Seçki saxtakarlığı "FOTO və VİDEO"larda
Bu gün ölkədə növbəti parlament seçkiləri keçirilir.
Xeberinfo.com: Bir neçə saatdır start verilən seçkilərdə artıq onlarla qanun pozuntusu qeydə alınıb. Sosial şəbəkələrdə yayılan pozuntuları əks etdirən foto, video və məlumatları təqdim edirik:
***
118 saylı Ağdam Seçki Dairəsinin 26 saylı məntəqəsində müşahidəçi Namiq Cəfərli saxtakarlığa etiraz etdiyi üçün barəsində protocol tərtib edilərək, müşahidəçilikdən kənarlaşdırılıb. Bu barədə azadliq.info-ya onun özü məlumat verib. N.Cəfərli bildirib ki, məntəqədə təşkil olunaraq gətirilən adamlar qutulara topa-topa bülletenlər atıblar, o da buna etiraz edib. Məntəqə komissiyası isə onu seçkinin gedişinə mane olmaq adı ilə protokollaşdıraraq, müşahidəçilikdən uzaqlaşdırıb.
***
***
78 saylı Lerik seçki dairəsindən namizəd Mehdibəy Səfərov:
Mən, 78 saylı Lerik seçki dairəsindən MM-ə namizəd Səfərov Mehdibəy Mahmudəli oğlu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Prezident Admnistrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə təcili qaydada teleqramla müraciət edib, 78 saylı seçki dairəsində, Lerik RİH-nin başçısı Rövşən Bağırov başda olmaqla, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, rayon səhiyyə şöbəsinin müdiri Mübariz Ağayev tərəfindən məktəb direktorları, kənd icra nümayəndələri, məntəqə sədrləri məcburi qaydada rayonda ədalətli və şəffaf seçki keçirilməsi ile bağlı, AR Konstitusiyasının maddələrini pozmağa sövq etdirirlər! Belə ki,mənə səs verəcək müəllimləri, həkimləri, ən xırda dövlət işçisini belə vəzifələrindən qovacaqları ilə təhdid edirlər. Məsul Dövlət vəzifələrinə təyin olunmuş bu şəxslər əhali arasında namizədlərdən birinin – İqbal Məmmədovun, “ARDNŞ”nin rəhbəri, cənab Rövnəq Abdullayevin adını hallandırmaqla, onun tərəfindən artıq, MM-ə deputat təyin olunmağını təbliğ etməklə, əhali arasında inamsızlıq və ruh düşkünlüyü əhval-ruhiyyəsi yaradırlar. Bununla da, bu adamlar AR-Dövlətinin təməl sutunlarından biri olan Qanunvericilik hakimiyyətinə qarşı birləşərək, Konstitusiyaya zidd hərəkətlər etmişlər!
Çox təəssüflər olsun ki, vurduğum bu teleqrammadan sonra da, yəni günü bu gün də, məsul Dövlət vəzifələri tutmuş bu adamlar AR-nın Seçki Qanunlarını pozmaqda davam etməkdədirlər…
***
***
Naxçıvan Muxtar Respublikasi Ali Məclisinə keçirilən seçkilərdə ciddi qanun pozuntusu. Əvvəlcədən küncləri kəsilmiş bülletenlər.
Seçicilərin seçkiyə münasibəti
***
***
Sumqayıtda müşahidəçilər təzyiqlərə görə seçkilərin monitorinqindən imtina ediblər.
Səsvermə günü ərəfəsində icra hakimiyyəti REAL Hərəkatının üzvü, 42 saylı Sumqayıt ikinci dairəsindən deputatlğa namizəd Hafiz Babalını təmsil edən müşahidəçilərə və məntəqə seçki komissiyalarının məsvərətçi səs hüquqlu üzvlərinə təzyiqlər göstərib.
Dörd gənc valideynlərinin işdən, özlərinin isə universitetlərdən çıxarılacağı ilə hədələnib, H.Babalı bildirib.
Hədələrdən sonra müçahidəçilər öz funksiyalarını yerinə yetirməkdən imtina ediblər. Eyni zamanda seçki məntəqələri hökumətyönlü QHT-lərdən və az tanınan partiyalardan olan müşahidəçilərlə doludur. Bu, beynəlxal müşahidəçilərdə “demokrarik” seçki təəssüratı yaratmaq üçün edilir.
“Budur, sizin mahiyyətiniz. Normal seçkilərdən, rəqibdən qorxursunuz. Əgər öz qələbənizə əminsinizsə niyə məni müşahidəçisiz– “silahsız” qoyursunuz”, – H.Babalı özünün Facebook səhifəsində yazıb.
***
“Sənədsiz şəxslərin səs verməsinə imkan yaradılır…”
32 saylı Suraxanı 3-cü seçki dairəsindən namizədliyini vermiş Təmiz Dünya Təşkilatının sədri Mehriban Zeynalova bildirir ki, onun namizəd olduğu dairədə “təkrar səs verənlər var, sənədsiz şəxslərin səs verməsinə imkan verilir.”
Bəs, bunlar barədə MSK-ya şikayət verilibmi? Çünki MSK deyir ki, onlara şikayət daxil olmayıb?
Mehriban Zeynalova bildirir ki, yaydıqları videonu MSK-nın saytına göndərmək istəyiblər, ancaq buna imkan verilməyib, bununla belə, saytda şərh kimi yazıblar.
***
İsmayilli rayon 86-saylı DSK-nın 8-saylı məntəqəsində qutulara topa bülletenlər atılıb
Ağdam rayonunda qeydiyyatda olan vətəndaşa 21 Saylı Nəsimi seçki dairəsində bülleten verilib.
***
REAL Hərəkatının icra katibi, deputatlığa namizəd Natiq Cəfərlini qeydiyyatda olmadığı məntəqədə büllütünlə təmin ediblər:
!Yeni Yasamalda 286 nömreli mektebde yerleşen 12 saylı dairenin menteqesinden indice çıxdım. Yaxınlaşdım ki, ses vermek isteyirem, vesiqeme baxdılar, elave bir jurnala yazdılar adımı, bülliten verdiler, men de özüme ses verdim, halbuki tamam başqa yerde qeydiyyatdatam. Sizin “seçki” budur, başınıza deysin”.
***
69 saylı Cəlilabad-Masallı-Biləsuvar
Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizədlər Nuriyev Daşqın Ağarza oğlu, Əliyev Bəybala Əşrəf oğlu, Gözəlov Ağahüseyn Səfər oğlu, Nüseynov Murad Əli oğlu dairədə baş verən pozuntularla bağlı bəyanat yayıblar. Bəyanatda deyilir:
“Biz hesab edirik ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsində baş verən bu neqativ hallar saxtakarlığın təntənəsi sayıla bilər. Odur ki, Dövlət başçısı kimi Sizdən bu saxtakarlıqda əli olanlar haqqında, seçki prosesinə, vətəndaşların sərbəst seçim hüququna müdaxilə edənlərin qarşısının alınmasına göstəriş vermənizi xahiş edirik”.
***
Seçicilərin bülletenləri korlamaqla seçkilərə etirazı kütləvi hal alıb
***
***
Nəsimi-Səbail, 23 saylı dairə, 9-10 saylı məntəqələri. Seçici Xasməmmədova Xətaə Ağalar qızı: Seçilən seçilib, oturan oturub, formaldı hər şey, camaatı oynadırlar…
9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə seçici fəallığı haqda məlumat. Göründüyü kimi, hətta seçkinin sonu haqda statistik məlumatlar da öncədn hazırlanıb.
***
İlhamiyyə Rzayevanın vəkili polisə aparılıb
17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədliyini vermiş jurnalist İlhamiyyə Rzayevanın vəkili (həm də həyat yoldaşı) Həmid Herisçi saxlanılaraq polisə aparılıb. Az sonra isə sərbəst buraxılıb.
Bu haqda AzadlıqRadiosuna İlhamiyyə Rzayeva özü məlumat verib. O bu haqda «facebook» sosial şəbəkəsində də yazıb: «Müşahidəçilərimizin sayı az olduğundan səyyar qutunu müşayiət etmək üçün vəkillərimiz gedir. Vəkilim Həmid 19 saylı məntəqədən bununla bağlı məlumata əsasən məntəqəyə yollandı, ora çatanda məlum oldu ki, qutu artıq bizim nümayəndəmiz olmadan yola salınıb. Yolda qutunu və onu müşahidə edən adamları haqlayan Həmid onlarla ünvana yollananda məlum olub ki, yaşlı qadın əlil deyil, qutunun gətirilməsi ilə bağlı ərizə zad da yazmayıb, ümumiyyətlə seçkilərə inanmır və səsvermədən imtina edir. Deməli, ərizə saxta imiş».
İlhamiyyə Rzayeva deyir ki, məntəqəyə qayıtdıqdan sonra məntəqə sədri Həmid Herisçidən ərizəni geri qaytarmasını tələb edib. Ancaq o, məktubu qaytarmaqdan imtina edir. Buna görə də məntəqə sədri polis çağırır və Həmid Herisçi 26-cı polis bölməsinə aparılır.
Az sonra Həmid Herisçi ərizə yazıb və sərbəst buraxılıb. Namizədin saxta olduğunu söylədiyi məktub sosial şəbəkədə də paylaşılıb.
***
Üzeyir Cəfərli: «Vəziyyət bərbaddır»
«33 saylı Xətai birinci seçki dairəsində vəziyyət bərbaddır, seçki prosesinə həddən artıq müdaxilə var».
Həmin dairədən deputatlığa namizədliyini vermiş Üzeyir Cəfərli AzadlıqRadiosuna açıqlamasında belə deyib.Onun sözlərinə görə, dairə ərazisində «karusel» əməliyyatından geniş istifadə edilir:
«Səhər səsvermə başlanandan bütün resurslar cəlb olunub. Bütün məntəqələrdə müşahidəçilərimiz var. Onlar bildirir ki, Lerikdən, Ağdaşdan, Ağsudan insanlar cəlb olunub. Lerikdə yaşayan adam necə gəlib Bakıda səs verə bilər? Eyni adamlar gəlir səs verir. Xətai rayon İcra Hakimiyyətində tikinti işlərinə cavabdeh olan şəxs 7 nəfərlə məntəqələri gəzib səs verdirir. Biz bu saxtakarlığı tuturuq, dairə seçki komissiyasının sədrinə də bu haqda məlumat verirəm. Amma o deyir ki, mən ara qarışdırıram. Müşahidəçilərimizin əlində çoxlu fakt var və aktlar tərtib olunub».
Deputatlığa namizəd deyir ki, bəzi məntəqələrdə mürəkkəb qanunvericiliyin tələbinə zidd olaraq sol ələ yox, sağ ələ vurulur: «Biz müraciət etdikdə deyirlər ki, anlaşılmazlıq olub».
«NAMİZƏDƏ YARAŞARMI BELƏ HƏRƏKƏT?»
33 saylı dairə seçki komissiyasının sədri Əlibaba Bayramov AzadlıqRadiosuna açıqlamasında deputatlığa namizədin söylədiklərini təkzib edib. O, namizədin onları təhqir etdiyini iddia edib:
«Üzeyir Cəfərov məntəqə sədrlərini qorxudur, təhqir edir. Deputatlığa namizədə yaraşarmı bu hərəkət? Onun dediklərini araşdırmışam. Ancaq heç biri əksini tapmır. Bir məntəqədə kimsə içəri girib. Məlum olub ki, başqa yerdə səs verməlidir, başa salıblar gedib. Amma Üzeyir Cəfərov bunun sənədləşdirilməsini istəyir. Nəyi sənədləşdirsinlər? Bu adama bülleten verilməyib, səs verməyib, barmağına mürəkkəb vurulmayıb».
***
Şamaxıda şagirdləri səsverməyə gətiriblər.
***
23 saylı Səbail-Nəsimi SD, 13 saylı məntəqədən görüntü.
«Karuselçi qadınlar»ı çəkdiyi üçün polis reportyoru məntəqədən necə uzaqlaşdırmaq istəyir: Çıxaq çölə söz deyəcəm!..
***
Deputatlığa namizəd İlhamiyyə Rzanın 17 saylı Yasamal üçüncü seçki dairəsinin 16 saylı seçki məntəqəsindəki müşahidəçisi Vasif Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
***
Yasamal r-nu, 17 sayli dairənin 17 saylı məntəqəsində seçki saxtakarlığı! Bir sesicinin ata-anasının yerinə qol da çəkilib, bülleten də atılıb. Məntəqə sədri isə saxtakarlığın aşkarlandığını görüb həmkarlarına “Demişdim də sizə, əcəb oldu” deyir!
Azadliq.info