RUSİYANIN DAHA 2 TƏYYARƏSİ və 3 HELİKOPTERİ MƏHV EDİLİB -Rusların son itkiləri açıqlandı
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Yenixeber.org: Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 20 800-ə yaxın hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 802 ədəd tankı, 2 063 ədəd zirehli döyüş maşını, 386 ədəd artilleriya sistemi, 132 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 67 hava hücumundan müdafiə sistemi, 169 ədəd hərbi təyyarəsi, 150 ədəd helikopteri, 1 495 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 158 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətlərini tam ələ keçirmək, eləcə də Krıma quru yoluna tam nəzarətə almaq cəhdlərini davam etdirir.
Məlumata görə, Rusiya ordusu Ukraynanın bütün mülki obyektlərinə raket və aviasiya zərbələri endirir: "Ötən sutka ölkənin qərb regionlarındakı mülki obyektlərinin raket və aviasiya zərbələrinə məruz qalması artıb”.
Bildirilib ki, Rusiya Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində “S-400” və “S-300” zenitk-raket kompleksinin diviziyalarını yerləşdirib. Məlumata görə, Rusiya hərbçiləri Siver Donets çayının sol sahilində İzyum, Donetsk və Tavriya vilayətləri istiqamətlərində bütün cəbhəboyu hücum fəallığını artırıb: “Düşmənin əsas hədəfi Luqansk və Donetsk vilayətlərində qoşunlarımızın müdafiəsini yarmaqdır. Rusiya Qara dəniz donanması 126-cı sahil mühafizə briqadası şəxsi heyətinin 75 faizini itirib. Qara dəniz donanması 810-cu əlahiddə briqadasının 158 hərbçisi öldürülüb, 500 yaralanıb, 70-i itkin sayılır”.
Məlumata görə, son sutkada Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının 7 hücumunun qarşısını alıb: "Ötən gün Rusiyanın 2 təyyarə və 3 helikopteri məhv edilib. Onların 10 tankı, 18 zirehli texnikası, 8 avtotmobil texnikası, 1 artilleriya sistemi, bir minaatanı məhv edilib”.
Mariupol Rusiyanın zərbələrinə baxmayaraq təslim olmayıb. Bunu isə Pentaqon rəsmisi Con Körbi deyib.“Biz Rusiya aviazərbələrinin və artilleriya atəşlərinin Donbasda və cənubda, xüsusilə də Mariupol və ətrafında cəmlənməsini görməyə davam edirik. Ruslar bizim “formalaşdırma” (shaping) dediyimiz işi görürlər, onlar Ukraynanın şərqində daha geniş və aşkar hücumlar üçün şərait yaradırlar”, - o bildirib.
Körbi qeyd edib ki, Rusiyanın artan aqressiyasına baxmayaraq ukraynalılar müqaviməti davam etdirirlər.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.
Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır. (Azpolitika)