Mərkəz rəhbəri: “Radikallar uğur qazana, küçələrə on minlərlə ermənini çıxara bilmirlər. Paşinyan da bunu bilir və arxayındır”
Yenixeber.org: Ermənistanda siyasi çalxalanmalar davam edir. Azərbaycanla sərhədlərin delimitasiya-demarkasiyasına, Qazağın işğalda olan 4 kəndinin qaytarılmasına etiraz edənlər İrəvana yürüş ediblər. Yürüşə başçılığı keşiş Baqrat Qaltsyan etsə də, analitiklər hesab edirlər ki, bunun arxasında Rusiyaya bağlı radikal müxalifət qüvvələri dayanır.
Dünən İrəvanda mərkəzi meydanda keşişin rəhbərlik etdiyi etiraz mitinqinə 20 minə yaxın etirazçı toplaşıb. Onlar Azərbaycanla sərhədlərin delmitasiya prosesinə, 4 kəndin qaytarılmasına etiraz ediblər. Keşiş əhalini bütün mümkün yerlərdə itaətsizlik aksiyasına çağırıb. Həmçinin bildirib ki, Milli Assambleyada (parlament) Baş nair Nikol Paşinyanın impinçment prosesdurunun başladılmasına çalışacaq.
Bu günlərdə Paşinyan keçirdiyi mətbuat konfransında etirazlara münasibət bildirərkən demişdi ki, “aksiya edənlərin məqsədi bəllidir, onlar hakimiyyət çevrilişi etmək istəyirlər və bunun arxasında xarici qüvvələr dayanır”. Baş nazir onu da qeyd etmişdi ki, bu etirazlar delimitasiya prosesini dayandırmayacaq və onun tutduğu siyasi kurs davam edəcək.
Ekspertlər hesab edirlər ki, bu etirazçı qüvvə ilə hakimiyyəti devirmək mümkün deyil. Çünki Paşinyanın komandası monolitdir, bütün dövlət institutları, əhalinin əhəmiyyətli hissəsi hakimiyyətin siyasətini dəstəkləyir. Vurğulanır ki, son illərdə ölkənin Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidməti xeyli gücləndirilib. Müxalifət güc yoluna əl atsa, dərhal güc tətbiq ediləcək və keşiş başda olmaqla hərəkatın liderləri həbs olunacaqlar.
Baş verənlərlə bağlı suallarımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyib ki, xaricdən idarə olunan etirazçıların Paşinyanı devirmək gücü yoxdur:
- Paşinyan mətbuat konfransında açıq şəkildə bildirdi ki, etirazların arxasında xarici qüvvə dayanır. Birinin adını çəkdi, hansı ki, bu şəxs Paşinyanın hakimiyyəti dövründə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olub. Dedi ki, hökumətin əlində bu barədə məlumatlar var. Paşinyan xarici qüvvələr dedikdə daha çox Rusiyanı nəzərdə tutur. İnanmıram ki, keçmiş milli təhlükəsizlik naziri Qərbə “işləsin”. Belə olsaydı, Paşinyan bunu açıq səsləndirməzdi. Çünki bu gün ABŞ da, Fransa da onun hakimiyyətinin yaxın dostudur. Çox güman ki, Paşinyan Moskvanı nəzərdə tutur və məncə, dediklərində haqlıdır. Moskva Paşinyana növbəti dəfə “tələ” qurub. Bu dəfə prosesə keşişi də qoşublar. Amma Rusiyanın dəstəklədiyi müxaliflər bu müddətdə Paşinyanı devirə bilməyiblər, bunu bacarmayacaqlar da. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Paşinyanı devirmək üçün münbit şərait yaranmışdı, amma müxaliflər meydana 3-5 mindən artıq adam yığa bilmədilər. İndi etirazçılar gəlib İrəvana çatıblar. Əvvəl əyalətdə 30-40 nəfər küçələrə çıxırdı ki, bununla hakimiyyəti devirmək mümkünsüz göründü. Keşiş də başda olmaqla İrəvanda keçirilən mitinq də sönük görünür.
- Hər halda müxalif qüvvələr anlamamış deyillər ki, bu taktika ilə Paşinyanı devirmək mümkün deyil. O zaman niyə dirəniş göstərirlər?
- Bu qüvvələr vaxtilə Paşinyanın etdiyini etmək istəyirlər, bir növ onu yamsılayırlar. Düşünürlər ki, Paşinyan hakimiyyətə necə gəlmişdisə, o cür hakimiyyətə gələ bilərlər. 2018-ci ildə Paşinyan Sarkisyan rejiminə qarşı xalqı cəmlədi, yürüş təşkil etdi və insanlar da bu yürüşə qoşuldular. Paşinyanın ətrafına on minlərlə etirazçı toplaşmışdı, indiki müxaliflərin ətrafında on minlər cəmlənmir axı. Ona görə də revanşist düşüncəli radikal müxaliflərin özləri pis vəziyyətdə qalacaqlar. Əlbəttə, yəqin ki, bunu anlayırlar. Amma ümidləri də tam bitməyib. Lap tutaq ki, İrəvanda çadır qurdular, üç gün də etiraz etdilər, sonra nə olacaq?! İnsanlar onlara qoşulmayacaqlar. Erməni cəmiyyəti məğlub Paşinyana 70 faizdən çox səs verib hakimiyyətdə saxlayıb. Demək ki, Paşinyanın kursunu xalqın əksər kəsimi dəstəkləyir. Dolayısı ilə sülh kursunu dəstəkləyir.
- Bu etirazlar sülh prosesinə hansı təsirləri göstərə bilər?
- Məncə, o qədər də təsiri olmayacaq. Ermənilər anlayır ki, Azərbaycanla sülh sazişinin imzalanması tək çıxış yoludur. Paşinyan dünən də cəmiyyətə dedi ki, sülhün alternativi müharibədir. Ermənistan, erməni cəmiyyəti müharibə istəyirmi? Əlbəttə, istəmir. O demək deyil ki, ermənilər Azərbaycanla sülhü cani-dildən istəyirlər, yox. Sadəcə Azərbaycanın güclü olduğunu, növbəti müharibədə ölkələrini tamamilə itirəcəklərini anlayırlar. Bunu həm Ermənistan hakimiyyəti, həm də cəmiyyət başa düşür. Bu səbəbdən də müharibə tərəfdarı olan azsaylı radikalların, revanşistlərin etiraz aksiyalarına ümumxalq dəstəyinin olacağı gözlənilən deyil. Paşinyan bir daha bəyan etdi ki, Azərbaycanla delimitasiya-demarkasiya işləri dayanmayacaq, etirazlara məhəl qoyulmayacaq.
Ermənistanda parlament seçkiləri 2026-cı ildə keçiriləcək. Onadək yəqin ki, Paşinyan hakimiyyətdə qalacaq və sülh məsələsi həllini tapacaq. Ümumiyyətlə, sabah seçkilər olsa, yenə də Paşinyan komandası qalib gələcək. Düzdür, Paşinyanın reytinqi aşağı düşüb, amma müxalifətin reytinqindən yüksəkdir. Ona görə də radikallar uğur qazana bilmirlər, küçələrə on minlərlə ermənini çıxara bilmirlər. Paşinyan da bunu bilir və arxayındır. Proses isə gedir, sülh danışıqları davam edir.
- Nazirlərin Almatıda keçiriləcək görüşü nəzərdə tutursunuz?
- Bəli, o da var. Amma ümumiyyətlə, danışıqlar davam etməkdədir. Azərbaycanın sülh təklifləri paketinə bir neçə dəfə düzəliş olunub, göndərilib. Səhv etmirəmsə, onlayn təmaslar da mövcuddur. Qarşıdakı günlərdə nazirlərin görüşü olacaq, detallar müzakirə ediləcək. Danışıqlar iki istiqamətdə getməkdədir. Birincisi, delimitasiya və demarkasiya məsələləri üzrə komissiyaların işidir, hazırda bu işlər görülür. Qazaxla sərhəddə demarkasiya prosesi davam etməkdədir. Bu istiqamətdə uğurlar var. Sərhədlər müəyyənləşir, dirəklər basdırılır, kəndlər qaytarılır. İkinci istiqamət isə sülh sazişinin mətni üzərində işlərdir. Düzdür, bu istiqamətdə ciddi uğurlar olmasa da, müsbət məqamlar da var. Hesab edirəm ki, Almatıdakı görüşdə uğur istiqamətində bir az da irəliləmək olar. Əsas məsələ odur ki, ərazi bütövlüyü tanınır, qəbul edilir. Bu gedişlə, ilin sonunadək sülh istiqamətində müsbət nəticə əldə oluna bilər.
- Paşinyan bəyan etdi ki, noyabr ayınadək sülh sazişinin imzalanması mümkündür...
- Bəli, bunu açıq şəkildə dedi. İkitərəfli, vasitəçisiz danışıqlar daha səmərəli nəticələr verir. Düşünürəm ki, noyabradək, Azərbaycanda keçiriləcək beynəlxalq COP29 tədbirinədək sülh və ya ən azından çərçivə sazişi imzalana bilər. Bu ehtimal böyükdür.
- Ümumiyyətlə, son vaxtlar Paşinyanın açıqlamaları konstruktivdir. Doğrudan da Paşinyan reallığı qəbul edir, yoxsa doğrudan da Azərbaycanın müharibəyə başlayacağından qorxur?
- İkinci Qarabağ müharibəsindən bir il, il yarım sonra Paşinyan reallıqları anlamağa başladı. Tez-tez Azərbaycan Prezidenti ilə görüşdü, Türkiyə ilə münasibətlər məsələləri müzakirə olundu. Paşinyan alternativlərə baxdı, gördü ki, iki alternativi var: Azərbaycan və Türkiyə ilə düşmənciliyin davamı və itkilər, bir də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, sabitlik, inkişaf. Ağlı başında olan ölkə lideri ikinci yolu seçər. Paşinyan doğru olaraq ikinci yolu seçib və o yoldan hələlik sapmır. Düzdür, bir az ləngimələr var, amma bu yolla gedir.(AYNA)