Azərbaycanlı solistlər -Özbəkistanda konsert veriblər
"Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistləri Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə “Lazgi” Beynəlxalq Musiqi Festivalında uğurla iştirak edib".
Yenixeber.org: Bunu mərkəzin direktoru Murad Hüseynov BMM-də keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, festival aprelin 27-dən mayın 2-nə kimi davam edib: "Tədbirdə Azərbaycanı solistlər, Əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev, Kamran Kərimov və xanəndələr, Xalq artisti Mənsum İbrahimov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov təmsil edib. Solistlərin festival çərçivəsində çıxışları böyük maraqla qarşılanıb. BMM-nin solistləri festivalın açılışından əvvəl 40 dəqiqəlik xüsusi proqramla çıxış ediblər. 30 ölkənin nümayəndəsinin iştirak etdiyi və çoxsaylı xarici qonaqların tamaşaçı qismində izlədiyi konsert böyük alqışlarla qarşılanıb. Festivalın ikinci günü təşkilatçıların təklifi və tamaşaçıların istəyi ilə solistlər əlavə olaraq ikinci konsert proqramı ilə çıxış ediblər. Konsert çox yüksək səviyyədə keçirilib və böyük alqışlarla qarşılanıb".
BMM-in rəhbəri vurğulayıb ki, Özbəkistanın mədəniyyət naziri azərbaycanlı nümayəndə heyəti ilə görüşərək Muğam Mərkəzinin rəhbərliyinə təşəkkür edib: “Qarabağ” muğam qrupu – Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov və nağara ifaçısı Vüsal Bayramov Özbəkistan Mədəniyyət Nazirliyi və Muğam Mərkəzinin təşkilatçılığı ilə Daşkənddəki “Türküstan” Sənət Sarayında “Dostluq körpüsü” adlı konsert proqramı ilə çıxış ediblər".
Xalq artisti Mənsum İbrahimov səfər təəssüratlarını bölüşüb: "Çıxışlarımız çox böyük rəğbətlə qarşılandı. Konsertlər zamanı Özbəkistanın milli geyimləri bizə təqdim edildi. Özümüzü heç yad hiss etmədik. Konsertin təşkilatçıların təşəkkür edirəm".
Daha sonra digər solistlər də səfər təəsüratlarını bölüşüblər.