Ölkədə yenə dollar ajiotajı müşahidə olunur. Dollar satışı ilə bağlı hər hansı ciddi məhdudiyyətlər olmasa belə, daxili və xarici valyuta bazarlarındakı vəziyyət əhali arasında panika yaradıb.
Yenixeber.org: Hətta bölgələrdə belə banklardan kredit götürən, onu dollara çevirib saxlayan və devalvasiyanın baş verməsini gözləyən insanlar var. Onlar bu prosesdən müəyyən qədər qazanclı çıxmağa çalışırlar. Bəs görəsən, devalvasiya ehtimalı sadə insanların təxmin etdiyi qədər realdırmı? Azərbaycan manatının hazırkı məzənnəsi üçün hansı təzyiqlər var?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, ölkədə valyuta ilə bağlı ajiotajın yaranmasının bir neçə səbəbi var: “Bankların dollar satışı ilə bağlı müəyyən məhdudiyyətlərinin olması ilə bağlı belə bir vəziyyət hazırda görünür. Birinci səbəb odur ki, Mərkəzi Bank banklara qeyri- qanuni və qeyri-rəsmi belə bir tapşırıq verib ki, il ərzində hər vətəndaşa 11 min dollardan artıq vəsait satılmır. İndi ilin sonudur deyə bəzi hallarda bu normanı dolduranlar var, bəzi hallarda bankların dollar satmaqdan çəkinmələri var. Bunu tam həcmdə həyata keçirmədiklərini görmək olur. Bu özü elə süni ajiotajın yaranmasına səbəb olan əsas amillərdən biridir. Mərkəzi Bankın və bankların bu yanaşması ajiotajı artırır. İkinci psixoloji məqamdır ki, o, Türkiyədə baş verən dalğalanmalar, Azərbaycanda da vətəndaşların nəznində belə bir hadisənin təkrarlanması ehtimallarını artırır. Çünki Azərbaycan vətəndaşlarının ən azı 65 faizi Türkiyə telekanallarını izləyirlər. Orada gedən söhbətlər insanlara ən azından psixoloji cəhətdən təsir göstərir”.
N.Cəfərlinin sözlərinə görə, digər bir səbəb ondan ibarətdir ki, hər ilin sonunda valyutaya tələbat artır: “Noyabr- dekabr ayında yeni il bazarlıqları ilə əlaqəli kiçik və orta sahibkarlar, iri sahibkarlar daha çox valyuta əldə etmək istəyərək ölkəyə yeni ildə istifadə olunan məhsulların gətirilməsinə çalışırlar ki, bu da dollara olan tələbatı artırır. Devalvasiya məsələsinə gəlincə, Azərbaycanda məzənnə inzibati qaydada tənzimləndiyinə görə iqtisadi cəhətdən analiz edərək bu məsələyə cavab vermək çətindir. Yəni bu, hökumətin, Mərkəzi Bankın siyasi qərarından asılıdır. Açığı, indiki dövrdə hansısa bir devalvasiya addımlarının atılacağını düşünmürəm. Buna ehtiyac da yoxdur. Neftin qiymətləri kifayət qədər yüksəkdir. Azərbaycan manatı isə kağız neftdir. Ona görə də yaxın gələcəkdə bununla bağlı hansısa addımların atılacağı mümkünsüz görünür. Amma bir şey də dəqiqdir ki, uzun zaman sabit və eyni məzənnə rejimi davam edə bilməz. Bir müddətdən, bəlkə də bir neçə aydan sonra, bəlkə də 1- 2 ildən sonra Azərbaycan manatının bu məzənnəsində müəyyən dəyişikliklərə getmək məcburiyyəti yaranacaq”.
İqtisadçı ekspert Əkrəm Həsənov da vurğuladı ki, Azərbaycanda dollarla bağlı panika daha çox şayiələr nəticəsində baş verir: “Səbəb türk lirəsi ilə bağlı idi. Ancaq dəfələrlə bunu qeyd etmişəm ki, baş verənlərin bizə heç bir təsiri yoxdur. Neftin qiyməti sabitdir, Amerika Federal Ehtiyat Sistemi bugünlərdə faiz dərəcəsinin sabit saxladı. Yəni heç bir makroiqtisadi göstərici devalvasiyanın olacağına əsas vermir. Bizdə devalvasiya həmişə neftin qiyməti düşəndə olub. Bu faktorlar da indi yoxdur. Amma təəssüf ki, bizdə belə şayiələr və panika vaxtaşırı olur. Bir neçə il əvvəl də insanlar gedib manatla kredit götürürdü, ona dollar alırdı və gözləyirdi. Bu, sadəcə, olar üçün əlavə xərc yaradacaq, faiz ödəyəcəklər və sairə. Dövlət maarifləndirmə işləri aparmalıdır, yəni birmənalı şəkildə mövqeyini deməlidir. Prinsipcə son vaxtlar belə edirlər”.