Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

8 Noyabr: -Bir ildir bitməyən günün coşqusu

 

Ötən il bu gün... Necə möhtəşəm bir gün idi... Son 30 ildə görmədiyimiz bir coşquydu. Həyatımızın ən gözəl günüydü.

Yenixeber.org: Şad xəbər gələndə şəhər ətrafında, yoldaydım. Avtomobilin radiosunda eşitdik: “Əziz Şuşa, sən azadsan!”

Neçə gün idi ki, bu dörd sözü gözləyirdik. “Dörd söz” deyirəm, amma 28 ildən bəri intizarı çəkilən dörd kəlməydi bu. Edam olunmaq üçün boynuna kəndir keçirilən adama “azadsan” demək nədirsə, bu söz o qüvvətdəydi.

İnstinktiv olaraq Azadlıq meydanına gəldik. Gəldik, gördük, millət buradadır. On minlərlə maşının yaratdığı tıxaca düşdük. Amma bu, o tıxaclardan deyildi.

unnamed.jpg (71 KB)

Heç kim heç yerə tələsmirdi. Bütün avtomobillər siqnallayırdı, amma bu, “yol verin, keçək gedək” siqnalı deyildi, bu Zəfər siqnalıydı.

Maşınların üstündə minlərlə bayraq dalğalanırdı. Sifətinə bayraq şəkli çəkmiş gənc qızlar, yeniyetmə oğlanlar, gövdələrini avtomobillərin lyukundan, pəncərəsindən çıxarmış, əllərində bayraq yelləyən yetkin insanlar tam eyforiyada idilər, hamının gözü gülürdü.

Bu saata qədər bir-birini tanımayan insanlar 40 ilin doğma qardaşları kimi birlikdə sevinirdilər, qlobal koronavirus pandemiyasına baxmayaraq, bir-birilə qucaqlaşıb, kürək şappıldadanlar da vardı.

Səkidə, trotuarda halay çəkib yallı gedənlər olurdu. Bunların çoxu qardaşı, qohumu əsgər olan, ön cəbhədə döyüşən adamlar idi – bilinirdi. Bəzilərinin döşündə əzizlərinin hərbi mundirdə çəkilmiş şəkli görünürdü.

trend_shusha_sevinci_081120_94.jpg (161 KB)

O boyda qələbəlikdə yalnız sağımda dayanmış bir avtomobildəki sürücünün bayrağı yox idi. Görünür, yol keçən adam idi, ümummilli coşquya hazırlıqsız yaxalanmışdı. O da siqnallayır, hərdən başını çıxarıb “Qa-ra-bağ” hayqırırdı, amma nəsə çatmırdı sanki. Gənc sürücü nəyin çatmadığını özü anladı. Maşınından düşüb çoxbayraqlı avtomobillərə yaxınlaşdı, bayraq istədi. Kim belə bir gündə öz bayrağını verərdi? İki, üç maşından naümid qayıdan oğlan əlacsız-əlacsız bizə baxdı. Bizdə bayraq bir dənəydi. Sonra o, irəlilərdən bir bayraq tapdı. Görünür, onun doluxsunmuş sifətini görən kimsə dözməmişdi, oz bayrağını ona vermişdi. Oğlan gözündən yaş gilələrini silə-silə gəlib maşınında oturdu, bayrağını yelləyir, qışqırır, özünü xoşbəxt sayırdı.

İki saatdan çox idi, öz-özünə alınmış, spontan şəkildə formalaşmış qələbə yürüşündə, avtomobil paradındaydıq, 150-200 metr irəliləmişdik. Fərəhindən riqqətə gəlmiş insanların əhatəsində olmaq çox xoş idi.

Sanki bu millət məhz Şuşanın işğaldan azad edilməsi xəbərini gözləyirmiş. Şuşanı azad etmək müharibədə tam qələbə çalmaq demək imiş, sanki. (Əslində elə də oldu, günyarım sonra müharibə bitdi, düşmən daha 3 rayonumuzu güllə atılmadan boşaltmağı öhdəsinə götürdü).

895660_17.jpg (235 KB)

Bir neçə saatdan sonra qələbə coşqusuyla mərkəzi hissəsi iflic olmuş şəhərin əsas küçələrində hərəkətlənmə başlandı, artıq avtomobillər piyada yeriyən adam sürəti ilə irəliləyirdilər. Amma belə görünürdü ki, heç kəs bu paradın bitməsini istəmir. Minlərlə avtomobil Azneft meydanı dairəsindən dövrə vurub yenidən tıxaca qayıdırdı.

Möhtəşəm gün idi – hər kəsin bitməsini istəmədiyi gün.

Həmin gündən bir il keçib. Sonra baş verənlər göstərdi ki, biz məhz uzun çəkən, hələ də davam edən gündəyik. O günün adı 8 Noyabrdır. O hələ də davam edir. Bir ildir ki, biz 8 Noyabr coşqusunun içindəyik. 2020-ci ilin noyabrından ta bu günə - 2021-ci ilin bu gününə qədər davam edən vaxt kəsiyi bizim üçün bir gündür, eləcə 8 Noyabrdır.

32.jpg (91 KB)

Zəfər gününüz, Şuşa gününüz, 8 Noyabrınız mübarək olsun, əziz həmvətənlər.

Bu günü bizə bəxş edən şəhidlərə, qazilərə, bütün döyüşən oğul və qızlara ömür boyu minnətdar olacağıq. Biz də, gələcək nəsillər də.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam