İcbari təhsil 16 yaşa qədər olacaq
Bu gün Bakıda Asiya İnkişaf Bankının (AİB) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ikigünlük regional təhsil konfransı öz işinə başlayıb.
"Xeberinfo.com": Məlumata görə, konfransda Azərbaycanda 12 illik orta təhsil sisteminə keçidlə bağlı müzakirələr aparılıb.
Konfrans zamanı biliklərə əsaslanan bazar iqtisadiyyatı üçün daha yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək məqsədilə ölkəmizin təhsil sistemi hərtərəfli təhlil olunub.
Ekspertlər Azərbaycanda bilik cəmiyyətinin qurulmasının əsas elementi olan 12 illik təhsil sistemi ilə bağlı təcrübə mübadiləsi aparıblar.
Tədbirdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Tuqu Haqaçaki deyib ki, təhsil ölkə üçün çox mühüm rol oynayır. "Yaponiya da üstünlüyü insan resurslarının irəliləməsinə verir. Çünki bu, milli məqsədlərə yardım edir. Bu sahədə Azərbaycan da öz təhsil sistemini gücləndirir və öz gücünü təhsil sahələrinə yönəldir".
Kanadanın uşaq və gənclər xidməti naziri müavinin köməkçisi Aryeh Giterman ölkəsində 12 illik təhsilə keçid və ondan sonra tətbiq edilən problemlər və imkanlardan danışıb.
"Ötən əsrin 80-ci illərində bizdə 13 illik təhsil tətbiq edilirdi. 13-cü il hər kəsə məcburi deyildi. Yalnız ali məktəbə hazırlaşanlar son bir ili təhsil alırdılar. Lakin bu heç də istədiyimiz nəticəni vermirdi. Apardığımız tədqiqatlar şagirdlərin 65%-in 13 il təhsil aldığını müşahidə etdik. Onların heç də hamısı ali təhsil almırdı. 1995-ci ildə hökumət dəyişəndə hökumətin əsas məqsədi 13 illik təhsilin ləğv edilməsi idi. 1998-ci ildən yeni sistem tətbiq edildi. Bunun əsas səbəbi əlavə xərclərlə bağlı idi. Bundan başqa, məzunların keyfiyyətində də fərq yox idi. Ona görə də bu yenilik tətbiq edildi, 15 ildən çox vaxt keçsə də, hələ də problemlərimiz var”.
Mərkəzi və Qərbi Asiya Departamentinin Dövlət İdarəçiliyi, Maliyyə və Ticarət sektorunun direktoru Betty Uilkinson 12 illik təhsil sistemi ilə bağlı müsbət fikirlərini bildirib. Onun sözlərinə görə, yeni təhsil sisteminin qurulmasında əsas məqsəd təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, təhsili hər kəs üçün əlçatan etməkdir. B.Uilkinson əlavə edib ki, 12 illik təhsil islahatları Azərbaycanda və Orta Asiyada dəstəklənməlidir.
Tədbirdə həmçinin qeyd edilib ki, Azərbaycan da yüksək ixtisaslı kadrların hazırlanmasını və təhsili bütün əhaliyə əlçatan etməklə ölkənin təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmağı planlaşdırır. Ölkənin 2020-ci ilə qədər Milli İnkişaf Strategiyasında 12 illik orta təhsilə keçid və şagirdlərin 16 yaşına qədər icbari təhsil müddəası yer alıb.