Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TÜRKİYƏDƏKİ QƏNAƏT, BİZDƏKİ XƏCALƏT... - Dövlət qurumları üçün “Qənaət Paketi” Azərbaycanda da qəbul edilə bilərmi?

Rusiyanın başlatdığı işğalçılıq müharibəsi səbəbindən bütünlükdə dünya iqtisadiyyatının hazırda yaşadığı çətinliklər, inflyasiya, gəlirlərin azalması və s. fonunda ayrı-ayrı ölkələrdə dövlət xərclərinin optimallaşdırılması, izafi xərclərə, israfçılığa yol verilməməsi istiqamətində ciddi addımlar atılır. Yenixeber.org: İqtisadiyyatı kifayət qədər ağır günlər yaşayan qardaş Türkiyə də bu sarıdan istisna təşkil etmir.

Ötən gün Türkiyədə vitse-prezident Cevdet Yılmazla Maliyyə naziri Mehmet Şimşək dövlət qurumları üçün tətbiq olunması nəzərdə tutulan “Qənaət və səmərəlilik Paketi”ni təqdim ediblər. Bu addım büdcə vəsaitlərinə qənaət məqsədi daşıyır və Türkiyədə ilk belə təşəbbüs deyil.

Qarşıdan gələn üç il üçün nəzərdə tutulan yeni paketə əsasən:

-bu müddət ərzində təcili tibbi yardım, müdafiə və təhlükəsizlik kimi sahələrdə məcburi ehtiyaclar istisna olmaqla, dövlət müəssisələrində yeni nəqliyyat vasitələrinin alınması və icarəsi dayandırılacaq, xarici nəqliyyat vasitələrinin istifadəsi qadağan ediləcək, artıq avtomobillər satışa çıxarılacaq;

-ictimai nəqliyyatın mövcud olduğu yerlərdə personalın servis xidməti ləğv ediləcək;

-dövlət strukturları üçün nəzərdə tutulan yeni tikililərin alınması və tikintisi dayandırılacaq;

-yeni binaların icarəsinə icazə verilməyəcək və mövcud icarələri tədricən ləğv ediləcək;

-dövlət müəssisələrinin idarə heyətlərinin maaşları məhdudlaşdırılacaq, mal və xidmətlərin satın alınması üzrə vəsaitlər 10 faiz, investisiya ayırmaları isə 15 faiz azaldılacaq;

- dövlət qurumlarının ştat vahidləri sabit saxlanacaq, yalnız işdən ayrılanların yerinə yeni işçilər götürüləcək;

-beynəlxalq görüşlər və milli bayramlar istisna olmaqla, böyük tədbirlər təşkil edilməyəcək, xarici ezamiyyətlər minimuma endiriləcək və sair.

Göründüyü kimi, Azərbaycanın dövlət idarəçiliyi aparatı üçün nümunə götürüləcək sənəddir. Ölkəmizin uzun illərdir ki, bu cür qənaət tədbirlərinə böyük ehtiyacı var. Çünki xalqın təbii sərvətləri və vergiləri hesabına doldurulan dövlət büdcəsi nazirliklər və digər dövlət qurumlarının, onlara rəhbərlik edən məmur kontingentinin lyuks şəraitini təmin edən izafi xərclərin, israfçılığın ağırlığı altında inildəyir.

Zatən dövlət qurumlarının tenderlərinin böyük əksəriyyəti əsl büdcə talançılığı mənbəyinə çevrilib. Ancaq bu da azmış kimi, məmurların lyuks iş və yaşayış şəraitinin təminatı üçün onların xidməti maşınlarından tutmuş kabinetlərinin mebelinə, bina tikintisinə, icarəsinə və s. külli miqdarda büdcə vəsaiti xərclənir.

Azərbaycandakı nazirliklərin, komitələrin, agentliklərin və digər dövlət idarələrinin qarşısı dünyanın ən bahalı avtomobil brendləri sərgisini xatırladır. Burada “Mersedes”, “BMV”, “Audi” və digər avtomobil markalrının əsasən də “AA”, “AS” və digər seriyalı ən bahalı, ən son modellərinə rast gələ bilərsizinz. Belə xidməti avtomobillərin birinin qiyməti 100 minlərlə dollarla hesablanır. Ahıl vətəndaşı yaşa görə cəmi 220 manat müavinət alan ölkənin naziri, komitə sədri, idarə rəisi və s. də bu maşınlara minəndə əlbəttə ki, heç bir xəcalət hissi keçirmir – varlı neft ölkəsinin iri məmurunun xidməti avtomobili necə olmalıdır ki?

Türkiyədə təqdim edilən qənaət paketindən göründüyü kimi, qənaət edilməli olan xərc maddələrində dövlət qurumlarının ofislərinin tikintisi və icarə haqqı, eləcə də ayrı-ayrı tədbirlərə xərclənən vəsaitlər xüsusi yer tutur. Bunlar Azərbaycan büdcəsi üçün də olduqca ağrılı maddələrdir. Neft Fondunun, hazırda tikilməkdə olan Dövlət Gömrük Komitəsinin (DGK) yeni binasının, bir sıra nazirlik və komitələrin dəbdəbəli binalarının tikintisinə xərclənən vəsaitlərə nəzər yetirmək kifayətdir ki, bu sahədəki vəziyyəti anlamaq mümkün olsun.

Yaxud, əhaliyə “uşaq pulu” verilməsinin əleyhdarı olan, pensiyaların kəsməsilə “fəxr edən”, əlillərin və yoxsul təbəqənin böyük hissəsinin süründürməçiliyindən və ədalətsizliyindən şikayət etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünün ayrı-ayrı qurumlarının ofis icarə haqlarına gələndə nə qədər “əliaçıq” olduğunu görə bilərsiniz. Kasıba 100 manat artıq pul ödəməyə əli gəlməyən nazirlik hər il icarə haqlarına milyonlar xərcləyir.

Ötən illərdə Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi üçün "Macaz Construction” MMC-dən icarəyə götürülən 2300 kv. metr qeyri-yaşayış sahəsinin cəmi 6 aylıq icarəsinə 744 min manat ödənilib.

Sonradan mətbuat yazdı ki, həmin "Macaz Construction” MMC Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlova aiddir.

Yaxud, bu il nazirliyin nəzdindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyri-yaşayış sahəsini 320 min manata icarəyə götürüb və sair.

Əlbəttə ki, bütün bunlar təkcə sözügedən nazirliyə aid deyil. Ayrı-ayrı obyektləri tikib dövlət qurumlarına olduqca baha qiymətə icarəyə vermək Azərbaycanda uzun illərdir məmur-biznesmenlərin qazanc yerinə çevrilib. Bu zaman əlbəttə ki, onların şəxsi əlaqələri və imkanları, eləcə də “əl əli yuyar, əl də üzü” prinsipi əhəmiyyətli rol oyanyır...

Həmçinin, dövlət qurumlarının - nazirliklərin, komitələrin, agentliklərin, hətta universitelərin ayrı-ayrı mənasız tədbirlər, konfranslar keçirməsi, yaxud rəhbər heyətə aid şəxsləri müxtəlif ölkələrə beynəlxalq tədbirlərə ezamiyyət adı altında kefə göndərib milyonlar silməsi də büdcə üçün başqa bir bəladır...

Əgər hesablayan olsa, ölkədəki nazirliklərin, icra hakimiyyətlərinin, digər dövlət qurumlarının idarəetmə aparatındakı xidməti avtomobillərin, kabinetlərindəki bahalı mebellərin qiymətinin, tədbir, konfrans, ezamiyyət və s. xərclərinin ümumi həcminin 10 milyonlarla, bəlkə də 100 milyonlarla dolları aşdığını görərsiniz. 

Bütün bunlardan çıxış edərək, Türkiyədə qəbul edilən qənaət paketinə bənzər sənədin Azərbaycanda da qəbulu arzuolunandır. Lakin təcrübə göstərir ki, nazirlik və idarələrin büdcədən oğurladıqları, müxtəlif korrupsiya sxemləri ilə qazandıqları vəsaitlər azmış kimi, bir də öz komfortları xatirinə büdcəni tar-mar etmək hüququ da toxunulmazdır...(Azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam