Bakıda silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb -YENİLƏNİR
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb.
Qeyd edilib ki, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.
Onlar xəstəxanaya çatdırılıb.
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".
Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Bu barədə TƏBİB-dən bildirilib.
"Hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək".