Ərdoğan Makronla Azərbaycan və Ermənistan arasındakı Vaşinqton sammitini müzakirə edib -YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqton sammiti çərçivəsində əldə edilmiş razılaşmaları müzakirə ediblər.
Yenixeber.org-un məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində məlumat verib.
"ABŞ Prezidenti Donald Trampın 8 avqustda keçirdiyi Ermənistan və Azərbaycan arasındakı görüşü və yaranan ümidləri müzakirə etdik. Bütün sərhədlərin yenidən açılmasına və regional əməkdaşlığın gücləndirilməsinə imkan verəcək irəliləyişin davam etməsi vacibdir", - deyə Makron Rəcəb Tayyib Ərdoğanla telefon danışığının nəticələri barədə yazıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, liderlər iki ölkə arasındakı əlaqələr, Rusiya və Ukrayna arasındakı sülh prosesi, Qəzzadakı son vəziyyət başda olmaqla bir çox regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Ukrayna - Rusiya müharibəsinin ədalətli sülhlə başa çatdırılması üçün Türkiyənin səylərini davam etdirdiyini, Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini bildirib.
Türkiyə lideri ölkəsinin Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında hər cür səylərə ev sahibliyi etməyə hazır olduğunu da vurğulayıb.
Söhbət zamanı Rəcəb Tayyib Ərdoğan böyük bir humanitar fəlakətin yaşandığı Qəzzada atəşkəsin təmin olunması üçün Türkiyənin çalışdığını qeyd edib.