General Volkov Qarabağ separatçıları ilə görüşdü və...

Sentyabrın 21-də Qarabağdakı separatçıların oyuncaq “parlament”inin “fraksiya rəhbərləri” Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov ilə görüşüblər.
Yenixeber.org: Bu barədə erməni mediası xəbər verir. Məlumata görə, görüş zamanı Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının regionda sabitliyin təmin edilməsində rolunun vacibliyi vurğulanıb, regionda mövcud vəziyyət, mövcud və mümkün hadisələr müzakirə edilib.
“Görüş zamanı Laçın dəhlizinin yeni marşrutu mövzusuna və bu sahədə cəmiyyətdə yaranmış bəzi problemlərə toxunulub. Rusiya sülhməramlı kontingentinin komandiri əmin edib ki, dəhlizin təhlükəsizliyi tamamilə Rusiya sülhməramlılarının nəzarəti altındadır və hazırkı tikinti işlərinin başa çatdırılması ilə paralel olaraq mövcud problemlər də həll olunacaq”-məlumatda bildirilir.
Görüşdə müxtəlif formatlarda “tez-tez təmasların aparılmasının zəruriliyi” qeyd edilib.
İstənilən halda, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş kontingentin rəhbərliyinin vaxtaşırı separatçılarla bir masa arxasında oturması suallar doğurur və bu suallara aydınlıq gətirilməlidir. Avqust ayında da bənzər görüş olmuşdu. General Volkov unutmamalıdır ki, Laçın dəhlizi artıq tarixdə qalıb, yeni marşrut sadəcə yoldur, Azərbaycan dövlətinin humanizminin nəticəsində çəkilən yol...