Ölkədən pul çıxarılmasının arxasında kim dayanır?
Ekspertə görə, ölkədən pul çıxarılmasına görə əsas məsuliyyət Mərkəzi Bank, Gömrük Komitəsi və Maliyyə Nazirliyinin üzərinə düşür
Xeberinfo.com: Xəbər verdimiz kimi, Rusiyaya ən çox qaçaqmalçılıq yolu ilə pul keçirənlər Azərbaycandan gələnlərdir. Bunu Şeremetyevo gömrük məntəqəsinin təhqiqat şöbəsinin rəisi Sergey Dolqov deyib. Onun sözlərinə görə, Rusiyaya ən böyük miqdarda pul Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən gətirilir.
Təhqiqat şöbəsinin rəisi bildirib ki, əgər sərnişinin üzərində 10 min dollar məbləğində pul varsa, bu haqda mütləq gömrük xidmətinə məlumat verilməlidir.
Sual yaranır, Azərbaycanın bu cür fərqlənməsinə səbəb nədir? Bu pulun mənbəyi kimdir? Kimlər bu cür yol ilə maliyyə vəsaitlərini ölkədən çıxarmaq istəyir?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, Azərbaycandan çıxarılan pullar haqqında müxtəlif zamanlarda müxtəlif maraqlı araşdırmalar dərc olunub. Beynəlxalq təşkilatlardan birinin hesablamalarına görə, 2004-2013-cü illər ərzində Azərbaycandan 95 milyard dollar vəsaitin kənara çıxarıldığını xatırladan N.Əliyev vurğuladı ki, başqa bir hesabatda 48 milyard dolların başqa yollarla ölkədən ofşorlara ötürülməsi barədə məlumat verilib: “Bu faktlar göstərir ki, böyük miqdarda maliyy vəsaitləri oğurluq yollarla ölkədən kənara çıxarılır. Bu faktlar ölkənin hüquq mühafizə orqanlarını, Mərkəzi Bankı, Maliyyə Nazirliyini düşündürməlidir. Onların gündəmində sahibkarların üzərinə yerimək dayanmamalıdır. Azərbaycan gündəmini ”Formula-1″ kimi oyunlar deyil, iri miqdarda maliyyə vəsaitinin ölkədən çıxarılması zəbt etməlidir”.
Iri vəsaitləri ölkədən kimlərin çıxara biləcəyinə gəlincə, N.Əliyev bildirdi ki, ölkənin gömrük sərhədlərini Gömrük Komitəsi qoruyur. Bu işlərin isə ümumi nəzarətini Maliyyə Nazirliyinin həyata keçirdiyini deyən iqtisadçı vurğuladı ki, eyni zamanda Mərkəzi Bankı bu proseslərdən kənarda təsəvvür etmək mümkün deyil: “Fikrimcə, ölkədən pul çıxarılmasına görə əsas məsuliyyət Mərkəzi Bank, Gömrük Komitəsi və Maliyyə Nazirliyinin üzərinə düşür. Eyni zamanda bu qurumlara rəhbərlik edən şəxsoləri o posta təyin edənlər də məsuliyyət daşıyırlar. Bu baxımdan dövlət başçısının bu işlərdə məsuliyyəti var. Ölkə parlamentində oturanların ölkədə baş verənlərdən xəbəri var. Ən azı bu kreslonu tutduğuna görə zamanında həyəcan təbili çalmalı idilər ki, ölkəni iri maliyyə vəsaitləri tərk edir. Ancaq, təəssüf ki, bunların heç biri baş verməyib”.(Azadliq.info)