Azərbaycan idmançıları MDB Oyunlarında -Əvvəlki iki yarışda 122 medal qazanılıb
Azərbaycan idmançıları indiyədək keçirilmiş MDB Oyunlarında 122 medal qazanıblar.
Yenixeber.org-un məlumatına görə, onlardan 25-i qızıl, 33-ü gümüş, 64-ü bürünc mükafat olub.
Azərbaycan bu göstəriciyə görə yarışda iştirak edən ölkələr arasında medal sıralamasında beşinci pillədə qərarlaşıb. Qazaxıstan (159 medal: 25 qızıl, 49 gümüş, 85 bürünc) dördüncü, Özbəkistan (197 medal: 51 qızıl, 57 gümüş, 89 bürünc) üçüncü, Belarus (305 medal: 56 qızıl, 110 gümüş, 139 bürünc) ikinci, Rusiya (503 medal: 263 qızıl, 131 gümüş, 109 bürünc) birinci sıradadır.
I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində təşkil olunub. Həmin vaxt Azərbaycan təmsilçiləri 60 medal əldə ediblər. Onlardan 15-i qızıl, 16-sı gümüş, 29-u gümüş əyarlıdır. Ölkə medal sıralamasında dördüncü olub.
II MDB Oyunları isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə keçirilib. Ölkə idmançıları bu dəfə 62 mükafatla (10 qızıl, 17 gümüş, 35 bürünc) medal sıralamasında dördüncü yerdə qərarlaşıb.
III MDB Oyunları isə Azərbaycanda baş tutacaq. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti 6, Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.
Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda keçiriləcək.
Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.