Dövlət sirri ilə bağlı mühüm qərar
Nazirlər Kabineti “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.
"Xeberinfo.com": Məlumata görə, dəyişikliyə əsasən qaydanın adı dəyişdirilib və “Vəzifəli şəxslərin və ya vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası” adlandırılıb.
İndiyə qədər dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirləri qanunvericiliklə müəyyən edilmiş əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən həyata keçirilib və həmin orqanlar bu Qaydaya uyğun olaraq, idarədaxili müvafiq qaydalarını təsdiq ediblər. Dəyişikliyə əsasən bundan sonra vətəndaşların xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri Milli Təhlükəsizlik Nazirliyinin rəyi nəzərə alınmaqla, prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçiriləcək. Digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərini təhlükəsizlik orqanı həyata keçirəcək.
Mövcud Qaydaya əsasən işəgötürənin və dövlət sirri ilə işləməyə buraxılan şəxsin qarşılıqlı öhdəlikləri əmək müqaviləsində (sazişində) əks olunur. Səlahiyyətli orqanlar tərəfindən yoxlama tədbirləri başa çatdırılana qədər əmək müqaviləsinin (sazişinin) bağlanılması yolverilməz olub. Yoxlama tədbirlərinin həcmi buraxılışı rəsmiləşdirilən şəxsin işləməyə buraxılacağı məlumatların məxfilik dərəcəsindən asılıdır. Yoxlama tədbirlərinin həcmi və keçirilmə qaydası yoxlama tədbirlərini keçirən müvafiq orqanlar tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir.
Dəyişikliyə əsasən bundan sonra vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunacaq. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Baş Prokurorluğunda, Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində və Xüsusi Dövlət Mühafizə Xidmətində dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilmə qaydası bu orqanlar tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq ediləcək.
Digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarında dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirlərinin həcmi və keçirilmə qaydası təhlükəsizlik orqanı tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir.
İndiyə qədər vətəndaşların birinci (xüsusi əhəmiyyətli məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün) və ikinci formalar (tam məxfi məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün) üzrə işləməyə buraxılışının rəsmiləşdirilməsi və yenidən rəsmiləşdirilməsi ilə bağlı olan yoxlama tədbirləri əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla və dövlət sirrinin mühafizəsi üzrə bölmələrlə qarşılıqlı əlaqədə həyata keçirilib. Vətəndaşların üçüncü forma (məxfi məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün) üzrə işləməyə buraxılışının rəsmiləşdirilməsi təhlükəsizlik orqanı tərəfindən yoxlama tədbirləri keçirilmədən təşkilat rəhbəri tərəfindən həyata keçirilib.
Dəyişikliyə əsasən bundan sonra vətəndaşların birinci (xüsusi əhəmiyyətli məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün) və ikinci formalar (tam məxfi məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün) üzrə işləməyə buraxılışının rəsmiləşdirilməsi ilə bağlı olan yoxlama tədbirlərini təhlükəsizlik orqanı (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)” əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla və dövlət sirrinin mühafizəsi üzrə bölmələrlə qarşılıqlı əlaqədə həyata keçirəcək.
Vətəndaşların üçüncü forma üzrə işləməyə buraxılışının rəsmiləşdirilməsi təhlükəsizlik orqanı tərəfindən (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən)” təhlükəsizlik orqanı tərəfindən yoxlama tədbirləri keçirilmədən təşkilat rəhbəri tərəfindən həyata keçiriləcək.
İndiyə qədər dövlət sirrinə buraxılışı, rəsmiləşdirilən vətəndaşlar anket (forma 2) doldurublar. İşə (xidmətə) qəbulu rəsmiləşdirilən vətəndaşda söhbət zamanı kadr aparatının işçiləri anketdə göstərilən məlumatları onun şəxsi sənədləri (pasport, şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası, təhsil haqqında diplom və s.) ilə üzləşdirir, anketin ayrı-ayrı suallarını dəqiqləşdirib, anket suallarında nəzərdə tutulmayan maraq doğuran məlumatları müəyyənləşdirib, son bir il ərzində vətəndaşdan məxfi işlərlə, sənədlərlə və məlumatlarla əlaqəsi olub-olmadığını, onun dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə öhdəlik götürüb-götürmədiyini, rejimli obyektlərdə işləyib-işləmədiyini (xidmət edib-etmədiyini) aydınlaşdırıb, zəruri arayış və sənədləri sorğu edir və vətəndaşı dövlət sirrinə buraxılışın rəsmiləşdirilməsi barədə müqavilənin mətni ilə tanış ediblər.
Bu müqavilələr kadr aparatında əmək müqavilələrinin qeydiyyat jurnalında qeydiyyata götürülüb. Vətəndaşla söhbət zamanı və ya anket məlumatlarına əsasən ona dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi haqqında qərarın qəbul edilməsinə təsir edəcək hallar və yaxud onun əvvəllər xüsusi əhəmiyyətli və ya tam məxfi məlumatlarla işləməsi müəyyən olunarsa, onda kadr aparatının işçiləri söhbətin nəticələri barədə təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsinin rəhbərinə şifahi və ya yazılı məlumat verməyə borcludurlar.
Dövlət sirrinə buraxılışın rəsmiləşdirilməsi barədə müqavilənin (sazişin) bağlanması Azərbaycan Respublikasının mülki və əmək qanunvericiliyinin tələblərinə, həmçinin «Dövlət sirri haqqında» qanunun tələblərinə riayət edilməklə həyata keçirilib. Buraxılış rəsmiləşdirilən vətəndaşın anketi kadr aparatının işçisi tərəfindən imzalanır, möhürlə təsdiq edilir və dövlət sirrinin mühafizəsi üzrə bölməyə təqdim edilib. Dəyişikliyə əsasən bundan sonra “Dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşlar belə məlumatlarla işləməyə buraxılmaqdan imtina edilməsinə səbəb olan xəstəliklərinin olmaması barədə tibbi arayışı kadr aparatına təqdim edir və anket dolduracaqlar.
Onlar anketdə doğru məlumatlar göstərməyə borcludurlar. İşə (xidmətə) qəbulu rəsmiləşdirilən vətəndaşla söhbət zamanı kadr aparatının işçiləri anketdə göstərilən məlumatları onun şəxsi sənədləri (pasport, şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası, təhsil haqqında diplom və s.) ilə üzləşdirir, anketin ayrı-ayrı suallarını dəqiqləşdirir, anket suallarında nəzərdə tutulmayan maraq doğuran məlumatları müəyyənləşdirir, son bir il ərzində vətəndaşdan məxfi işlərlə, sənədlərlə və məlumatlarla əlaqəsi olub-olmadığını, onun dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə öhdəlik götürüb-götürmədiyini, rejimli obyektlərdə işləyib-işləmədiyini (xidmət edib-etmədiyini) aydınlaşdırır, zəruri arayış və sənədləri sorğu edir və vətəndaşı dövlət sirrini yaymamaq barədə öhdəliyin mətni ilə tanış edirlər. İki nüsxədə tərtib edilmiş öhdəliyin bir nüsxəsi işçinin şəxsi işində, ikinci nüsxəsi isə dövlət sirrinin mühafizəsi üzrə bölmədə saxlanılacaq.
Bu öhdəliklər kadr aparatında əmək müqavilələrinin qeydiyyat jurnalında qeydiyyata götürüləcək. İşə qəbulu əmək müqaviləsi ilə həyata keçirilən vətəndaşın dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə dövlət qarşısında götürdüyü öhdəliyi Azərbaycan əmək qanunvericiliyinə uyğun olaraq, həmçinin “Dövlət sirri haqqında” qanunun tələbləri nəzərə alınmaqla, əmək müqaviləsinə əlavə kimi rəsmiləşdiriləcək. Dövlət sirri ilə işləməyə buraxılışı rəsmiləşdirilən vətəndaşın anketi kadr aparatının işçisi tərəfindən imzalanacaq, möhürlə təsdiq ediləcək. Anket, tibbi arayış və vətəndaş tərəfindən imzalanmış öhdəlik dövlət sirrinin mühafizəsi üzrə bölməyə təqdim ediləcək.