Beşbarmaq pirində beş qat nəzir yığılır
Ziyarətçilər pilləkənin ən alt qismindən üstə qədər nəzir paylaya-paylaya gəlməli olur ki, düşəndə onların cibində qəpikləri də qalmır...
Xeberinfo.com: Bir qrup insanlar var ki, onlar ev almaq, arzularına çatmaq, övladlarına, özlərinə şəfa tapmaq üçün müxtəlif ziyarətgahlara və pirlərə üz tutur. Bura müxtəlif nəzirlər verməklə və ya orada olan “müqəddəs daşları” bədənlərinə sürtməklə ağrı-acıdan azad olunacaqlarını, niyyətlərinə çatacaqlarını düşünürlər.
Heç kimə sirr deyil ki, əli hər yerdən üzülən insanların əksəriyyəti ya falçı yanına, ya da ziyarətgahlara üz tutur, nəzir deyir, qurbanlar kəsir. Hətta ziyarətgahların həyətindəki ağaclara parçalar bağlamaqla istəklərinin reallaşacağını düşünənlər də var.
İnsanlarımız bu ocaqları özlərinə bir növ uğur talismanı, təsəlli yeri sayır. Təbii ki, insanların bu inancından istifadə edən bir sıra şəxslər bu cür müqəddəs yerləri alverxanaya çevirib. Bu cür yerlərdən biri də Siyəzən rayonunda, Beşbarmaq dağının yamacında yerləşən Xıdır Zində piridir.
Bu pirin adı insanlar tərəfindən daha çox Beşbarmaq piri kimi tanınır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 metr yüksəklikdədir. Dağın üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür. Qayaya Şərq və Qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bura Beşbarmaq adı verilib. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olub.
Yüksəklikdəki pirə pilləkənlə qayaarası yolla çıxırlar. Zirvəyə çıxmaq, xüsusən də yaşlılar və qadınlar üçün təhlükəli görünür. İri, dəmir pilləkənlər ensizdir və iti bucaq altındadır. Bir-birinin ardınca basabas olan bu pilləkənlərdə halı pisləşən yaşlı qadınlar, uşaqlar da olur. Pirin həyətində müxtəlif təsbehlər, göz muncuqları satılır. Pirin pilləkəninin aşağısından başlayaraq yuxarıya qədər nəzir yığan qadınlar oturur. Onlar gəlib gedən hər kəsdən nəzir istəyirlər. Vay o günə ki, deyəsən ki, pulum yoxdur.
O zaman “pulun yoxdur, niyə bura gəlmisən?” tipli sözlərlə pirə gələnləri acılayırlar. Pilləkənin ortasına çatdıqda isə bir qadın ziyarətçiləri böyük bir daşın altındakı boşluqdan keçirərək ora nəzir qoymalarını istəyir. Səbəb kimi isə pilləkən olmayan vaxtlarda həmin yerdə kiçik bir qız uşağının düşüb öldüyünü əsas gətirir. “Niyə həmin uşağın öldüyü yerə nəzir qoymalıyıq” sualımızı cavabsız qoyan qadın bunun vacib əməl olduğunu deyir. Nəhayət, zirvə...
Burada da bizi nəzir qutusu qarşılayır. İçəridə isə bir cavan oğlan ziyarətçilərə beşbarmağın hekayəsini danışır.
Bununla yanaşı, bu oğlan həm də gələn ziyarətçilərlə nəsə danışır və qeydlər aparır. Oğlanın hansı qeydləri apardığını öyrənməyə çalışdıq. Məlum oldu ki, gənc oğlan bura gələn ziyarətçilər kimə yasin oxutmaq istəyirsə, onun adını qeyd etdirir və bunun qarşılığında da qutuya pul atdırır. Oğlan isə ziyarətçilərə söz verir ki, yasini oxuyacaq. Bir neçə il öncə ziyarətgahda bir kuklanın ortaya qoyulduğu və insanların həmin kuklanın başına fırlanaraq ora pul atdıqlarına dair məlumatlar, görüntülər yayılmışdı. İndi isə bu kuklanı bir qab daş və əl işarəsi əvəz edir. İnsanlara əslində adi olan bu daşlardan niyyət edərək birini götürüb özü ilə saxlamağı, niyyətləri həyata keçdikdən sonra isə həmin daşı yenidən gətirib yerinə qoymaq lazım olduğunu deyirlər. Göründüyü kimi, insanlar pilləkənin ən alt qismindən üstə qədər nəzir paylaya-paylaya gəlməli olur ki, düşəndə onların cibində qəpikləri də qalmır.
Maraqlıdır, insanların öz diləklərini reallaşmasını, sağlamlıqlarına şəfanı pirlərdə, ziyarətlərdə axtarması nə dərəcə düzgündür?
Dini ekspert Kənan Rövşənoğlu insanların qədimdən bəri bu inanclarda olduğunu bildirdi: “Ziyarətgah deyilən yerlər övliyaların, müqəddəs insanların dəfn olunduğu və ya yaşadığı yerlər olur. İnsanlar qədimdən bəri bu inancda olublar ki, həmin müqəddəs şəxslərin yaşadığı, olduğu bu yerlərdə ilahi bir hüzur, mənəvi rahatlıq tapırlar. Eyni zamanda bu yerlərdə dua edir, təvəssül etməklə, o müqəddəs şəxslər vasitəsilə Allaha dua etməklə arzularının reallaşmasına ümid ediblər. Bu səbəbdən də xalq arasında bu cür yerlərə inanc, mənəvi ehtiyac olub. İnsanlar sıxıntılı, çətin günlərində bu cür yerlərə üz tutublar. Təbii ki, bütün digər yerlərdə olduğu kimi, burada da insanların saf, mənəvi ehtiyac halları kimlərinsə istismar yerinə çevrilib. Orda yığışan dilənçilər ora gələnlərin mənəvi hallarından istifadə edərək ruhi istismar hərəkətləri edərək müxtəlif adlarla pul qoparmağa çalışırlar. Çünki ora gedənlər xeyir işlər görməyə niyyətli olur, bir az da duyğulu olur və fırıldaqçılar da bundan istifadə edirlər”.
Ziyarətçilərin pir və ziyarətgahlardakı daşlardan imdad ummaq məsələsinə gəlincə isə dini ekspert bunun yanlış olduğunu bildirdi: “Daşdan nə üçün istifadə olunduğunu bilmirəm. Amma şəfa verən Allahdır, daş deyil”.
Musavat.com