2 manatlıq “sələmçilər”: qızıl qoyub 50 manat borc alanlar…
Əlavə sənəd və iş yerindən arayış tələb olunmadığından, son vaxtlar lombardlara müraciət edənlərin sayı artıb.
Xeberinfo.com: Manatın devalvasiyasından sonra əhali banklardan manatla kredit götürməyə çətinlik çəkir və bura axın edir. Hətta lombardlarda faiz dərəcələrinin banklara nisbətən yüksək olması da bura üz tutanları qorxutmur.
Əksər hallarda isə aylıq faizi ödəyə bilmədiyindən və ya lombard bağlandığından vətəndaş qızılını da, pulunu da, həyata olan ümidini də itirir. Bunun səbəbi isə lombardlarla bağlı qanunda olan böyük boşluqlardır. Amma deyəsən, bu gedişlə qanundakı bütün boşluqlar dolacaq. Əlbəttə ki, boşluğa düşüb çapalayan vətəndaşlarla.
Lisenziyanı kim verməlidir?
Mülki Məcəllədə lombardlara lisenziya verilməsi nəzərdə tutulsa da, amma onun kim tərəfindən verilməsi göstərilməyib. Vəkil Əkrəm Həsənovun virtualaz.org-a bildirdiyinə görə, 10-15 il əvvəl lombardlara lisenziya İqtisadiyyat Nazirliyi tərəfindın verilirdisə, sonra bu ləğv olundu. Ona görə də, hazırda qeyri-adi vəziyyət yaranıb. Faktiki olaraq, lombardlar lisenziyasız fəaliyyət göstərirlər və bu da onlar tərəfindən qanun pozuntularına, borc götürən şəxslərin hüquqlarınnı pozulmasına səbəb olur. Heç bir dövlət orqanı onların fəaliyyətinə nəzarət etmir. Boşluqdan yararlanan lombard sahibləri faizləri qaldırır, hətta bir günlük gecikmə olduqda belə girovu hərracsız-filansız satışa çıxarırlar.
Qanunvericiliyə görə, lombardlar kreditləri əhaliyə öz hesablarına verməlidirlər. Amma elə lombard var ki, onun nizamnamə kapitalı 5-10 manat manat təşkil edir. Hətta 2 manat təşkil edənlər də var. Vergilər Nazirliyinin rəsmi internet saytında bütün lombardların kapitalları ilə bağlı məlumatlar göstərilib. Siyahının kiçik bir hissəsini təqdim edirik:
"F-LOMBARD" MMC - 2 AZN, "AYSEL-LOMBARD" MMC – 2 AZN, "AVTOLOMBARD" MMC – 4 AZN, "LOMBARD FİNANS" MMC – 5 AZN, "LOMBARD İNVEST" MMC – 5 AZN, "ALTUN LOMBARD" MMC – 10 AZN, "LOMBARD RUZİ" MMC – 10 AZN, "QARANT LOMBARD" MMC – 10 AZN , "X-LOMBARD" MMC – 10 AZN.
Təsəvvür edək ki, lombardların verdiyi kreditlərin həcmi bu məbləğdən dəfələrlə çoxdur. Belə olan halda, onlar nəyin hesabına kredit verirlər?
Belə çıxır ki, lombardlar kimlərdənsə vəsait cəlb edirlər, borc alırlar.
Bu da qeyri-rəsmi vergidən yayınma hallarının olmasından xəbər verir.
2 manatlıq nizamnamə kapitalı
Ə.Həsənovun sözlərinə görə, bankların və bank olmayan kredit təşkilatlarının fəaliyyətinə dövlət ona görə nəzarət edib lisenziya verir ki, onlar krediti öz hesablarına vermirlər, başqalarının borc götürdüyü vəsait hesabına verirlər. Bununla, belə desək, başqasının pulunu təhlükə altına qoyurlar. Əslində lombardlar da eyni fəaliyyəti göstərir, amma onlara dövlət nəzarəti yoxdur:
“Həm də onlar banklara və bank olmayan kredit təşkilatlarına qarşı olan fəaliyyət göstərirlər. Əslində lombardlar kreditləri öz pulları hesabına verməlidirlər. Lombardlar ilk növbədə dövləti aldadır, vergidən yayınma halları var. Çünki onların maliyyə mənbələri məlum deyil”.
Ən böyük problem isə lombardların verdiyi kreditlərlə bağlıdır. Birincisi, bu kreditlər çox yüksək faiz dərəcələri ilə verilir. Amma təəssüf ki, burada qanun pozuntusu yoxdur. Çünki bizdə Avropa ölkələrinin xeyli hissəsindən fərqli olaraq kreditin yüksək faiz həddi qanunla tənzimlənmir. Buna görə də, lombardlar istədiyi faizlə kredit verməkdən çəkinmirlər.
Mülki Məcəllənin 741-ci maddəsinə görə, verilən borc üzrə faiz ildə bir dəfə tutulmalıdır. Amma lombardlar faizləri ayda bir dəfə tuturlar. Hətta lombardların illik faizləri 100, bəzən də 150 faizə kimi gedib çıxır. Bunu da aylara böləndə hər aya ən azı 7-8 faiz düşür.
Digər problem lombardların verdiyi kredit ödənməyəndə qoyulan girovun satılması ilə bağlıdır. Vətəndaş lombarddan krediti götürüb qaytara bilməyəndə, qanunvericilik bu məsələni tənzimləyir, lombard vətəndaşı məhkəməyə verir. Yalnız məhkəmə qərarı ilə girov götürdüyü əşyanı hərracda satmalıdır. Satılan əşyanın qiymətindən öz borcunu götürməli qalan hissə vətəndaşa qaytarılmalıdır. Amma mütəxəssislər hələ Azərbaycanda belə təcrübəyə rast gəlinmədiyini deyirlər:
“Bu gün Azərbaycan məhkəməsinə hansısa lombard müraciət edibmi? Xeyr! Lombardlar ödəyə bilməyən vətəndaşa əşyanı qaytarmırlar və özünə götürürlər. Bu isə kobud qanun pozuntusudur. Çünki lombardın başqasının girov qoyulmuş əşyasını özünə götürmək hüququ yoxdur. Banklar girov kreditini qaytarmayan şəxsin girovunu açıq hərracda satırlar, lombardlar da belə etməlidirlər. Sadəcə vətəndaşlar bunu bilmir və lombardlar da ondan istifadə edir”, - deyə Ə.Həsənov bildirdi.
Bir çox hallarda isə girov qoyulan əşya dəqiqliklə göstərilmir və bu da vətəndaş üçün ciddi problemlər yardır. Çox vaxt sadəcə girov qoyulan qızılın qramı yazıldığından, forması, ölçüsü haqqında məlumat olmadığından krediti ödəyən şəxs sonunda qoyduğu əmanəti ala bilmir. Bu zaman da vətəndaş ona başqa əşya verdiyini sübut edə bilmir. Bunun səbəbi isə bağlanan müqavilənin natamam olmasıdır.
Bəzən vətəndaş götürdüyü əşyanı geri almaq üçün lombarda gələndə görür ki, lombard bağlanıb. Bəzən də cəmi bir gün gecikdirmə girovun lombardın əlinə keçməsinə səbəb olur. Hətta vətəndaşın maaş və pensiya kartını özündə saxlayan lombard rəhbəri də var.
Kreditə əvəz çörək pulu kartı
Azad İstehlakçılar Birliyinin Cəbrayıl rayon şöbəsinin sədri Tahir Balakişiyevinvirtualaz.org-a verdiyi məlumata görə, lombardlar hətta köçkünlərə verilən çörək pulu kartını, pensiya və maaş kartlarını əllərindən alırlar:
“AİB-in Cəbrayıl nümayəndəliyinin yerləşdiyi Biləsuvar rayonunda 11 saylı qəsəbə sakini Əliyev Osman Əli oğlu çörək pulu kartını Nail adlı lombard rəhbəri mənimsəmişdi. Sakinin evinə gələn çörək də kəsilmişdi. Bizə məlumat verdilər, xahiş elədik, maarifləndirmə yolu ilə həmin kartın qaytarılmasına nail olduq. Amma belə faktlar çoxdur. Həm də lombardların əksəriyyəti verdikləri kreditə görə 10-15 faiz alırlar. Bu da ildə yüz əlli faizə gəlib çıxır. Həm də lisenziyasız, qanunsuz fəaliyyət göstərirlər”.
Bir müddət öncə insanların külli miqdarda pulunu mənimsəyib aradan çıxan fırldaqçı lombard sahibi ilə bağlı İnterpolun veb-saytı məlumat yaymışdı. Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 192 ünvanında fəaliyyət göstərən lombardın sahibi Tahirə Alaz ad və soyadda qadının vətəndaşların ona etibar etdikləri qiymətli əşyalarını götürüb yoxa çıxıb. Ölkədən qaçan bu qadın barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Girovunuz xəbərdarlıqsız satılcaq
Paytaxtın lombard bazarını öyrənmək üçün “Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən bir neçə lombarda baş çəkmək kifayət elədi.
“Bizdə gecikmələr günəgün sayılır. Məsələn, əgər ayın 3-ü kredit götürmüsünüzsə, 4-ü sizə güzəşt edilir. Amma 5-i gəlsəniz 4-ü olan güzəştiniz də silinir və iki gün gecikmə sayılır. Ona görə əlavə ödəniş etməlisiniz. Bu ödəniş isə sizin götürdüyünüz məbləğdən asılıdır. Amma gecikdirsəniz, xəbərdarlıqsız, filansız qızıllarınız satışa çıxarılacaq, nəzərə alın”.
Bunu müştəri kimi getdiyimiz “Memar Əcəmi” metro stansiyasının yaxınlığındakı lombardın əməkdaşı bizə şərtləri izah edərkən dedi. Özünü Mənsurə kimi təqdim edən xanımla söhbətimiz zamanı məlum oldu ki, 2000 manatlıq kredit götürmək üçün 585 əyarlı 63 qram qızıl qoymalıyıq. Bunun aylıq faizi isə 100 manatdır. Əgər götürəcəyimiz qızıl 750 əyarlıq olarsa, bu zaman girovu 50 qrama salmaq olar. Ödəniş bitdikdən sonra öz qızıllarımızın qaytarılacağına necə əmin ola bilərik sualına gəlincə isə, bayaqdan sakitcə dayanmış lombard əməkdaşı barıt kimi partladı:
“Biz hansı qızılı almışıqsa, onu da qaytarırıq. Nə danışırsız, bu əmanətdir. Sizdən aldığımız qızıl möhürlənib gedir banka. Üzərində qızılın əyarı, verənin ad-soyadı göstərilir. Biz bankla işləyirik və müştəri ilə müqavilə bağlayırıq. Onun bir nüsxəsi müştəriyə verilir, biri bizdə qalır, biri də bankda saxlanılır”.
Bunu deyən xanım əməkdaş müqaviləni üstümə atdı. Əmredici tonda “hər iki üzünü oxuyun!” dedi. Müavilənin birinci cümləsində deyilirdi: “Krediti qaytarmasam, girovun əlavə xəbərdalıq edilmədən satılmasına etiraz etmirəm”.
Araşdırma zamanı məlum oldu ki, hazırda 5 fazidən 10 faizə qədər kredit verən lombardlar var. Məslən, 5000 manat kredit üçün müraciət etdiyim növbəti lombard əməkdaşı buna görə aylıq 400 manat ödəniş tələb olunduğunu bildirdi. Həm də həmin məbləğə görə ödəyəcəyim faiz 8%-dir.
Şərtlərin çətinliyindən şikayət etdikdə isə məlum oldu ki, mənə verilən faiz aşağıdır. Yəni daha az məbləğ götürsəydim, 10%-lə kredit alacaqdım.
Lombardın müştərisi olduğunu deyən Mehparə xanım da borca düşdüyündən ümidini bu sələmçilərə bağlayıb. İlk dəfə lombarddan pul götürən xanımın heç müqaviləni oxumağa imkanı olmayıb.
“Heç müqaviləyə baxmadım. Başım borclara o qədər qarışıb ki, oradan alıb bura qoyuram, buradan götürüb ora. Elə təcili pul lazım olduğuna görə gəlib buradan 600 manat götürdüm. Qızılın qramını 30 manatdan hesablayıblar. 600 manat görə 20 qramlıq qızıl - iki boyunbağı qoymuşam. Bacım da bu lombarddan 2-3 dəfə girov qoyub kredit götürüb, buranın əvvəlki işçisi anamgilin qonşusu idi. Sonra çıxdı işdən, amma biz elə bura etibar edirik. İnşallah, borclarımı ödəyim, bir də lombarda ayaq qoyan deyiləm”.
Lombardlarda, demək olar ki, müştərilər gözə dəymirdi. Gələnlər də faizi ödəyənlər idi. Amma hamısı da narazı və peşman.
Bunu 4 ildir lombardda işləyən Müşfiq Məmmədov da təsdiq edir. Onun sözlərinə görə, müştəriləri ən çox bank kreditlərini ödəmək üçün lombarda üz tutanlardır:
50 manata görə lombarda üz tutanlar…
“Demək olar ki, bizə müraciət edənlərin 90%-i bank kreditini ödəyə bilməyənlərdir ki, çıxış yolunu lombardda axtarır. 5-6-7 faizlə kredit veririk. Bu götürülən məbləğdən asılıdır. Məbləğ az olduqda faiz yüksək olur. Məsələn, əgər müştəri 100 manat götürürsə, ona 7%-lə veririk. 500 manat götürürsə, 6%-lə veririk”. M. Məmmədov hətta 50 manatlıq kredit götürən müştərilərinin olduğunu dedi.
Ən çox tələbat isə 1000-1500 manat arasında dəyişir. Ödəməyə gəlincə isə, lombard əməkdaşının sözlərinə görə, əksər hallarda vətəndaşlar götürdükləri məbləğin faizini ödəyə bilmirlər:
“Çox vaxt qoyulan girov satışa gedir. Bəzən 3-4 ay ödəniş eləmirlər. Biz xəbərdarlıq edirik. Özləri də gəlirlər, təsdiqləyirlər ki, ödəyə bilmirlər, girov satışa çıxarılır, artıq qalanını özləri götürürlər. Bəzən elə müştərilərimiz olur ki, krediti götürüb getdiyi gündən telefonuna zəng çatmır. 4-5 ay tapa bilmirik, sonra məcbur olub girovunu satışa çıxarırq. Bizdə 1-2 gün gecikməyə görə satışa getmir, ən azı 3 ay gözləyirik”.
Lombardlarda dövlətin nəzarətində olmayan 2 milyard necə dövr edir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, lombardların vətəndaşlarla bağladığı müqavilənin heç bir qanuni əsası yoxdur və bu kağız parçasından başqa bir çey deyil:
“Lombardlarda dövriyyədə olan və dövlətin nəzarətində olmayan təxminən 2 milyard manata yaxın vəsait var. Vətəndaşlar öz qızıllarını girov qoyaraq buradan kredit götürülər. Doğrudur, onlarla müqavilə bağlanır, amma bu sənəd onların qızıllarının geri qaytarılacağına təminat vermir. Bu sadə kağız parçasından başqa bir şey deyil”.
Bir müddət öncə lombardlara nəzarətin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılsa da, özünü doğrultmadı. Ekspertlərin araşdırmalarına görə, lombardlara ölkədəki banklar havadarlıq edir. Bu nəzarətsiz sahə ilə bağlı qanunun qəbuluna üzdə heç kim etiraz etməsə də, buna cidd-cəhdlə mane olan qüvvələr var.
“Qanun qəbul olunmasa…”
Ötən il millət vəkili Vahid Əhmədov lombardların vətəndaşları aldatmaları ilə bağlı məsələyə toxunaraq əhalini onlara deyil, oturuşmuş banklara müraciət etməyə çağırmışdı. Amma bununla belə millət vəkili qanunvericilikdə lombardlarla bağlı hər hansı boşluğun olduğunu düşünmədiyini və lombardlarla bağlı hər hansı qanunun qəbul edilməsinə də ehtiyac görmədiyini vurğulamışdı.
Lakin iqtisadçi ekspert Oktay Haqverdiyev virtualaz.org-a açıqlamasında lombardlarla bağlı problemin yeganə həllinin bu barədə qanunun qəbulunda görür:
“Lombardlar bir çox ölkələrdə var, Sovet dövründə bizdə də var idi, indi də var. Amma onların öz qaydaları var. Onlarda faiz dərəcələri yüksəkdir. Kiməsə təcili pul lazım ola bilir, bank vermir. Girov qoymağa qızıldan başqa bir şey yoxdursa, insanlar məcbur olub bura üz tuttralar. Amma lombardların fəaliyyəti qanunvericiliklə tənzimlənməlidir. Bir çox kriminal məsələlər ortaya çıxır. Camaatın pulunu yığırlar, sonra da aradan çıxırlar. İlk növbədə lombardlarla bağlı qanun olmalıdır. Əgər qanun hazırlanmasa, lombardlarla bağlı problemlər öz həllini tapmayacaq”.