Səttar Möhbalıyev: “Soyqırımı qurbanları və bütün şəhidlərimizin ruhu bu gün şaddır”
“Tariximizin unudulmaz səhifələrindən biri də 1918-ci ilin mart-aprel hadisələridir. Məhz həmin dövrdə 30 mindən çox azərbaycanlı erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Bu da, təbii ki, erməni millətçilərinin uydurduqları, heç vaxt mövcud olmayan “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi cəhdləri idi. Bu çirkin siyasət tarix boyu soydaşlarımıza qarşı etnik təmizləmələrə, deportasiyalara və soyqırımılara səbəb olmuş və tarixin müəyyən mərhələlərində özünü göstərmişdir. Qeyd etdiyimiz dövrdə də erməni millətçiləri yaranmış vəziyyəti tarixi fürsət bilərək belə qanlı hadisələrə əl atdılar. Məhz etnik və dini mənsubiyyət səbəbindən təkcə Bakı quberniyasında on minlərlə dinc sakin işgəncələrə məruz qalmış və vəhşicəsinə qətlə yetirilmişdir. Soyqırımı Bakı ilə yanaşı, həm də Qarabağda, Naxçıvanda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, Zəngəzurda da törədilmişdir. Həmçinin 10 minlərlə dinc sakin öz torpaqlarından didərgin düşmüşdür”.
Yenixeber.org: Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, mart hadisələri zamanı eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar da dağıdılmışdır: “Yəni bu əməllər erməni millətçilərinin xain xislətinin, vəhşi təbiətinin təzahürləridir ki, gözlərinə görünən, qarşılarına çıxan hər şeyi məhv edirlər. Qocalara, qadınlara, uşaqlara belə rəhm etməyən cəlladlar hətta insanlığa sığmayan ən qəddar üsullara da əl atıblar. Bunu Quba qırğını bir daha sübut edir. Belə ki, orada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Demək olar ki, onların hamısı balta, xəncərlə öldürülüb, başları bədənlərindən qopardılıb. Bəzi kəllə sümüklərində mismarlar da aşkarlanıb. Bu, bir daha həmin hadisələrin hansı qəddarlıqla törədildiyini gözlər önünə sərir”.
“Məlumdur ki, sovet hakimiyyəti illərində çox çalışdılar, əllərindən gələni etdilər ki, erməni cəlladlarının törətdikləri soyqırımıları, qətliamları tarixdən silsinlər, insanlara unutdursunlar. Təbii ki, bu cəhdlərin hamısı faydasız oldu. İmperiya dağıldıqdan sonra isə pərdələr qalxmağa başladı, haqq-ədalət öz yerini tapdı. Məhz dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımıların ilk dəfə rəsmi şəkildə adı çəkildi, erməni şovinistlərinin soydaşlarımıza qarşı nümayiş etdirdikləri etnik düşmənçilik siyasətinin kökləri açıldı, bu tipli məkrli, qeyri-insani əməllər öz siyasi qiymətini aldı. Eləcə də Fərmanla 31 mart günü Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Habelə bu Fərman soyqırımı ilə bağlı yeni araşdırmalara yol açdı, həmin tarixin öyrənilməsi ilə bağlı əhəmiyyətli işlər görüldü”, - AHİK sədri qeyd edib.
“Mən dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə Qubada “Soyqırımı memorial kompleksi“ yaradılmasını xüsusilə vurğulamaq istərdim. Bu addım soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, baş verən qanlı hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, gələcək nəsillərə ötürülməsi baxımdan son dərəcə əhəmiyyətlidir. Görürük ki, ölkəmizə gələn xarici qonaqlar, turistlər, həmçinin vətəndaşlarımız, xüsusilə məktəblilər kompleksi ziyarət edir və dolğun məlumatlar toplayırlar. Biz bu tarixi unuda bilmərik, onu daim yaşatmalıyıq və təbliğ etməliyik. Hər il Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində dövlət orqanlarında, ictimai təşkilatlarda, elm və təhsil müəssisələrində tədbirlər təşkil edilir. Nəzərinizə çatdırım ki, ölkəmizin həmkarlar ittifaqları da Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirir, soyqırımı qurbanlarının xatirəsi dərin hörmətlə anılır“, - Milli Məclisin deputatı bildirib.
“Tarix boyu soyqırımılara, qətliamlara əl atan, dinc sakinləri qətlə yetirən, ərazilərimizdə vandalizm törədən, torpaqlarımızı işğal edən düşmənin cavabı layiqincə verildi. Həm cəmi 44 gün davam edən Vətən müharibəsində, həm ondan sonra həyata keçirilən bir sıra lokal hərbi əməliyyatlarda, həm də Qarabağdakı bir sutkadan da az müddətdə baş tutan antiterror tədbirlərində bütün şəhidlərimizin, soyqırımı qurbanlarının qisası döyüş meydanında misli ilə alındı. Fəxarətlə deyə bilərik ki, bu gün onların ruhu şaddır, çünki canlarını fəda etdikləri Vətən torpağı tam azaddır”, - Səttar Möhbalıyev əlavə edib.