Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

NİZAMİ TAĞISOYUN YARADICILIĞINDA TÜRKLÜYÜN İFADƏSİ- FOTO

 

 

İnsanları İnsanlığa, ulusal dəyərlərə yanaşmada tanıyıram. Mənim üçün bu, ölçüdür. Çağımızda da söz-əməl birliyi çox hallarda gerçəkləşmir. Bu ölçüyə köklənən, fitri halı olanlar həmişə azdır, ona görə ki, çətinliyi, çətin yolun yolçularını sevmək zamanı ötən hünər istəyir. Zamanların hamısı mahiyyətcə özünü qoruyur. Bütün gözəl, eləcə də pis işlər öncə ideya kimi ağlımızda yaranır, sonra gerçəkləşir. 

Yenixeber.org: Azərbaycanın ulusal dəyərlərlərinin mayasında türklük ruhu, duyğusu, ölçüsü dayanır. İllərdir tanıdığım Azərbaycan aydını Nizami Tağısoy Azərbaycan dəyərlərinin vurğunudur. Onun yaradıcılığında bu yön ayrıcadır. 

Onu neçə ildir tanıyıram: həmişə milli dəyərlərə sayğı ilə yanaşıb, habelə bu dəyərlərin qoruyucusu olub, ortaya özünəməxsus ulusal əməllər qoyub. Nizami Tağısoyun yaradıcılığında türklüyün insani ifadəsini təqdim etmək gələnəyi və inadı var. Onun bir kökdən su içən türk xalqlarının tarixinin, mədəniyyətinin, uğurlarının, habelə yenilməzliklərinin Azərbaycan oxucusuna çatdırılması yönündəki çabaları diqqətçəkəndir. Bu, soydaşlıq məsuliyyətidir, milli-mənəvi borcun ödənməsidir. O, bu kimi dəyərli işlərində ardıcıldır, ulusal-insani təəssübkeşlik yolçusudur. 

Türklüyə olan sevgi mahiyyətcə bəşəri insançılığa təndir. Bu gün dünyanın halı  daha qarışıqdır, getdikcə bu qarışıqlıq artacaq. Yəni minillərdən bəri dünyada  gedən müxtəlif yönlü proseslər insanın halının qarışıqlığından doğub.  Ədalət, Həqiqət, Xeyir uğrunda mübarizələr çox hallarda tam  gerçəkliyini  tapmır, bəşər ulusların timsalında sanki yenidən mübarizənin əvvəlinə qayıdır, hər şey yenidən başlayır. Ona görə ki, dünyanın halı İnsanlıq ölçüsünə uyğun deyil. Ancaq sayırıq ki, Tüklüyün ömüləşməsi dünyanın halsızlığının aradan  qaldırılması üçün ciddi bir başlanğıc olar.

Professor Nizami  Tağısoy Türklüyün öncə Türk Ulusü üçün hava-su kimi gərək olduğunu dərindən anlayan aydınlarımızdandır. Onun bu yöndə yazdığı kitablar böyük Türk Ulusunun qollarının – zəngin tarixinin, mədəniyyətinin öyrənilməsinə ciddi töhfədir.

Zaman-zaman bir-birindən ayrılan, müxtəlif inanclara meyil edən türklərin bu gün birliyi yönündə çaba göstərmək hünər sayılmalıdır. Çox zaman özündən ayrılmanın artıq pik həddə çatdığını deyənlər sanki əllərini hər şeydən üzür, hər cür çabanı gərəksiz  sayırlar. N.Tağısoyun yaradıcılığından qırmızı xətt kimi  keçən Türklük sevgisinə yönəlik əməkləri ardıcıl inadın, Türklüyün aqibət olduğuna inamın, yalnız ulusal ruhumuzdan güc almağın gərəkliyinə ümidin ifadəsidir.

Nə qədər acı olsa da ucalıq imkanından sanki əl çəkən Türk Ulusunun bugünkü  durumu ürəkağrıdandır. Yəni fitri insani-ulusal olduğu dərəcədə də bəşəri olan imkanlarımızı aşkarlamaq, özümlüyümüzdən güc almaq yetənəyimiz var. N.Tağısoyun Türklüyə həsr etdiyi kitablarında, məqalələrində bu ümid var. Ümidimiz insanlığımızadır, insanlığımız mayasını, gücünü ulusallığımızdan alır.

Uluslar olmasaydı, Bəşər əlvan olmazdı, yeknəsəqlik onun gözəlliyini yarada bilməzdi. Türk xarakteri, yaşamı, mədəniyyəti, fitri duyumu öncə bu ulusun fərdlərinin içində tam mənasıyla ömürləşməlidir. 

N.Tağısoyun ayrı-ayrı türk qolları içindəki gərgin axtarışları indi də davam edir, səfərlərə çıxır, müşahidələr aparır, ulusal aydın olaraq bacardığı qədər mənəvi əməkdaşlıq körpüsü qurur. Bu da onun Türklüyümüzə töhfəsidir. 

N.Tağısoyla ötən illərdən bəri çoxsaylı yaradıcılıq söhbətlərimiz olub. Onun Ulusal yöndəki qayğılanmalarını ruhuma həmişə dogma saymışam. Son yüzildə paralanmış, parçalanmış Türk ulusunun qayğıları hədsiz çoxdur. Başlıca qayğımız isə Ulusal İnam məsələsidir. N.Tağısoyun Azərbaycan aydını olaraq bu məsələdə həqiqəti dəyərləndirməsi onun fitri duyumundan xəbər verir. 

Bu gün Azərbaycan ictimai fikrində özünəməxsus yeri olan İnam Atanın (Asif Atanın) Mütləqə İnam Dünyabaxışı addım-addım ömürləşməkdə, aqibətləşməkdədir. N.Tağısoyun Atanın fəlsəfi yaradıcılığına yönəlik yazıları var. O, bu düşüncənin sabahımızda Türk Ulusunun birliyinin yaradılmasındakı bənzərsiz rolunu, yerini  aydınca görür. Bu cür aydın yanaşmasını ərdəmlik sayıram.  


Türkçülük gerçəkdən insançılıq əməlidir. Türkün fitri halallığı, haramla yaşaya bilməməsi, ərdəmliyi, üz-üzə savaşmağı, arxadan vurmağı namərdlik sayması, insançılığı aqibət sayması var. 

N.Tağısoyun Türklüklə bağlı araşdırmalarında bu və ya başqa Türk elindən olan yaradıcı insanların irsinin təqdimində akademik yöndə olsa belə bu cəhətlər alt qatda görünür, bilinir.  N.Tağısoy onillərdir ki, Azərbaycanın müxtəlif ali məktəblərində “XX əsr rus ədəbiyyatı”, “Türk xalqları ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatı”, “Tərcümə nəzəriyyəsi” və s. fənlərdən mühazirələr oxuyub, elmi prioritetlərində tərcümə nəzəriy-yəsi, ədəbi əlaqələr, komparativistika, türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, epik təfəkkürü, ənənələri, folkloru, klassik və müasir ədəbiyyatı, ədəbiyyatşünaslığın aktual problemləri, müasir ədəbi proses və s. yönlər yer alır. O. qaqauz, qazax, qaraqalpaq, qaraçay, qırğız, Kıbrıs türk¬ləri, malkar, özbək, karaim, kumux, noğay, xəzər və b. türk qolları ilə bağlı çoxsaylı məqalələr və kitablar müəllifidir, Azərbaycan-özbək, Azərbaycan-qaqauz, Azərbaycan-qazax, Azərbaycan-qaraqalpaq ədəbi əldaqələrini,  qaraqalpaq yazıçılarından T.Kaipbergenov, İ.Yusupov, qaraçay ədəbiyyatı nümayəndələrindən İ.Xubiyev, H.Bayramukova, qırğız ədəbiyyatından Ç.Aytmatov, tatar ədəbiyyatından Q.Tukay, qaqauz ədəbiyyatından M.Çakır, Q.Qaydarji və b. yaradıcılığı araşdırıb.

Folklor xalqın ruhundan soraqlardır. Folklorçuluq həmişə ağır iş olub. Hər kəs xalqın ruh yaddaşını oturub səbirlə varaqlaya bilmir. Bu, folklorçuluq aqibətinə bağlanan şəxsdən güclü fitrət işi tələb edir. Sovet dövründə folklorçularımız yetişdi, xeyli sayda kitablar ərsəyə gəldi. Lakin 90-cı illərdən sonra təkcə postsovet məkanında deyil, ümumən dünyanın əhvalında, gedişində əvvəlkindən fərqli məqamlar müşahidə olunmağa başlandı. Keçmiş SSRİ-nin hər yerinə, o cümlədən də Azərbaycana Qərbdən gələn özgə əhvallar ilk növbədə xalqın folkloruna - ruh yaddaşına zərbə vurmağa başladı. Bu gün folklor söyləyicilərimiz hədsiz dərəcədə azalıb. Professor Nizami Tağısoy məhz belə bir zamanda xalq ruhunun soraqlarını bir yerə toplamaq, sabaha çatdırmaq qərarına gəldi, doğulub boya-başa çatdığı Ucarın Şilyan kəndinin folklorunu böyük bir şövqlə topladı. Kitabda özü demişkən, şilyanlıların alqışları və qarğışları, andları, sınamaları və inam yerləri, ayamaları və ləqəbləri, Şilyanda uşaq oyunları, Şilyan bayatıları, Şilyan lətifələri, Şilyan şivəsinin - Azərbaycan türkcəsi yerli dialektdə işlənən söz və ifadələrin özəlliyi, Şilyanın təpərli kişilərinin həyatından və Şilyan şairlərinin yaradıcılığından səhifələr ilk dəfə verilib: "Toplamalarımı el-oba gözündə kişiliyi, mərdliyi, dəyanətilə tanınan Şilyanın müdrik ağsaqqalarına, dili bayatılı, sinəsi nağıllı ağbirçəklərinə oğul sevgisilə ithaf etmişəm".  

N.Tağısoyun “Etnos və epos: keçmişdən bugünə” (Bakı: Mütərcim, 2010. – 372 səh.) kitabında II və III bölmələr Türklük mövzusunda araşdırmalardan ibarətdir. 

“Türk xalqları: etnogenez və folklor” II bölümdə “Xəzərlər”,  “Malkar-Qaraçay “Nart” qəhrəmanlıq eposu, digər Qafqaz xalqlarının “Nart”ları ilə oxşar və fərqli cəhətləri. “Бaşqurd dili və “Başqurd” etnoniminə bir baxış, Qaqauzlar: keçmişindən bu gününə”, Qaqauzların tarixindən səhifələr”, Qaqauzların toy-düyün mərasimləri”, “Qazax xalq qəhrəmanlıq dastanı “Koblandı batır”: Azərbaycan türkcəsinə tərcümə problemləri”, “Qaraqalpaqlar: etnogenez və epos”, “Molla Nəsrəddin”in Kıbrıs və rum (yunan) variantları” / “Hoca Nasreddin” və “Aslani Hoca”,  “Molla Nəsrəddin /Azərbaycan/ və Nəsrəddin Hoca /Qaqauziya/”, Meyxana folklor janrıdır”, “Meyxana"nın semantikası” kimi məqalələr yer alıb.

III  bölmə “Çağdaş Türk xalqları ədəbiyyatı” adlanır, burada “Qaqauz ədəbiyyatı. Qavriil Qaydarjiı yaradıcılığı”, “Qırğız ədəbiyyatı. Çingiz Aytmatov”, “Çingiz Aytmatov və müharibə”, “Qaraqalpaq ədəbiyyatı. Tulepbergen Kaipbergenov yaradıcılığı”, “Harid Fədai: Kuzey Kıbrıs türk mədəniyyətinin yorulmaz tədqiqatçısı”, “Kuzey Kıbrıs türk ədəbiyyatında ilk roman” kimi” yazılarla tanış olmaq mümkündür.  

Bu yazıların bir qismini mətbuatda çap etdiyimdən ruhu ilə yaxından tanışam. N.Tağısoy mövzunu dərindən araşdırırarkən (tarix, folklor, epik abidələr, dini baxışlar, ritual sistem, mərasimlər, adət və ənənələr, etnik-milli düşüncə tərzi, etnos-dil problemləri və s.) faktlara əsaslanır, özünəməxsus qənaətlərə gəlir. 

Eləcə də ötən illər ərzində N.Tağısoyun Türk uluslarının ədəbiyyat, mədəniyyət soraqları ilə bağlı müxtəlif adda kitabları çap olunub. “Каракалпакская литература” (Баку, 2007), Hacıniyaz. Şeirlər. Tərcümə edənlər: N.Tağısoy, Ş.Məmmədli (2020), “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa” (2019), “Мой Азербайджан” (Баку, 2018), “Koblandı-Batır. Qazax xalq qəhrəmanlıq dastanı” (2017, tərcümə), , “Qaraqalpaq ədəbiyyatı” (2015, dərslik) və s. bu sıradandır. 

Nəsimi aşiqdir, filosofdur, cəngavərdir - fikir döyüşçüsüdür, yaradıcılığı başdan-başa Türk insançılığının ifadəsidir, bənzərsizdir. “Nəsimi dini-fəlsəfi təlimində Haqqın və insanın dərki” (2020) kitabında N.Tağısoyun Nəsiminin - aşiq-insan obrazının dünyanı, insanı dərk məsələsinə baxışı ifadə olunur, qazax, özbək, rus ədəbi mühitində Nəsimi poeziyasının anlaşılması, tərcümə problemlərinə də toxunulur. 

Ədəbi yaradıcılıqla da məşğul olan N.Tağısoyun "Natiqlə qara zurnanın nağılı və ya hər ikisinə elegiya"(2008) povesti,  eləcə də "Axtaracaqsan məni" (2000), Bəlkə dünya öz yolunu çaşıbdı"(2004) , “Мой Азербайджан” (Баку, 2018) şeirlər kitabları işıq üzü görüb. Azərbaycan, Yurd sevgisi, torpağa bağlılıq, habelə insanın mənəvi gözəlliyinin vəsfi yaradıcılığının əsas xəttidir.

Dəyərli aydın, professor Nizami Tağısoyun 75 yaşı tamam olur. Azərbaycanın ulusal dəyərlərini hər şeydən üstün tutan, türklük-insanlıq ölçüsüylə, amacıyla yaşayan aydınımızı ürəkdən qutlayır, yeni yaradıcılıq uğurları, heç vaxt tükənməyən sevincli aqibət yolçuluğu, fərəhli günlər diləyirəm.

İŞIQLI ATALI 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam