77 milyonluq Nəqliyyatın İntelektual İdarəetmə sistemi niyə işləmir? - FOTOLAR
Bakıda nəqliyyat problemləri hələ də qalmaqdadır.
Xeberinfo.com: Xüsusən də, Bakıətrafı qəsəbələrdə sərnişin daşımada vəziyyət acınacaqlıdır. Standartlara cavab verməyən, sınıq, qəzalı vəziyyətdə olan, istismar müddətini başa vurmuş avtobuslar illərdir ki, xətdən çıxarılmır. Xətdəki avtobusların sayı az olduğundan sərnişinlər bəzən yarım saat marşrut gözləməli olurlar.
2011-ci ildən Bakı və Bakıətrafı rayonlarda Nəqliyyatın İntelektual İdarəetmə sisteminə keçid baş tutanda hər kəs sevindi ki, artıq sözügedən problemlər geridə qaldı. NİİM-in tənzimlədiyi marşrutlar saat dəqiqliyi ilə işləyəcək, dayanacaqda gözləmələrə son qoyulacaq.
Elə sistemin yaradılmasında da məqsəd sərnişinlərin rahatlığının təmin olunması və tıxacların aradan qaldırılması idi. Dayanacaqlarda intellektual monitorlar yerləşdirildi. Həmin monitorlarda sərnişinlərin gedəcəyi ünvanlar, marşrutun çatma zamanı göstərilirdi. Bu layihəni həyata keçirmək üçün külli miqdarda vəsait xərcləndi.
Bəs, layihənin sərnişinlər üçün hansı faydaları oldu? Yaradılan imkanlardan insanlar necə yararlanırlar?
Bu suallara cavab tapmaq üçün paytaxt dayanacaqlarına baş çəkib, NİİM-in aparatları ilə maraqlandıq, sərnişinlər və marşrut sürücüləri ilə həmsöhbət olduq.
Nəfəs kəsən istidə marşrut gözləyən sərnişinlər…
Nizami rayonu ərazisindəki bir neçə dayanacağa baş çəkib, monitorları yoxladıq. Müşahidə zamanı sərnişinlərin dayanacaqdakı idarəetmə monitorundan istifadə etmədiyinin şahidi olduq. Qızmar günəş altında marşrut gözləyənlərin simasında narazılıq oxunur. İnsanlar marşrutlarının nə zaman gələcəyini belə, bilmirlər. 5, 10, 15 və ya 20 dəqiqə... Hər bir variant keçərlidir. Dəqiq cavabı bilmək üçün nəqliyyatın idarəetmə monitorları köməyə gələ bilərdi, əgər işlək vəziyyətdə olsaydılar...
Təqribən yarım saatdır ki, marşrut gözləyən Fazil Xəlilzadə nəqliyyat sistemindən çəkdiyi əzabdan gileyləndi: "Bakıda nəqliyyat problemi hələ də bitmək bilmir. Sərnişindaşımada işləyən avtobuslar standartlara uyğun deyil. Müasir avtobuslar olsa da, sayları azdır. Problem bununla bitmir. Yaşlı adamam, avtobuslar gec-gec gəlir, elə gün olub ki, 40 dəqiqə gözləməli olmuşam. 11 nömrəli marşrut 20-25 dəqiqədən bir işləyir. Bu marşrut insanların sıx olduğu yerlərdən keçir. Kənd Əhmədliyə getməliyəm, ancaq marşrut yoxdur..."
Sərnişin Qəmər Süleymanova isə dayanacaqlara quraşdırılan aparatların düzgün işləmədiyini dedi: "Əvvəllər bir-iki dəfə istifadə etmişəm. Ancaq yanlış zamanı göstərir. Misal üçün monitorda marşrutun 5 dəqiqəyə çatacağı göstərilir, lakin 20 dəqiqə sonra gəlir. İndi demək olar ki, heç kim istifadə etmir".
Lazımsız interval aparatları...
Nəqliyyat Nazirliyi tərəfindən avtobuslara quraşdırılan interval aparatları da nəqliyyat sisteminin bərbad vəziyyətindən xəbər verir. Bu aparatlar vasitəsilə intervala nəzarət edildiyi deyilir. Bir neçə marşruta daxil olub, müşahidə apardıq. Aparatların çoxu sınmış və sıradan çıxmış vəziyyətdə idi. Normal vəziyyətdə olanlar isə ümumiyyətlə, işlək deyildi.
44 nömrəli avtobusun sürücüsü bu aparatlardan artıq istifadə olunmadığını bildirdi: "Yeni quraşdırılanda nəqliyyat nümayəndələri tərəfindən nəzarət olunurdu. Məqsəd marşrutlar arasında zaman və məsafəyə nəzarət idi. Düzü bunun heç bir faydası olmadı. Yenilik eləmək istədilər, amma alınmadı. İndi hamı köhnə üsulla işləyir. Düzü hamı çalışırdı ki, idarəetmə aparatı ilə işləsin. Ancaq bir neçə saniyə yetər ki, interval qarışsın. Elə bu cür də olurdu. Ən yaxşısı dispetçerlə işləməkdir. Vaxtın gəldi, çıx".
“Baku Bus” avtobusları gələndən sonra bu aparatlar yığışdırıldı. Bu aparatlar Nəqliyyatın İntellektual İdaretmə sistemindən onlayn olaraq, izlənilirdi.
Musavat.com