«Park Azure» də vətəndaşı aldadırmış -ŞİKAYƏT VAR
«4 ildir ki, 214 min manat verib şirkətdən 3-otaqlı ev almışam. Ancaq hələ də evin açarından ötrü arxalarınca gəzirəm. Hər dəfə bir bəhanə ilə açarı verməkdən imtina edirlər».
Yenixeber.org: Bakı sakini Arzu Əliyevanın dediyinə görə, 2013-cü ildə «Park Azure» MTK ilə müqavilə bağlayaraq Afiyəddin Cəlilov küçəsi, 27a ünvanda (Dəniz Vağzalı ilə üzbəüz) inşa olunmuş «Park Azure» çoxmərtəbəli yaşayış kompleksindən (Yeni Həyat) ipotekayla 3-otaqlı mənzil alıb. Kvadratı 1450 manatdan hesablanan mənzilin ümumi dəyəri 213 min 150 manat olub. Arzu xanım mənzilə görə birbaşa MTK-ya əvvəlcədən 60 min manat ödəyib. Pulun qalan hissəsini – 153 min 150 manatı isə «Bank Technique»dən götürdüyü kredit hesabına MTK-ya ödəniş etməklə borcunu tamam bağlayıb.
Lakin deyir, dördüncü ildir ki, şirkət mənzilin açarlarını ona təqdim etmir: «Mən bu evin borcunu tam bağlamışam. Şirkətin açarı mənə verməməsi üçün heç bir səbəb yoxdur. Əksinə, mənzildə ölçü işləri aparanda gördüm ki, 17 kvadratmetr əskik gəlir, özüm şirkəti məhkəməyə verdim».
Arzu xanımın sözlərinə görə, evin sahəsinin 17 kvadratmetr əskik gəlməsi ilə bağlı şirkətə müraciət edəndə ona bildiriblər ki, mənzilin divarları da ölçüyə daxildir. Arzu xanım da aldadıldığını düşünərək, Xətai rayon Məhkəməsinə müraciət edib ki, realda olmayan 17 kvadratmetrə görə ödədiyi pulu geri alsın. Ancaq Arzu xanım deyir, şirkətin arxası möhkəm olduğundan məhkəmə işi də bir ildir ki, süni şəkildə uzadılır:
«Keçən ilin iyununda məhkəməyə müraciət etmişəm. İddia qaldırmışam ki, mənə 147 kvadratmetrlik evin müqaviləsinə qol çəkdirib, pulunu alıb 130 kvadratmetrlik ev veriblər. Mən bu evə görə 3-5 manat ödəməmişəm, kvadratına 1450 manat ödəmişəm. Mənə 147 kvadratmetrlik ev lazım idi ki, o qədər pul ödəyib almışdım. Ekspertizanın nəticəsinə görə, arakəsmələrin altı da hesablanmaqla, ümumi sahə 147 kvadratmetr ölçülüb. Bu, hansı məntiqə sığır? İddiam əsaslıdır və o pulu onlardan qəpiyinəcən alacam. Ancaq gəl ki, bir ildir məhkəmə məni süründürür. Bir ildir məhkəməyə gedib gəlirəm. Mənzilin ölçülməsindən ötrü ekspertiza təyin olundu, bir neçə ay məhkəmə dayandı, indi də gah ekspert gəlmir, gah qarşı tərəfin nümayəndəsi... Hakim də işi yekunlaşdırmır».
«Park Azure» MTK-dan məsələ məhkəmədə araşdırıldığından, münasibət bildirilməyib.
(Dia.az)