XATİRƏSİ VƏTƏN OLDU ÖMRÜMƏ!- FOTOLAR
Babək Qurbanov (9.06 -1939 – 28.03 - 2019)
Yenixeber.org: Bu fani dünyada “xatirəli dünya” da var imiş sən demə. İnsan dəyərində “İnsan oğlu” bu dünyaya gəlişiylə bir ömür yaşasa da o dünyaya rəvan alarkən də xatirəli bir ömür yaşayır dəyər verən insanların qəlbində, ruhunda, cismi-canında. Bu ülvi yaşamaq ölümsüzlükdür. Sözü-söhbəti deyilir, müdrik fikirləri sitat çəkilir. Demək bizim aramızdadır bu statusda yer alan bəxtəvər şəxslər. Yaşamağın bir növüdür xatirəsi anılmaq. Hər kəsə nəsib olmur xoş xatirələrlə anılmaq, xatırlanmaq. Əməlisaleh insanlara nəsib olan haqq vergisidir bu yaşamaq haqqı. Mənəvi yaşamaq hadisəsi. Ülviliyin simgəsidir xatirədə anılmaq mənim üçün. Biri də Babək Qurbanov adlı ziyalımıza nəsib olmuşdur xatirəsi xoş hadisələrlə anılmaq, yeri gələn zaman sözü- söhbəti danışılmaq. Yeri görünsə də xatirəsi unudulmaz bu mübarək zatların əməlləri, xidmətləri, xeyirxahlıqları, insani münasibətləri, ilahi Vətən vurğunu, xalq sevdalısının.
Neçə illərdir aramızdan ayrılsa da hər zaman xatırlanır bu alim qardaşımız. Çünki anılmağa layiq işlər gördü, təmənnasız savab əməllərə imza atdı Babək Osmanoğlu Qurbanov. “Bir könül sındırmışam” mahnısının misrasındakı fikrin tam əksi olaraq könüllər yaptı, el obanın, xalqın sevgisini, dost-tanışların, onu tanıyanların məhəbbətini qazandı sağlığında Babək Qurbanov.
Qurbanov nəslinin sonuncu övladı, Osmanoğlu ocağının sönməz məşəli idi ki, o da bizdən uzaq düşməsiylə ocağın közü öləziyib tamam sönüb külə qarışdı. Artıq heç kimsə qalmadı bu ocaqda onu alışdırmaq, kösöyünü yenidən məşəlləndirmək üçün.
İndi II Şıxlı məzarlığında məcazi anlamda 3 məşəl nur saçmaqdadır Xalq Şairimiz Osman Sarıvəli, Professor Rafiq Qurbanov və Professor Babək Osmanoğlu adında. Ziyarətçiləri heç əksik olmaz bu bəxtəvərlərin. Hər zaman anılmaq üçün bu müqəddəs “məbədgaha” şairlər, elm xadimləri, tələbələr, şagirdlər, kəndin etibarlı vafakeş sakinləri. Çünki elə layiq olanları el qiymətləndirər. Xalqa layiq olanları xalq qiymətləndirər. Vətənə layiq olanları Azərbaycan adlı Vətən yaşadar. Bu bin-bərəkətli torpaq, behişt dəyərində hava, su, günəş yaşadar iffət-ismət əxlaq sahiblərini.
Mənim düşüncəmə görə əməlisaleh bəndələr Haqq dərgahında nəzarətdədir Babək Qurbanov timsalında bəxtəvər şəxsiyyətin ali dərəcələri. İnsanlığın biri-piri, nuru. Sən getsən də sözün, fikrin, düşüncən, məramın bizlərə ərmağan qaldı. Bu arzunun sonuncusu bir ocağın üç kösöyünün qazandığı hörmət-ehtiramın simvolu kimi II Şıxlının mötəbər bir məkanında muzeyin yaradılmasıdır mənim fikrimcə.
Bu qədər yazdın, yaratdın, 53 kitab, 700 məqalə, yüzlərlə rəylər bəxş etdin elm cameəmizə, Azərbaycan mədəniyyətinə, filosofluq və musiqişünaslıq elminə bəxş etdiyin əsərlərin hifz olunması üçün muzeyin yaradılması önəmlidir gənc nəsl tədqiqatçılarımız, xüsusən də elm aləmimiz üçün. Bunlar bir tarixdir bizim dönəmimizdə gələcək zamanlar üçün. Çünki sağlığında hər zaman qürur qaynağımz, güvənc yerimiz oldu möhtəşəm geniş şaxəli çalışmalarıyla Babək müəllim. Neçə-neçə Beynəlxalq simpoziumarda, ana Vətənimizi layiqincə və uğurla təmsil etdi bir çox xarici dövlətlərdə. Haqqında yaradıcılığınla bağlı çoxsayda samballı elmi məqalələr, dissertasiyalar, hətta şəxsiyyətin və insanlığınla bağlı bir çox şeirlər yazıldı, kitablar həsr olundu bu sətirlərin müəllifi də daxil olmaqla.
Borçalı elinin Natəvansayağı, Nüşabə ismətli, Həcər qeyrətli xanım-xatın bacımız Sədaət Buta da bir neçə gündür Babək Osmanoğlunun şəninə həsr etdiyi “Nə demək?”rədifli şeirini də ilk dəfə oxucularımıza ərmağan etməklə ruhunu yad etməkdəyik əzizim, unudulmaz Babəkim, Osmanoğlum.
El şairəsi Səadət Buta
Qazaxdan ayrılıb anam Borcalı,
Mən yaxşı bilirəm, Qazax nə demək.
Aqillər söyləyib, alimlər yazıb,
Yaxın nə deməkdi, uzaq nə demək?
Mən söhbət aciram, Babək nağlından,
Babəkin adaşı, şair oğlundan.
Yaxşılar hec kəsin cıxmaz ağlından,
El bilir, kök ustə budaq nə demək.
Oğul var Vətənin yaraşığıdı,
Oğul var, Babəktək haqq aşıqıdı
Yaxşılar, xalqımın göz işğıdı,
Bilir yurt nə demək, torpaq nə demək!
İrmaklar dəryanı umman eyləyər,
Oğulu qəhraman, zaman eyləyər,
Yaxşıdan ad qalar, yaman neyliyər?
Buta, ərən bilər oçaq nə demək!
Səmimi dillə yazılmış “Babək Xoca ilə Bir Bahar Səhəri” başlıqlı etiraf xarakterli duyğusal xatirəni, vəfadar bacımız Meltem Önərdən oxucularımızla ərmağan olmasını istərdim.
«14 aprel 2017-ci il səhəri idi. Sinfimə gedərkən dəhlizdə sədalanan fortepiano səsi məni heyrətləndirdiyi üçün qeyri-ixtiyari yerimdə heykəl kimi donub qaldım. Babək xocanın otağından gələn bu həzin melodiyalar təkcə qulağıma deyil, qəlbimə sirayət etdi, ruhuma toxundu. Melodiya tarın enfes səsi ilə müşayiət olunurdu. Bir ahəngdə uyum içində su kimi süzülüb gedən zərif qanadlı kövrək musiqi idi. İçəridə ortaq işbirliyinin olduğunu düşündüm. Fəqət o mübarək qapını döyüb içəri daxil olmağa cəsarətim çatmadı. Nə deyəcəyimi bilmirdim? Və onların birlikdə nə ifa etdiklərini böyük maraqla öyrənmək istəyirdim.
Tərəddüd qarışıq xəyal içində qısa zamanda bu barədə düşündüm. Sonra ağlıma bir fikri gəldi. Babək xoca ilə İlqar xocanın çayı çox sevdiyini bilirdim. Bu bəhanə ilə də onlara bir jest edib, yeni musiqini daha yaxından dinləyə bilərdim. Dərhal üç fincan pürrəngi çay hazırlayıb otağın qapısını ehmalca tıqqıldadıb nəhayət sinfə qədəm qoydum.
(Soldan sağa) Meltem Önər. Prof.Dr. İlqar İmamverdiyev, Prof.Dr. Babək Qurbanovun bəstəsi olan
“Qocalma gözəl”adlı əsərini məşq edərkən Məltəm Önər Xanımın çəkdiyi şəkil. 14. 04 – 2017
Məni çox səmimi qarşıladılar. Sürpriz olaraq çay gətirdiyimi bildirəndə, çöhrələrində müşahidə etdiyim zərif təbəssüm o anda mənim üçün bir dünya dəyərində oldu. Bu ecazkar musiqinin ruhuma əsər etdiyini gizlədə bilməyib xəbər aldım: "Nə ifa edirsiniz?” İlqar müəllim sözə müdaxilə edib hörmətli alimimiz Babək Qurbanovun bu yaxınlarda filosof-şair Firuz Mustafanın şeirinə bəsdələdiyi “Göcalma gözəl” adlı vokal əsər üzərində ilk dəfə məşq etdiklərini söylədilər. Uzun illər keçsə də ipək sədalı əsrarəngiz səslərlə yoğrulmuş ilahi melodiya müqəddəs anların xatirəsi olaraq ömrümə, ruhuma, qəlbimə ilmə-ilmə həmişəlik nəqş olundu. “Dünya özü qocalsa da”, keşgə ülvi xatirələr cavan qalsın və heç unudulmasın”. Bu nisgilli-kövrək duyğuların həsrət motifliləri ilə də aramızda mənəvi ömrünü yaşamaqdadır, insanlıq elminin alimi Babək Osmanoğlu Qurbanov.»
Ruhun şad məkanın cənnət olsun Osmanoğlu Babək müəllim!
9 iyun yaş gününü xoş kəlamlarla təbrik etmək əvəzində az öncə yuxarı sətirdə ifadə etdiyim bu kəlmələri demək istəməzdim unudulmazlığın mücəssəməsi! Çünki ruhumda, qəlbimdə aldığım nəfəsimdə, İlqar ömrümdə hər daim zikr olunmaqla yaşamaqdasan Babək Qurbanov adlı şahanə səsim, şah əsərim!
Sənətşünaslıq Elmləri Doktoru
Qaziantep Universiteti Türk Musiqisi
Dövlət Konservatoriyasının professoru.
Türk Xalq Musiqisinə Xidmət mükafatcısı
30.05 – 2025 saat 18.30