Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qubanın milyarderlər "yetişdirən" qəsəbəsi

Qubanın milyarderlər yetişdirən qəsəbəsi

 

Burada bir nəfər də kasıb yoxdur; əməkdaşlarımız “Qırmızı qəsəbə” sakinləri və bu yurdun özəlliklərindən yazırlar... 

 

Xeberinfo.com:  Qubada dağ yəhudilərinin yaşadığı “Qırmızı qəsəbə” digər kəndlərdən çox seçilir. Qudyalçayın sol sahilində yerləşən bu kənd elə həmin çayın üzərindəki körpüdən başlayır. “Yeni Müsavat”ın reportyor qrupu bu dəfə məhz Qubadakı “Qırmızı qəsəbə”yə baş çəkib dağ yəhudilərinin fərqli yaşam tərzi, güzəranı ilə tanış olub. 
 
Çox da yüksək olmayan təpənin üzərində yazılan “Qırmızı qəsəbə” sözü diqqətimizi çəkir və axtardığımız ünvana çatdığımızın fərqinə varırıq. Küçələrdə tək-tük insanlar gözə dəyir. Kişilərin və kənd ağsaqqallarının əksəriyyəti çayxanalarda toplaşıb. Məhəllələrin arası ilə gəzirik. Sakitlik və hərəkətsizlik hökm sürür. Qəsəbədə çox az sayda sadə kənd evi tapmaq mümkündür. Fasadı müxtəlif bəzəklər, yəhudi simvolları ilə bəzədilmiş villalar, xüsusi bəzədilmiş hasarlar buraya nə üçün “milyonerlər məhəlləsi” adının verildiyini izah edir sanki...
Körpünün sağında dəbdəbəli villalar, fərqli arxitektura görünüşü ilə fərqlənən qırmızı kərpicdən tikilmiş 3-4 mərtəbəli evlər ucalır. Qəsəbənin girişində salınmış park yerli əhalinin əsas istirahət məkanıdır. 
Elə biz də dağ yəhudiləri ilə tanışlığımıza bu parkdan başlayırıq. İlk baxışdan soyuq münasibətləri ilə fərqlənən, çətin ünsiyyət quran bu insanlar bir qədər sonra maraqlı müsahiblərimizə çevrilirlər. Özlərinə məxsus mədəniyyəti, dili, yaşam tərzi, toy və yas adətləri olan dağ yəhudiləri demoqrafik baxımdan yerli qubalılarla çox da qaynayıb-qarışmayıblar, yəni Quba camaatından, müsəlmanlardan qız almır, qız vermirlər, daha çox öz aralarında evlənirlər. 
Ancaq uzun illərdir bir yerdə çox mehriban yaşayırlar, demək olar ki, aralarında heç bir problem olmayıb. “Qırmızı qəsəbə” əhalisinin əksəriyyəti məhz yəhudilər olsa da, az sayda digər millətdən olan qubalılar da burada yaşayır. 
Onu da qeyd edək ki, “Qırmızı qəsəbə”dən hazırda dünyada məşhur olan milyarder biznesmenlər çıxıb. Qod Nissanov, German Zaxaryayev, Zarah İliyev əslən dağ yəhudiləridirlər və bu qəsəbədə doğulub böyüyüblər. Hazırda qohumları da bu kənddə yaşayır. Onlar bu qəsəbənin sakinlərini maddi sıxıntı çəkməyə qoymur, hər ay yəhudi ailələrinə yardım edirlər. Həmçinin Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov da eyni qəsəbədə doğulub. Hazırda burada 3 min insan yaşayır. 
Sadə bir Azərbaycan kəndi üçün həddindən artıq dəbdəbəli olan kafenin həyətində toplaşan ağsaqqallara yaxınlaşırıq. Dağ yəhudilərinin buraya gəlişinin tarixi, mədəniyyətləri, adət-ənənələri ilə bağlı müsahibə almaq istədiyimizi bildiririk. Lakin kənd ağsaqqalları danışmaqdan imtina edir və bizi  “Qırmızı Qəsəbə” Ağsaqqallar Şurasının sədri Boris Simanduyevə yönəldirlər. 
 
 
Yaşı 80-dən artıq olan Boris dayı bizə yəhudilərin Qubaya gəlişinin tarixçəsini danışır: “Ümumiyyətlə, yəhudilərin Azərbaycanda yaşamasının tarixi çox qədimdir. Eşitdiyimizə, oxuduğumuza görə dağ yəhudilərinin Azərbaycana gəlişinin tarixi 2500 ilə yaxındır. Ancaq məhz bu ”Qırmızı Qəsəbə" haqqında danışsaq, burada məskunlaşma 1735-ci ildə olub. Dağ yəhudiləri icması Dağıstanda quldur dəstələrinin basqınlarına məruz qalıblar, sonra harasa köçmək qərarına gəliblər. O zaman eşidiblər ki, Qubada insanpərvər bir xan yaşayır -  Hüseynəli xan. Ağsaqqallar dağdan enib Qubaya gəliblər və Hüseynəli xana müraciət ediblər. Hazırda bu qəsəbənin yerləşdiyi sahə o zaman boş yerlər olub. Quba xanı isə təklif edib ki, haranı istəyirsiniz, orada məskunlaşın, istəyirsiniz boş ərazidə məskunlaşın, istəyirsinizsə Qubaya köçün. Bizim ağsaqqallar buranı seçiblər, burada məskunlaşıblar. Biz hazırda onlara rəhmət oxuyuruq ki, belə bir yer seçiblər. Bura gözəl yerdir və iqlimi də Qubanın iqlimindən yaxşıdır. Yəhudilər buraya köçüb və ayrı-ayrı məhəllələr qurub yaşayıblar. Hər məhəllənin də öz adı olub: Dilğatix, Nizraxi, Giləki adlı məhəllələr olub, hər məhəllənin də öz sinaqoqu olub. Vaxtikən burada 13 sinaqoq olub. Onların 11-i ibadət fəaliyyəti göstərən sinaqoq olub, ikisi isə mədrəsə tipli, təlim üçün fəaliyyət göstərib. İndi bu qəsəbənin 283 yaşı var. Əvvəllər bu qəsəbədə yalnız dağ yəhudiləri yaşayırdı. Hazırda isə bir neçə faiz azərbaycanlılar da yaşayır. Biz burada yaşadığımız müddət ərzində azərbaycanlılarla nə milli, nə də dini zəmində heç bir münaqişəmiz olmayıb. Yerli qubalılarla münasibətlərimiz əladır". 
B. Simanduyev onu da vurğuladı ki, münasibətlərin yaxşı olmasına baxmayaraq, yəhudilər müsəlmanlarla qohum olmur: “Bizdə bir neçə belə ailə var idi, indi onların uşaqları da böyüyüb evləniblər. Lakin 99 faiz öz aramızda evlənir. Toy adətlərimiz təxminən sizin toy adətlərinizə oxşayır. Biz onlardan, onlar da bizdən yaxşı cəhətləri götürürük. Müsəlmanların dini bayramları olanda bizim icma da öz üzvlərimizdən 10-15 adam götürüb gedir cümə məscidinə, başqa dini yerlərə, onları təbrik edirik. Quba dindarları da bizim bayramlarda gəlib bizi təbrik edir. Yəni münasibətlərimiz çox gözəldir”. 
 
Dağ yəhudilərinin dəfn adətləri də bizlərdən fərqlidir. Müsahibim deyir ki, müsəlmanlar ölünü tez dəfn etməyə çalışırlar, onlar isə lazım gəlsə, bir neçə gün də gözləyirlər: “Dəfndən sonra isə bizdə də ehsan verirlər. Daha sonra 7 mərasimi və 40 mərasimi olur. Bizdə qırx mərasimi 30 gündə keçirilir”. 
“Qırmızı qəsəbə”nin dünyaca məşhur milyarderləri də var. Boris Simanduyev də etiraf edir ki, dağ yəhudiləri icmasına yardım edən bir təşkilat var: “STMQ adlı cəmiyyət var, onlar bizə kömək edir. STMQ 6 qardaşın yaratdığı bir təşkilatdır, onlar bu qəsəbədə doğulublar, kökləri burdandır, indi Moskvada yaşayırlar, biznesmen gənclərdir. S- Solomondur, T- Telmandır, M-Maksimdir. Təşkilatın adı buradan götürülüb. Onlar qəsəbənin imkansız sakinlərinə yardım edir, aylıq müəyyən məbləğdə pul göndərirlər. Onlar həm də sinaqoqa sponsorluq edirlər, xərclərini ödəyirlər. Abadlıq işləri aparmaq, qəbiristanlığı abadlaşdırmağa kömək edirlər. Hazırda oturduğumuz bu parkı da onlar öz hesablarına tikdiriblər. Buradakı dəbdəbəli evləri də onlar öz zəkaları, zəhmətləri ilə qazandıqları vəsaitlər  hesabına inşa etdiriblər. Bu, bilirsinizmi nəyin göstəricidir? Burada yaşayanların gələcəyə inamı var. Biz Azərbaycanda yaşayırıq, ancaq ümidimizi Azərbaycandan kəsmirik. Bizim tarixi dövlətimiz İsrail dövlətidir. O dövlət 1948-ci ildə yaranıb. Ondan öncə də İsrail dövləti olub. Ancaq təsdiq olunmayıb. Dağ yəhudilərinin ana vətəni isə buradır, Azərbaycandır”.  
Qubanın dağ yəhudilərinin özlərinə məxsus cuhud dili olsa da, uşaqları məktəblərdə rus və Azərbaycan dillərində təhsil alır. Məktəblərdə həm də yəhudilərin dili olan ivrit dili tədris olunur. Dağ yəhudilərinin danışdığı dil isə cuhud dilidir. Bu millət harada yaşamasından asılı olmayaraq cuhud dilində danışır. Bu dil sadəcə ailədə danışılmaqla, şifahi şəkildə nəsildən-nəsilə ötürülür. 
Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyəti başçısının “Qırmızı qəsəbə” inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakovdan müsahibə istəsək də, cəhdlərimiz bir nəticə vermədi. 
“Qırmızı qəsəbə”də yaşayan yerli qubalılarla da dağ yəhudiləri haqqında söhbət etmək imkanımız oldu. 
Onlar da yəhudilərlə münasibətlərinin normal olduğunu və bu günə qədər aralarında hər hansı münaqişə yaranmadığını bildirdilər: “Aramızda heç bir problem yoxdur. Demək olar ki, adət-ənənələrimiz də oxşardır. Burada yəhudilərdən başqa tatlar, ləzgilər və başqa etnik qruplar da var. Hər məhəllədə 5-10 fərqli etnik qrupdan olan ailələr var. Bir yerdə yaşayırlar”. 
Dağ yəhudiləri Qubanın, eləcə də respublikamızın sosial-ictimai həyatında fəal iştirak edirlər. “Qırmızı qəsəbə”də böyüyüb-başa çatan Yevda Abramov Azərbaycan Milli Məclisinin deputatıdır. Dağ yəhudisi olan Albert Aqarunov isə torpaqlarımızın azadlığı uğrunda canından keçib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
 
2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu nəzərə alsaq, Qubanın bu kiçik qəsəbəsini dünyaya multikulturalizm nümunəsi kimi də göstərmək olar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam