AĞ EVİ “DƏLİ YIĞINCAĞI”NA DÖNDƏRƏN PREZİDENT –Tramp respublikaçıları da təngə gətirməyə başlayıb

Ukrayna kəşfiyyatının Rusiya ərazisində həyata keçirdiyi “Hörümçək toru” əməliyyatından sonra Vladimir Putinin nə edəcəyini onun özü yox, ABŞ Prezidenti Donald Tramp və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev səsləndiriblər. Medvedevin yazısından belə aydın olur ki, Putin sülh istəmir, onun yeganə məqəsədi Ukraynanı tam məhv etməkdir.
Yenixeber.org: Maraqlıdır ki, may ayında Medvedev Ukraynanı və Avropanı nüvə zərbələri ilə hədələmişdi, ancaq bu dəfə “nüvə dəyənəyi”ni hərlətməkdən çəkinib.
Putinlə telofon əlaqəsi quran Tramp isə deyib ki, Putin ukraynalılara çox sərt cavab verəcək və bu barədə qabaqcadan onu məlumatlandırıb. Bu nə deməkdir? Deməli, belə çıxır ki, Putin starteji bombardmaçıların məhv edilməsinin qisasının alınması ilə bağlı ABŞ Prezidentindən xeyır-dua alıb?
Görəsən, Baydenə lağ edən Tramp özünü niyə fövqəldövlətin rəhbəri kimi deyil, büzüşmüş, sanki Rusiyanın hansısa qubernatoru və ya Putinin ştatdankənar mətbuat katibi kimi aparır? ABŞ mürəkkəb tarixi proseslərdən keçərək hüquqi-demokratik cəmiyyət qurub və orada prezidentin səlahiyyətlərini aşması və dövlət maraqlarına uyğun gəlməyən özbaşına siyasi kurs tutmasının qarşısı həmişə alınıb. Tramp Rusiya ilə əlaqədar elə ziddiyyətli və absurd bəyanatlar səsləndirir ki, ağıla yalnız aşağıdakı fikrirlər gəlir:
Birincisi, Tramp Avropa və Çinə qarşı geostrateji mübarizədə Rusiyanı öz tərəfinə çəkmək istəyir və məhz buna görə də Putinlə mülayim rəftar edir və həmçinin, ona deyir ki, sənin vəziyyətin çox pisdir, odla oynama, əgər mən qarşısını almasam, Rusiyanı çökdürəcəklər. Bunu anlayan Putin isə mümkün qədər fürsətdən istifadə edib Ukraynada qələbə qazanmağa çalışır. Hətta o, əlverişli şərait yaranacağı təqdirdə Baltik ölkələrinə girmək planı haqqında da düşünür. Çünki Trampın davranışları bunun üçün münbit zəmin yaradır.
Tramp öz xəyalında qurduğu gələcək geostrateji konfiqurasiyanın girovuna çevrilib. Necə deyərlər, “Ağıldan bəla!” sindromu onu hərdəmxəyal və həm də gülünc vəziyyətə qoyur.
İkincisi, Tramp Rusiya ilə oynayır. O, Rusiya və Ukraynanın tam taqətdən düşüdüyü zamanı gözləyir. Üzdə sülhdən dəm vursa da, əslində bu iki ölkə arasındakı müharibənin uzanması strategiyasını rəhbər tutur. Beləliklə, Tramp həlledici məqamda ABŞ-nin gücündən tam istifadə edərək Avrasiyanın ortasına yerləşmək niyyətindədir.
Üçüncüsü, arxa planda dayanan ABŞ “dərin dövləti” Vladimir Putinə gizlincə ismarıc göndərir ki, yeni dünya nizamında sizə xüsusi pay veriləcək, Ukraynaya və Baltik ölkələrinə yiyələnəcəksiniz, Qərbdən gələn səs-küyə əhəmiyyət verməyin, müharibəni davam etdirin, gec-tez Ukrayna yorulub yıxılacaq. Yəni, belə söyləmək olar ki, hansısa güclü mərkəz Trampı və Putini anlamadıqları böyük siyasi burulğanın içinə salıb oynadır.
Ümumiyyətlə, hər üç ehtimalda Rusiya böyük oyunun bir parçası və ya qurucusu yox, yalnız başqalarının ümidinə qalmış miskin bir istifadə materialı rolunda çıxış edir. Hazırda Ukrayna Rusiyanın başına od yağdırır və Putinin geriyə çıxış yolu qalmayıb. O, inersiya ilə sağa-sola hücumlar edəcək. Hamı yaxşı görür ki, Rusiya ağılla, bacarıqla yox, say çoxluğu sayəsində döyüşür. Putin ordusunun keyfiyyət imkanlarının yüksələcəyi isə inandırıcı görünmür.
Bütün bu həngamənin necə bitəcəyini zaman göstərəcək, lakin hələlik bilinən odur ki, Trampın indiyədək tutduğu siyasi-iqtisadi kurs və Putinə qarşı xoş münasibət bəsləməsi onun ölkə daxilindəki mövqeyini ciddi surətdə sarsıdır. Dünənə kimi ayrılmaz dostlar olan Elon Maskla Tramp arasındakı gərginliyin şiddəti ən yüksək həddə çatıb. E.Mask deyib: ”Tramp açıq-aşkar yalan danışır. Çox təəssüf. Amerikada əslində ortada olan 80%-i təmsil edəcək yeni bir siyasi partiya yaratmağın vaxtı çatmayıbmı?
Bundan başqa Mask söyləyib ki, ”Epşteyn faylları”nda Tramp da yer alır. Belə anlaşılır ki, Mask Trampı pedofillikdə ittiham edir. Digər yandan, Mask Trampa qarşı impiçment elan olunmasına çağırıb. Tramp və Mask arasındakı çəkişmənin acı nəticəsi ilk növbədə Amerika iqtisadiyyatında özünü büruzə verəcək. Trampın rəftar və davranış tərzindəki qabalıq, strateji düşüncəsinin kasadlığı və şit zarafatlarının sonu artıq respublikaçıları da təngə gətirməyə başlayıb.
Əlbəttə, ABŞ, Ağ Evi “dəli yığıncağı”na döndərən Trampdan ibarət deyil. Senator Lindsi Qrehemin Rusiyaya qarşı tətbiq edilməsi nəzərdə tutulan sanskiya layihəsinə hətta Nümayəndələr Palatasının respublikaçı rəhbəri Mayk Conson da dəstək verdiyini açıqlayıb. Hələlik vəziyyət durğun olaraq qalır, Tramp özünə qarşı kritik təpki almayana qədər Rusiyaya ziyan vura biləcək hər hansı addımı atmayacaq.
Ukrayna rəhbərliyinin Trampdan fərqli düşünən ABŞ siyasi elitası ilə müsbət münasibətlərini davam etdirməsi və indiki Ağ Ev administrasiyasının yanlış geostrateji planlama apardığını çəkinmədən bəyan etməsi daha məqəsdəuyğun görünür. Volodimir Zelenski və komandası bu müddət ərzində baş verənlərdən xeyli təcrübə toplayıb və onlar heç də sadəlövhcəsinə Trampın dəyişəcəyinə ümid bəsləmirlər...
Ukrayna rəhbərliyi 2022-ci ilin sentyabrında ağıllı strateji qərar verdi və PUA-ların istehsalı üçün böyük proqram layihəsinin reallaşması istiqamətində işə başladı. İndi Ukrayna təşəbbüsü tam ələ almaq üçün xeyli sayda dron istehsal edir və bu il 2,5 milyon ədəd dron hazırlanacaq. Son Ramştayn toplantısında avropalı dövlətlər və Kanada dron istehsalı ilə bağlı Ukraynaya böyük maliyyə yardımı göstərəcəklərini açıqlayıblar. Məsələn, Böyük Britaniya 350 milyon funt-stelinq maddi yarımdan əlavə, 2025-ci ildə Ukraynaya 100 min dron verəcək. Almaniya bu il Ukraynaya 5 milyard avroluq hərbi yardım göndərəcək, Norveç isə PUA-ların istehsalı üçün 700 milyon dollar ayırıb. Digər Avropa ölkələri də müvafiq yardımlar göstərəcəklərinə söz veriblər.
Ukraynada birmənalı şəkildə anlayırlar ki, Rusiya müharibəni dayandırmayacaq. Vladimir Putinin müharibəni uzatması üçün hələ xeyli resursu var. Son məlumatlara görə, müharibədə 250 min rus əsgəri ölüb, 1 milyon nəfər isə ağır yaralanıb. Bu göstəricilər nəinki Putinin, həmçinin mənəvi deqradasiyaya uğramış Rusiya cəmiyyətinın vecinə deyil, artıq onlar üçün insan həyatı heç bir önəm daşımır və Rusiya bundan da qat-qat artıq itki verməyə hazır görünür. Lakin müharibənin xarakteri və müqəddəratı Rusiyanın ixtiyarında deyil, hər şey daha çox Avropanın qətiyyətindən və Ukraynaya veriləcək yardımların miqyasından asılıdır. Son hadisələr isə Avropanın, nəhayət ki, hərəkətə keçdiyinin əlamətlərini göstərir...(Azpolitika)
Vaqif Nəsibov