Azərbaycanda 16 yaşlı iki nəfər -müəllimliyə namizədliyini verib
2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə müraciət edən namizədlərin məlumatlarının statistik təhlili açıqlanıb.
Yenixeber.org: https://miq.edu.az/ sisteminə ümumilikdə 62 242 müraciət daxil olub.
Müraciət edənlərdən 1 559 nəfər elektronn ərizəsini təsdiq etməyib (natamam ərizə), 1 512 nəfərin isə elektron ərizəsinə daxil etdiyi məlumatlar müsabiqə şərtlərinə uyğun olmadığı üçün imtina verilib.
Ərizəsi qəbul edilən namizədlərin sayı 59 171 nəfərdir. Müsabiqə iştirakı uyğun olan namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərən və 3 ildən az müddətdə işdən ayrılan şəxslərdir ki, bu namizədlər DQ balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 153 nəfər namizəd isə müsabiqənin test imtahanı mərhələsinə dəvət olunacaq.
Test imtahanına dəvət ediləcək namizədlərin yaşa görə bölgüsünə gəlincə, bu rəqəm 16-63 yaş arası dəyişir. Yeni tədris ili üçün 2 nəfər 16 yaşlı, 7 nəfər 17 yaşlı, 131 nəfər isə 18 yaşlı namizəd test imtahanına dəvət ediləcək. Namizədlərin orta yaşı 29,4 yaşdır. Onlar arasında 23 yaşlı namizədlər üstünlük təşkil edir.
Test imtahanına dəvət ediləcək namizədlərin 8 870 (15 %) nəfəri kişi, 50 283 (85 %) nəfəri isə qadındır. Bundan başqa, test imtahanına dəvət ediləcək namizədlərin 56 303-nün (95 %) diplomu adi, 2 850-sinin isə fərqlənmə diplomu var. Test imtahanına dəvət ediləcək namizədlərin 270 nəfəri xarici dövlətlərin təhsil müəssisələrindən məzun olub. Test imtahanına dəvət ediləcək namizədlərin 19 965 nəfəri Bakıda yaşayanlardır.
Test imtahanına dəvət ediləcək namizədlərin 56 671 (96 %) nəfəri Azərbaycan, 2 482 (4 %) nəfəri isə rus bölməsi üzrədir. Ümumilikdə 12 181 nəfər ibtidai sinif müəllimliyi üzrə müraciət edib.