ikinci dəfə qəbul etmədilər. Bir atma dərman yazdılar, o dərman da apteklərdə yoxdur. Ümumiyyətlə, belə xəstələrin dərmanları yalnız Milli Onkologiya Mərkəzində verilir. O dərmanları da vermirlər, deyirlər, ‘get, apteklərdən soruş’».
Qorxmaz Əliyev Milli Onkologiya Mərkəzində pulsuz müayinə ilə bağlı həkimlərlə mübahisələrinin səs yazısını da AzadlıqRadiosu-na göndərib. Həmin danışıqlarda həkimlər ona «hamıya necə, sənə də elə», deyib pulsuz müayinənin mümkünsüzlüyünü bildirirlər.
«SAAT 9-DA GƏLSİNLƏR»
Vahab Əliyevin durumu günbəgün ağırlaşır, yemək yeyə bilmir. Özəl xəstəxanalarda onu müayinə edən həkimlər tezliklə qida borusunun tutulacağını bildiriblər. Həmçinin, xəstənin mütləq kimyaterapiya almalı olduğunu deyiblər.
Milli Onkologiya Mərkəzindən AzadlıqRadiosu-na müayinələrin pulla olması barədə deyilənləri təkzib edib, həqiqətə uyğun olmadığını bildiriblər. Mərkəzin baş həkiminin müavini Rəşad Məmmədovsa baş verənləri «anlaşılmazlıq» adlandırır:
«Ola bilsin, nəsə bir anlaşılmazlıq olub. Ola bilsin ki, o xəstənin qarşısına məsuliyyətli bir şəxs çıxmayıb. Bildirirəm ki, bu, inanılası bir şey deyil. Təcili olaraq, o insanlara çatdırın ki, səhər saat 9-da burda olsunlar. Nə lazımdırsa, o xəstənin müayinəsini, müalicəsini tam təminatı ilə aparmaq imkanımız var və edəcəyik də. Mən bu məsələni mütləq baş həkimə çatdıracam. Başqa bir söhbət ola bilməz. Birbaşa baş həkimin müavininə yaxınlaşsın. Qapılarımız xəstənin üzünə açıqdır, müalicə imkanımız da var, gəlsinlər, əlimizdən gələni edəcəyik».